Bir məsələdə “şanslıyıq”. İllərdir ailələrə uşaqpulu verilməsə də, bu mövzuda müzakirələrimiz boldur. Hətta olmayan və perspektivdə olması da gözlənilməyən uşaqpulunun məbləği mövzusunda bir neçə il əvvəl iki müxalifət partiyası arasında qırğın da çıxmışdı. Biri demişdi, 100 manat olsun, o biri demişdi, bu məbləği səsləndirmək hökumətə yarınmaqdır və sair. Təsəvvür edin, uşaqpulu yoxdur, uşaqpulununnn “u”su belə yoxdur, amma o partiyaların funksionerləri bir-birlərində üz qoymadılar, abır saxlamadılar. İndi də deputat Günay Ağamalının tənbəllik və uşaqpulu arasında apardığı unikal paralel. Zarafat bir tərəfə, onsuz da uşaqpulunun verilməyəcəyi gün kimi aydındır. Bu deputatlar özlərini niyə söyüş yiyəsi edirlər axı? Mən onu anlamıram.
Bəzən də anlayıram. Çünki bəzi deputatlar, rəsmi qurumların sözçüləri, hətta qosqoca jurnalistlər belə ildırımötürücü funksiyasını daşımaq istəyirlər. Yəni, özlərini hökumətin qabağında sipər edirlər ki, ağbirçəklərin sözü ilə desək, “sənə gələn mənə gəlsin” mesajını versinlər. O dəfə də biri deyirdi ki, bəzi yerlərə metro çəkilməməlidi, yoxsa camaat şəhərə ayaq açar. Təsəvvür edirsiz? İllər əvvəl “taksinin qiyməti ucuz olsa, hamı taksiyə minəcək. Kasıblar niyə taksiyə minsin ki?” deyən bir məmur da vardı. Elə o uğursuz, amma səmimi (çünki həqiqətən də elə düşünürdü) açıqlamasına görə işdən çıxarıldı. “Müəllim dolana bilmirsə, soğan satsın” deyən deputatımız belə olub, maşallah. Belə məsəllər bəs deyincədir. Çırmanıb düşürlər ortaya, özlərini hökumət üçün sipər edirlər, amma ara yerdə xalqı təhqir edirlər.
Amma heç özləri özlərinə sual vermirlər ki, uşaqpulu alacağı halda xalqın tənbəlləşəcəyini deyəndə heç özlərinin aldıqları böyük məbləğdə maaşın onları belə arxayınlaşdırdığı, ya da xalq üçün heç nə etmədiklərinin fərqindədilər? Maksimum 100 manatlıq uşaqpulu ilə bir ailə necə tənbəlləşə bilər? Tutaq ki, ailədə 2 uşaq var və buna görə onlara hər ay 200 manat uşaqpulu verilə bilər. 200 manatla tənbəlləşən valideyn təsəvvür edirsiz? Ətin kilosu 23 manat, yağınkı 25 manat, kommunal xərclər kəllə-çarxda... Yetim valideyn necə tənbəlləşsin, arxayınlaşsın?
Doğrudanmı bunu deyəndə statistika heç kimin yadına düşmür? Axı 2025-ci il uşaq doğumuna görə son illərin ən aşağı göstəricili ili sayılır. Ailələr uşağı evin, ailənin sevinci hesab etsələr də, onun baxımının ciddi bir maddi güc tələb etdiyini də bilirlər. Uşağını müalicə edə bilmədiyi, ailəsini dolandırmaqda əziyyət çəkdiyi üçün dağılan nə qədər ailə var, xəbəriniz varmı? Kiçik də olsa, bir nəfəslik olmazmı bu uşaqpulu? Məktəb yaşlı uşaqları olan ailələr o pulla heç olmasa 1, maksimum 2 müəllimin hazırlıq pulunu ödəməzlərmi? Qəsəbələrdə ailələr tanıyıram ki, 200-250 manatlıq kirayə pulunu belə ödəyə bilmir. Evinə sonuncu dəfə nə zaman ət alıb, bilinməz. Bir dodaq boyasının, bir çantasının qiyməti bir ailənin aylıq ərzaq xərclərindən də çox olan insanların bunu anlaya bilməməsi o qədər təbiidir ki...
Toxun acdan heç bir zaman xəbəri olmur. Hərdən insanda elə bir təəssürat yaranır ki, ölkədəki kasıblar yüksək təbəqənin bəzi nümayəndələrində qıcıq doğurur. Sanki kasıblıq bu insanların anadangəlmə qüsuruymuş kimi. Halbuki ölkədə savadlı, qabiliyyətli o qədər insan var ki, ya işsizdir, ya da haqq etmədiyi yerdədir.
Bu gün ölkədə qəbul imtahanları keçirilirdi. Mən də abituriyent anası olaraq o imtahanın keçirildiyi məktəblərdən birinin qarşısında idim. Sonunu bildiyimiz filmi izləmək kimi idi. Hamımız, bütün valideynlər səmimi şəkildə həyəcanlı idi. Uşaqlarının imtahanı necə verəcəyi, bundan sonra hansı ali məktəbdə düşəcəyi günün ən vacib sualı idi. Bəs sonra? O diplomu alandan sonra...nələr olacağını aşağı-yuxarı təxmin edirdik, elə ali məktəblərimizdəki elmin səviyyəsini də. Amma dedim axı, sonunu bildiyimiz filmi izləmək kimidir. Bəzən də ucuz fəlsəfədən imdad diləmək lazımdır. Sonunda ölüm olacağını bildiyimiz həyatı bu qədər həvəslə yaşamaq nəyə lazım? Eləcə də bu. Hər şey sizin üçündür. Siz tənbəlləşməyin deyə... Siz qoçaq olun, bütün gün nəfəsiniz kəsilənə qədər işləyin deyə. Boş dayananı Allah da sevməz...






