Milli Məclisin bu gün keçirilən iclasında “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Musavat.com-un xəbərinə görə, layihə barədə komitə sədri Musa Quliyev məlumat verib.
Layihəyə əsasən, büdcə təşkilatları dövlət büdcəsi və icmal büdcənin zəruri məlumatlarını dövlət orqanına “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə təqdim edəcək. Həmçinin, qanun layihəsinə əsasən, bu qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan (qurum) tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi dedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdə tutulur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com






