İnsanlara hürriyət, millətlərə istiqlal!

Camal Quliyev ikiqat Ukrayna çempionu oldu - VİDEO

885 29.06.2026 10:31 İdman A A

Ukraynada yaşayan azərbaycanlı boksçu Camal Quliyev növbəti böyük uğuruna imza atıb. Soydaşımız ölkə çempionatında inamlı çıxışı ilə diqqət çəkərək ikinci dəfə Ukrayna çempionu adına layiq görülüb.

Musavat.com xəbər verir ki, Odessada keçirilən Ukrayna çempionatında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Camal Quliyev final görüşündə rəqibi Nikita Zaxarçenkonu məğlub edərək qızıl medal qazanıb və bununla da ikiqat Ukrayna çempionu adını rəsmiləşdirib.

Camal Quliyev qələbədən sonra Musavat.com-un Ukrayna üzrə xüsusi müxbiri Anar Natiqoğluna açıqlamasında yarışın kifayət qədər gərgin keçdiyini bildirib.

“Çempionat çox çətin keçdi. Güclü rəqiblərlə qarşılaşdım. Final döyüşü də asan olmadı. Qələbə qazandığım üçün çox sevinirəm. İndi əsas məqsədim qarşıdakı Avropa çempionatına daha ciddi hazırlaşmaqdır”, - deyə idmançı vurğulayıb.

Çempion əldə etdiyi uğurda əməyi olan hər kəsə minnətdarlığını da ifadə edib. O, məşqçilərinə, valideynlərinə, qardaşlarına və yarış boyunca ona dəstək verən hər kəsə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, hüquq təhsilli Camal Quliyev təkcə idman sahəsində deyil, ictimai fəaliyyəti ilə də tanınır. O, əslən Ağcabədi rayonundan olan iş adamı və xeyriyyəçi Şamil Quliyevin oğludur. Camal Quliyev eyni zamanda Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri fəaliyyət göstərən, həm Odessa sakinlərinə, həm də məcburi köçkünlərə humanitar yardım göstərən “Dopomoqa” Xeyriyyə Fondunun icraçı direktoru kimi geniş xeyriyyəçilik fəaliyyəti həyata keçirir.

Camal Quliyev indiyədək beynəlxalq arenada da mühüm nailiyyətlər qazanıb. O, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, eləcə də müxtəlif beynəlxalq turnirlərin qalibi olub.

Azərbaycanlı boksçu Ukraynanın əməkdar məşqçisi Nurəddin Əlibəylinin rəhbərlik etdiyi “Levşa” boks klubunun yetirməsidir. Mütəxəssislər Camal Quliyevin son uğurunu onun peşəkar hazırlığının və uzun illər davam edən zəhmətinin məntiqi nəticəsi kimi qiymətləndirirlər.

İkiqat Ukrayna çempionu olan Camal Quliyev indi diqqətini Avropa çempionatına yönəldib və bu mötəbər yarışda da uğurlu çıxış edərək Azərbaycan diasporunu və Ukraynada yaşayan soydaşlarını sevindirməyi hədəfləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR