Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib. Bu, Dunkan Normandır. “Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri təyinatımı qəbul etməkdən qürur duyuram. Azərbaycanla ikitərəfli münasibətlərimizi inkişaf etdirməyi və tərəfdaşlığımızı dərinləşdirmək üçün ortaq prioritetlərimiz üzrə vacib işləri davam etdirməyi səbirsizliklə gözləyirəm", - yeni təyin olunmuş səfir sosial media səhifəsində yazıb.
Bəllidir ki, ABŞ-nin Bakıdakı səfir postu Tramp hakimiyyətə qayıdandan - ikinci ildir boşdur.
Bəs Birləşmiş Ştatlar nə vaxt hərəkətə gələcək? Gecikmə daha nə qədər sürəcək?
Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, hazırda hər üç Cənubi Qafqaz ölkəsində Amerika səfirliyi olsa da, səfirləri yoxdur. Onun sözlərinə görə, Birləşmiş Ştatlarda bu prosedur vaxt tələb edir: "Çünki Senatın təsdiqi olmalıdır. Ona görə təkcə Azərbaycan deyil, digər iki qonşumuz da amerikalı səfirlərin təyinatını gözləyir. Güman edirəm ki, Tramp dönəmində bu məsələ tezləşəcək. Sadəcə, görünür ki, Senatda buna əngəl olan qüvvələr də var. Amma Tramp kimi qətiyyətli liderin namizədinə hər hansı etirazın keçərli olacağını gözləmirəm. Biz inanırıq ki, inkişaf etməkdə olan münasibətlərimiz dövründə səfir də təyin olunacaq. Trampın Azərbaycana xüsusi rəğbəti və hörməti var. Eyni zamanda, dövlət katibi Rubio da Azərbaycan rəhbərliyi ilə xoş münasibətlərə malikdir. Ona görə Dövlət Departamenti səfir namizədini yaxın aylarda irəli sürə bilər".

E.Musayev qeyd edib ki, hazırda ABŞ-nin başı Yaxın Şərq hadisələrinə qarışıb: "Ona görə də bu məsələ aktuallıq cəhətdən ön sıralarda olmaya bilər. Təbii ki, Azərbaycan gözləmə mövqeyindədir. Biz yeni səfirlə əlaqələr sayəsində əməkdaşlığı daha da inkişaf etdirmək istəyirik. Yəni mən burada hansısa xoşagəlməz səbəb axtarmıram. Əgər Bayden dövrü olsaydı, bunu ermənipərəst siyasətlə əlaqələndirmək olardı. İndi isə Tramp administrasiyası ilə yüksk səviyyədə münasibət qurulub, ABŞ lideri cənab Prezidentə xüsusi hörmət və ehtiramını bildirir. Bu mənada səfir təyinatında gecikmənin siyasi yox, texniki bir məsələ olduğunu düşünürəm. Məncə, Ermənistan və Gürcüstana da səfir təyinatında yubanmanın səbəbi Cənubi Qafqaza vahid bir baxışdan irəli gəlir".
Emil Salamoğlu
Musavat.com






