İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidanın Qətər səfərinin şok pərdəarxası - Yaxın Şərqdə yeni oyun başlayır...

706 20.07.2026 22:12 Dünya A A

Yaxın Şərqdə yenidən artan gərginlik, İran ətrafında dəyişən hərbi-siyasi vəziyyət və Körfəz ölkələrinin təhlükəsizlik gündəliyi fonunda Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qətərə son səfəri xüsusi diqqət çəkir. Ankara ilə Doha arasında strateji tərəfdaşlığın növbəti dəfə ən yüksək səviyyədə müzakirə olunduğu görüşlər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də bölgədə formalaşan yeni geosiyasi mənzərənin dəyərləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Səfər çərçivəsində Hakan Fidan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, eləcə də Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşərək regional təhlükəsizlik, Yaxın Şərqdəki son proseslər, diplomatik koordinasiya və Türkiyə-Qətər strateji əməkdaşlığının gələcək istiqamətlərini müzakirə edib. Rəsmi açıqlamalarda xüsusilə bölgədə gərginliyin azaldılması, sabitliyin qorunması və iki ölkə arasında siyasi koordinasiyanın daha da gücləndirilməsi ön plana çıxarılıb.

Hakan Fidanın Dohaya səfəri hansı mesajları ehtiva edir? Ankara və Doha bölgədə yeni diplomatik təşəbbüslərə hazırlaşır? Türkiyə Qətər vasitəsilə Yaxın Şərqdə təsir imkanlarını daha da genişləndirməyə çalışır? Bu görüşlərin ABŞ-İran gərginliyi, Qəzza böhranı və Körfəzdə təhlükəsizlik balansına mümkün təsirləri nədən ibarət ola bilər?

sona.jpg (140 KB)

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, Yaxın Şərqdə geosiyasi balansın yenidən formalaşdığı, İran ətrafında təhlükəsizlik risklərinin artdığı, Qəzza böhranının isə hələ də regionun əsas gündəmi olaraq qaldığı bir vaxtda Türkiyənin xarici işlər naziri Hakan Fidanın Dohaya səfəri daha çox Ankara və Dohanın bölgədə sürətlə dəyişən proseslərə ortaq baxış formalaşdırmaq cəhdinin tərkib hissəsi kimi görünür: "Hakan Fidanın Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və Baş nazir, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə keçirdiyi görüşlər göstərir ki, Türkiyə və Qətər artıq yalnız ikitərəfli münasibətləri inkişaf etdirən tərəfdaşlar deyil, eyni zamanda regional proseslərə təsir göstərmək imkanına malik siyasi aktorlar kimi çıxış etməyə çalışırlar. Son illərdə formalaşan Ankara-Doha xətti Yaxın Şərqdə ən dayanıqlı və institusional əməkdaşlıq modellərindən birinə çevrilib. Bu əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, hərbi təhlükəsizlik, enerji, investisiya, müdafiə sənayesi və regional diplomatiya kimi strateji istiqamətləri də əhatə edir. Səfərin zamanlaması xüsusilə diqqət çəkir. Çünki hazırda regionda bir neçə paralel proses eyni vaxtda cərəyan edir. Bir tərəfdən ABŞ və İran arasında münasibətlərdə qeyri-müəyyənlik qalmaqdadır. Digər tərəfdən Qəzza böhranı ətrafında aparılan danışıqlar hələ də yekun nəticə verməyib. Eyni zamanda Körfəz ölkələri mümkün yeni təhlükəsizlik risklərinə qarşı öz mövqelərini yenidən müəyyənləşdirməyə çalışırlar. Belə bir şəraitdə Ankara ilə Doha arasında intensiv məsləhətləşmələrin aparılması təsadüfi deyil. Həmçinin, bu səfərin ən mühüm mesajlarından biri ondan ibarətdir ki, Türkiyə və Qətər bölgədə yeni hərbi qarşıdurmaların yaranmasında maraqlı deyillər. Əksinə, hər iki ölkə son illərdə diplomatik vasitəçilik imkanlarını artırmağa çalışır. Məhz buna görə də Ankara və Doha Yaxın Şərqdə böhranların hərbi deyil, siyasi dialoq və vasitəçilik mexanizmləri vasitəsilə həll olunmasının tərəfdarı kimi çıxış edir. Türkiyə üçün Qətər sadəcə dost və müttəfiq ölkə deyil. Doha Ankaranın Körfəzdəki ən mühüm strateji tərəfdaşı olmaqla yanaşı, regionun müxtəlif siyasi mərkəzləri ilə əlaqə qurmaq üçün vacib platformadır. Qətərin İranla dialoq imkanları, ABŞ ilə yaxın münasibətləri və bir sıra regional məsələlərdə vasitəçi statusu Türkiyənin diplomatik manevr imkanlarını genişləndirən amillər sırasındadır. Bu səbəbdən Ankara Qətərlə münasibətlərə yalnız ikitərəfli əməkdaşlıq prizmasından yanaşmır, onu regional siyasətin vacib elementlərindən biri kimi qiymətləndirir. Digər mühüm məqam isə Qəzza məsələsidir. Türkiyə və Qətər son illərdə Fələstin məsələsində ən fəal diplomatik mövqe nümayiş etdirən ölkələr sırasında yer alıblar. Hər iki ölkə atəşkəs təşəbbüslərinin irəli sürülməsi, humanitar yardımın artırılması və siyasi həll mexanizmlərinin qorunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Buna görə də Dohadakı görüşlərdə Qəzza ətrafında yaranmış vəziyyətin geniş müzakirə olunması gözlənilən idi. ABŞ-İran münasibətləri fonunda isə Ankara və Dohanın ortaq marağı regionda nəzarətdən çıxan eskalasiyanın qarşısının alınmasıdır. Çünki İran ətrafında yaranacaq yeni hərbi böhran ilk növbədə Körfəz ölkələrinin təhlükəsizliyinə, enerji ixracına, beynəlxalq ticarət marşrutlarına və qlobal enerji bazarlarına təsir göstərə bilər. Bu mənada Türkiyə və Qətər özlərini qarşıdurmanın tərəfi kimi deyil, mümkün riskləri minimuma endirməyə çalışan regional aktorlar kimi təqdim etməyə çalışırlar. Türkiyənin Qətər vasitəsilə bölgədə təsir imkanlarını genişləndirməsi barədə fikirlər müəyyən qədər əsaslı görünür. Lakin prosesə yalnız təsir dairəsinin genişləndirilməsi prizmasından baxmaq düzgün olmazdı. Burada daha çox qarşılıqlı strateji maraqların uzlaşdırılmasından söhbət gedir. Türkiyə hərbi və siyasi güc, Qətər isə maliyyə resursları və diplomatik əlaqələr şəbəkəsi təqdim edir. Bu model tərəflərin rəqabətindən deyil, imkanlarının birləşdirilməsindən formalaşır".

Siyasi təhlilçi qənaətinə görə, Hakan Fidanın Dohaya səfərinin əsas məqsədi mövcud regional böhranların fonunda Türkiyə–Qətər koordinasiyasını gücləndirmək, mümkün təhlükəsizlik risklərini əvvəlcədən qiymətləndirmək və bölgədə yeni diplomatik təşəbbüslər üçün zəmin formalaşdırmaqdır: "Bu gün Yaxın Şərqdə baş verən proseslər göstərir ki, artıq regional aktorlar hadisələrin arxasınca getmək deyil, hadisələrin istiqamətini müəyyənləşdirmək istəyirlər. Ankara və Doha arasında intensivləşən təmaslar da məhz bu reallığın göstəricisidir. Hazırkı mərhələdə Türkiyə-Qətər xətti yalnız ikitərəfli əməkdaşlıq modeli deyil, eyni zamanda Yaxın Şərqdə sabitlik, dialoq və regional təhlükəsizlik axtarışlarının mühüm siyasi platformalarından biri kimi çıxış edir".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR