Polşa hakimiyyəti ABŞ-dən ölkədə daimi Amerika hərbi bazası yaratmağı xahiş edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, təklif hərbi nazir Pit Heqsetə göndərilib. Amerikalıların Avropadakı hərbi mövcudluğunu azaltmaq üzrə olduqları barədə məlumatlara baxmayaraq, Polşa hakimiyyəti ABŞ ilə müdafiə əlaqələrini gücləndirməyə ümid edir. Polşalılar inanırlar ki, Rusiya-Ukrayna münaqişəsi fonunda ölkənin təhlükəsizliyinə Avropa müttəfiqləri deyil, ABŞ etibarlı zəmanət verə bilər.
Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış Polşanın xahişini açıqlayıb. Milli Təhlükəsizlik Bürosunun rəhbəri Bartoş Qrodetski ilə ABŞ-nin Polşadakı səfiri Tom Rouz arasında da görüş keçirilib.
Kosinyak-Kamış mətbuat konfransında bildirib ki, Varşava ölkədə Amerika hərbi mövcudluğunu genişləndirmək üçün "mümkün olan hər şeyi edəcək". Polşa müdafiə naziri vurğulayıb ki, ABŞ-nin Polşanın təhlükəsizliyindəki iştirakı azalmır - əksinə, hətta arta bilər. Ölkə hakimiyyəti ABŞ prezidenti Donald Trampın Polşaya 5000 əsgər göndərmək qərarından sonra Amerika hərbi kontingentini artırmaq üçün fürsət görüb.
Polşa müdafiə nazirinin sözlərinə görə, ölkəsinin təhlükəsizliyi "güclü ordu, güclü cəmiyyət və güclü ittifaqlar" tərəfindən təmin ediləcək. ABŞ və Polşa hələlik heç bir konkret razılaşma əldə etməsə də, Varşava ölkədə daimi Amerika hərbi bazasının yaradılması ehtimalını yüksək qiymətləndirir. Trampın Polşanı "nümunəvi müttəfiq" adlandırması təəccüblü deyil. Bu, digər Avropa ölkələri ilə münasibətlərin pisləşməsi fonunda baş verir.
Musavat.com






