ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşlarından Lin Bukanan iştirak etdiyi podkastda diqqətçəkən iddialar səsləndirib. O, dünyanın müxtəlif qitələrində yerləşən dörd böyük dağın altında uçan naməlum obyekt (UNO) təmir mərkəzləri və yadplanetli bazalarının fəaliyyət göstərdiyini irəli sürüb.
Keçmiş ABŞ Ordusu kəşfiyyat əməkdaşı olan Bukananın sözlərinə görə, Alyaska, Avstraliya, Zimbabve və Pireney dağlarında yeraltı yadplanetli obyektləri mövcuddur.
Böyük Britaniyanın “International Business Times” nəşrinin məlumatına görə, Bukanan Soyuq müharibə dövründə ABŞ-ın “uzaqdan müşahidə” (remote viewing) proqramlarında iştirak edib. Bu proqramlar insanların fiziki olaraq olmadıqları məkanları zehni üsullarla müşahidə edə bilməsi fərziyyəsinə əsaslanırdı.
Həmin tədqiqatlar sonradan MKİ ilə əlaqələndirilən “STARGATE” layihəsi çərçivəsində qiymətləndirilib.
Lakin proqram 1995-ci ildə aparılan rəsmi araşdırmalardan sonra etibarlı kəşfiyyat metodu hesab edilmədiyi üçün dayandırılıb. Elmi ictimaiyyət isə uzaqdan müşahidə konsepsiyasını uzun illərdir psevdobilim kimi qiymətləndirir.
Buna baxmayaraq, Bukanan müxtəlif müsahibə və konfranslarda bu təcrübələrin həqiqiliyini müdafiə etməyə davam edir.
Bukananın iddiasına görə, ən mühüm obyekt Alyaskadakı Heys dağı altında yerləşir. O bildirib ki, baza hazırda tam avtomatlaşdırılmış sistemlərlə fəaliyyət göstərir.
Keçmiş kəşfiyyatçı bu obyektin Yer kürəsindən məlumat və siqnallar toplamaq məqsədilə istifadə olunduğunu iddia edib.
“Orada müşahidə apardığım zaman heç bir personal görmədim. Sistemlər işləyirdi, lakin artıq əməkdaşlara ehtiyac yox idi”, deyə o bildirib.
Bukananın ikinci iddiası Avstraliyadakı Zeil dağı ilə bağlıdır. Onun sözlərinə görə, bu ərazi dost münasibətli yadplanetlilər üçün Yerə giriş nöqtəsi rolunu oynayır.
O, dağın altında çoxmərtəbəli komplekslər, eniş meydançaları və texniki xidmət emalatxanalarının yerləşdiyini iddia edib.
Bukanan həmçinin Zimbabvedəki Nyanqani dağının altında UNO-ların texniki baxış və təmirinin həyata keçirildiyi gizli obyekt olduğunu irəli sürüb.
Onun sözlərinə görə, bu ərazi ciddi şəkildə qorunur.
“Əgər həddindən artıq çox şey görsəniz, yoxa çıxa bilərsiniz”, deyə Bukanan bildirib.
Lakin o, bu iddianı təsdiqləyən heç bir sübut təqdim etməyib.
Fransa ilə İspaniya arasında yerləşən Pireney dağlarında olduğunu iddia etdiyi dördüncü obyekt barədə isə Bukanan hər hansı müşahidə aparmadığını etiraf edib.
Məqalədə qeyd olunur ki, mütəxəssislər Bukananın iddialarını dəstəkləyən heç bir fiziki sübutun olmadığını vurğulayırlar.
Onların fikrincə, adı çəkilən bölgələrdə yadplanetli bazalarının mövcudluğunu təsdiqləyən peyk görüntüləri, rəsmi sənədlər və ya təsdiqlənmiş texnoloji tapıntılar bu günədək ortaya çıxmayıb.
Qeyd edək ki, Lin Bukananın səsləndirdiyi iddialar şəxsi bəyanatlardır və hazırda onları təsdiqləyən elmi və ya rəsmi dəlillər mövcud deyil. Buna görə də məlumatlar ehtiyatla qiymətləndirilməlidir.//Demokrat.az






