İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Paşazadə elə məsələlərdən danışdı ki... – SENSASİON açıqlamalar və təkliflər

998 21.07.2026 13:39 Müsahibə A A

Çox maraqlı təsadüf oldu. Elə ilk sualla müsahibəyə başlayırdıq ki, günorta azanının - Zöhr namazının - sədaları yayıldı. Dini qaydalara və inanca görə ruhumuzu oxşayan azan sədalarının bitməsini gözlədik və daha sonra söhbətə başladıq.

Əvvəlki bölümdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Qüdrət Həsənquliyev və Cavanşir Paşazadənin Özbəkistan səfərindən, iki qardaş ölkə arasındakı münasibətlərdən və digər məsələlərdən bəhs etmişdik. (Link burada: https://musavat.com/news/azerbaycana-hec-bir-xeyri-deymeyenler-seyxin-deputat-qardasindan-ilginc-aciqlamalar_1276543.html)

Bu dəfə isə tamamilə fərqli məsələlər müzakirə predmeti oldu. O cümlədən bu günlərdə parlament rəhbərliyilə aparılmış Fələstin müzakirəsi ilə bağlı...

Həmsöhbətimiz, deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə yanaşı, Aqrar siyasət komitəsinin də üzvü olan Cavanşir Paşazadə elə maraqlı fikirlər və təkliflər söylədi ki...

WhatsApp Image 2026-07-21 at 13.30.06.jpeg (243 KB)

Müsahibəni təqdim edirik:

- Cavanşir bəy, Fələstinin baş naziri bu günlərdə Azərbaycana səfər etdi, həm Prezident, həm baş nazir, həm də parlament sədri ilə görüşdü. Milli Məclisdəki görüşdə siz də iştirak edirdiniz. Baxmayaraq ki, dövlət başçımız hər zaman Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həll olunmasının zəruriliyini bildirir və məsələnin sülh yolu ilə həllinə çağırır, amma bəzən ölkəmizə qarşı yersiz iddialar səsləndirilir. Fələstinin hökumət başçısının Azərbaycanla bağlı mövqeyi necə idi?

- Təbii ki, Fələstindən gəlmiş qonaqları qəbul edərkən xanım sədr Azərbaycanın dövlət başçısının mövqeyindən danışdı və cənab Prezidentin apardığı siyasətdən ətraflı bəhs etdi. Biz Fələstinə dəstək verərkən sülhə, xalqın mənafeyinə, dövlətin qorunmasına dəstək veririk. Təbii ki, biz müharibəyə qarşıyıq, müharibə istəmirik. Əlbəttə, bilirsiniz ki, xarici ölkələrdən də bir çox müdaxilələr var, bu məsələnin bitməməsi üçün təsirlər edilir. Həmin təzyiqlər, təsirlər bizə təəccüblü deyil. Çünki biz 25-30 il bu təzyiqləri  görmüşük və onun nəticələrini yaxşı bilirik. 44 günlük müharibə dönəmində cənab Prezidentin xarici ölkələrdən gələn jurnalistlərə verdiyi müsahibələr zamanı təmkinini pozmadan Azərbaycana qarşı aparılan yalanlar, böhtanlara tutarlı cavablar verirdi. Baxmayaraq ki, onların sırasında öyrədilmiş jurnalistlər də var idi və qeyri-obyektiv sualları ilə istəyirdilər ki, cənab Prezidenti hövsələdən çıxartsınlar. Buna baxmayaraq, cənab Prezident öz təmkinli mövqeyi, tutarlı arqumentləri ilə onların suallarını cavablandırırdı. Yəni biz ölkəmizə və dövlət başçımıza qarşı qərəzli, əsassız iddiaları əvvəllər də az görməmişik. Təbii ki, bir dövlət haqqında bu qədər böhtan danışanda belə qərəzli münasibət sülhü də bir az çətinləşdirir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti, Azərbaycanın dövlət başçısı sübut etdi ki, ədalətli mövqe hər şeydən üstündür. Hörmətli Sahibə xanım da Fələstinin baş naziri ilə görüşü zamanı demək olar ki, 30-35 dəqiqədən artıq müddətdə sülhdən, Azərbaycan dövlətinin Fələstin məsələsi ilə bağlı barışığa yönəlik siyasətindən və Fələstin xalqının dəstəyindən bəhs etdi.

- Bu arqumentlər Fələstin heyəti tərəfindən qəbul olundumu?

- Bəli, qəbul olundu. Azərbaycan dövlətindən razılıq ifadə olundu. Əgər bu razılıq olmasaydı, heç o, qonaq kimi ölkəmizə gəlməzdi, rəsmi səfər etməzdi. Təbii ki, bunlar hamısı Azərbaycan dövlətinin, dövlət başçısınına yürütdüyü siyasətin məntiqi nəticəsidir.

CAVANSİR SON.jpeg (291 KB)

- Parlamentin son sessiyalarının yekunları barədə sizin qənaətiniz necədir? Öz fəaliyyətinizdən razı qaldınızmı?

- Bəli, təbii ki. Hörmətli Sahibə xanım Qafarovanın rəhbərliyi ilə parlament çox fəal işlər aparır. Mən Aqrar siyasət komitəsinin  və İctimai birliklər və dini qurumlar komitəsinin üzvüyəm. Bu komitələrdə aparılan işlər, müzakirələrə təqdim olunan qanun layihələri göz qabağındadır. Kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatında çalışanların daha səmərəli və məhsuldar fəaliyyəti üçün çoxlu qanunlar qəbul olunub. Bu sahəyə subsidiyaların verilməsi, onlara geniş şəraitin yaradılması üçün çoxlu qanunlar qəbul olunub.

- Kənd təsərrüfatının inkişafı ilə bağlı Prezidentin də kifayət qədər tövsiyələri və tapşırıqları oldu sonuncu müşavirədə...

- Bəli, cənab Prezidentin də tapşırıqları, o iclasda ifadə olunan narazılıqlarla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi öz işində dönüş yaratmağa çalışır. Parlament rəhbərliyinin tövsiyəsilə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə biz parlamentarlar da öz sözlərimizi dedik, təkliflərimizi səsləndirdik. Xüsusilə də balıqçılıq sahəsində mövcud olan problemlərlə əlaqədar mən geniş çıxış etdim. Bu sahədə mövcud olan problemlər və işlərin bilinməyən tərəfləri barədə fikirlərimi bölüşdüm. Mən təklif də etdim ki, heç bir efir olmadan, ictimaiyyətə qapalı şəkildə bir dəyirmi masa keçirilsin, bu sahədəki vəziyyət qapalı müzakirə olunsun, kənd təsərrüfatı, aqrar sahə ilə bağlı bizim fikirlərimizi eşitsinlər. Çünki mən və mənim kimi şəxslərin, vaxtilə kənd təsərrüfatında çalışmış adamların müəyyən qədər təcrübələri var. O təcrübələrdən çıxış edərək fikirlərimizi bölüşmək, təkliflərimizi vermək istərdik. Təbii ki, təkliflərin qəbulu onlara qalıb, qəbul olunacaq, olunmayacaq deyə bilmərəm.

- Hələlik qapalı müzakirə təklifi də qəbul olunmayıb belə çıxır, eləmi?

- Yox, hələ olmayıb. Mən indi gözləyirəm ki, o qapalı müzakirə olsun. Özü də təkcə aqrar sahə ilə bağlı yox, bütün sahələrlə bağlı belə müzakirlər aparılmalıdır. Aqrar sahədə, iqtisadiyyatda, digər bütün vəziyyətlərdə belə dəyirmi masaların olması çox faydalı olar. Qoy efirdən kənar hər kəs sözünü desin, təkliflərini irəli sürsün, fərqi yoxdur, kim hansı mövqedən çıxış edir. Yetər ki, konkret sahələrlə bağlı hər kəsin fikrini öyrənək. Əgər 20 nəfərin fikri üst-üstə düşürsə, deməli, bu, həm də xalqın fikridir.

WhatsApp Image 2026-07-21 at 13.30.07.jpeg (174 KB)

- Bir deputat kimi məmurlardan razısınızmı? Ünvanladığınız suallarınıza, müraciətlərinizə zamanında cavab verilirmi?

- Mənim etdiyim müraciətlər ki var, hələlik o müraciətlərə bir o qədər də məhəl qoyulmur.

- Hətta sizə? Milli Məclisin deputatı və Şeyxin qardaşının müraciətinə?

- Məsələ Şeyxin qardaşı olmaqda deyil. O mənada demirəm ki, tamamilə məhəl qoyulmur. Yox. Məsələn, balıqçılıqla bağlı müzakirələrdə fikirlərimi söylədim. Bəzi ölkələr var ki, balıqçılığı çox çətinliklərlə inkişaf etdirirlər. Bizdə, Xəzər dənizinin imkanlarından istifadə etməklə görün, balıqçılığı nə qədər irəli aparmaq olar. Bu məsələ ilə bağlı “əlimizi daşın altına qoymalıyıq” ki, bu sahə inkişaf etsin, birdəfəlik mövcud problemlər həllini tapsın. Balıq çox gözəl nemətdir, sağlam qidadır. Odur ki, ilk növbədə dənizdəki sərvətimizi qorumalıyıq.

- Məsələn, necə? Konkret təklifləriniz varmı?

- Var. Məsələn, Neftçalanın Bankə qəsəbəsində “Kurkasa” adlı yer var. Vaxtilə ora sovxoz olub, 90-cı illərdə su qalxdı, onlar hamısı suyun altında qaldı. Ora hardasa 10-15 min hektar yerdir. Onun arxa tərəfi körfəzdir. Körfəz o deməkdir ki, ora ləpə girmir, su sakit qalır. Təsəvvür edin, bir tərəfi Qızılağac qoruğu, digər tərəfi körfəz. Onun qabağını “setka” ilə tutmaq, balığı ora buraxmaq…10 min hektarın həm qamışı var, balıq üçün də çox əlverişli bitkidir, xüsusən də sazan balıqları üçün. Üstəlik, çox təmiz suyu var. Həm də suyun altı qumsal deyil, palçıqdır, bu da vacib məsələdir. Çünki sazan balıqları palçığa oturur. Ona görə də ora çox əlverişli və balıqçılığın inkişafı üçün ucuz başa gələn bir yerdir. Bir kub suda nə qədər balıq saxlamaq olar? Saxlanmalıdır 8-10 balıq. Əgər mənim 5 hektarlıq su anbarım varsa, həmin 5 hektarı 3-ə vur, 15 min edir. 15 min kub su üçün…Kommersiya şərtləri ilə ödəsəm, 18 qəpik ödəyirəm, fiziki şəxs kimi 16 qəpik. Təkcə suyun bir kubuna bu qədər vəsait ödəyirəmsə, balıq üçün də suyun hər ayda iki dəfə təmzilənməsi lazımdır, yoxsa oksigen olmayacaq. Bu vəsaiti də üstünə gəl. Ya sahibkar dövlətə yalan danışmalıdır, suyu oğurlamalıdır, ya da ayda iki dəfə təmizlənən, 30 min kubun pulunu ödəsə, bazarda balığın qiyməti görün neçə olacaq. Hələ ən problemli məsələ bu da deyil. Deməli, məcburdur ki, bir kubda 80-90 balıq saxlasın. 90 balığı belə şəraitdə saxlayanda orda xəstəlik yaranır, dünya bunu qəbul etmir. O xəstəliklər həm körpələr, həm də böyüklər üçün təhlükəlidir. Balıqda olan o tük kimi nazik qurdlar ki var, uşaqların inkişafına problemlər yaradır, mədə-bağırsaq xəstəlikləri törədir, zəhərlənmələrə və digər xəstəliklərə gətirib çıxarır. Odur ki, əgər biz dünyaya inteqrasiya ediriksə, balığımızla dünya bazarına çıxmaq istəyiriksə, bunları yoxlayandan sonra bizim məhsula yaxın gəlməzlər. Bu şərtlər ortada olmalıdır. Mən alıcıyam, müqavilə bağlayıram, sənin şəraitinə baxıram. Sənin şəraitin uyğun deyilsə, deməli, əməkdaşlığımız alınmayacaq.

1ac6e1a2-e95d-4d77-bc36-f89fda1a5fa7_1200.jpg (268 KB)

- Məncə, hər hansı qurum, o cümlədən AQTA bu barədə xəbərdarlıq etməyib, elə deyilmi?

- Gərək əvvəlcə bunu bilsin! Gərək bilsin! Ona görə də mən bunu balıq saxlayacağımla iş bitmir.

- Üstəlik, Xəzərin bu tayında, bizdə balıq daha bahadır, nəinki digər Xəzəryanı ölkələrdə. Məhz buna görə də əhalimizin balıq istehlakı çox aşağıdır. Nərə balığından, kürüdən danışmağa dəyməz. Vəziyyət niyə belədir?

- Sovet dönəmində İranın 22 balıqartırma yeri var idi. Dənizdə idi ha... Bölgə balığı. Bizdə şərait daha yaxşıdır, nəinki onlarda. Məsələn, mən körfəzdən danışdım. O körfəz burda yaranıb, burdadır, Azərbaycanda! Dediyim kimi, körfəzə ləpə girmir, təbii zonadır. Körfəz o deməkdir ki, körfəzdəki tərpənməyən suyun temperaturu açıq dənizdəki sudan 3-4 dərəcə fərqli olur. Bir də ki, nərə balıqlarının belə bir xüsusiyyəti var: harada dünyaya gəlibsə, kürü atmağa da ora gəlməlidir. O, ya gələcək bura kürü atmayacaq, məhv olacaq, ya da ki... Nərə Xəzər dənizinin bu başından məsələn, 1200 kilometrədək uzağa gedibsə, 6-7 ildən sonra, nə zaman kürüləməyə başlayacaq, o, yavaş-yavaş dünyaya gəldiyi yerə, bura qayıdacaq. Burada özünə yer tapmasa, fırlanacaq, kürünü boşuna buraxacaq, onu məhv edəcək. Nərə balıqları da çox sakit balıqlardır. Onlar vuruşan balıq deyil. Dənizin dibində brokonyerlərin atdığı o qədər plastik torlar var ki, onlara da ilişib qalırlar, məhv olurlar. Odur ki, nərələr dənizin lap dibi ilə, daşlara özlərini sürtə-sürtə üzürlər, daşlar da onları əzir...

- Çox incəliklərə toxundunuz. İnanaq ki, əlaqədar qurumların diqqətini cəlb edəcək...

- Təbii ki, bu işlərlə məşğul olmaq üçün mütəxəssislər lazımdır, onlar ərazini yaxşı tanımalıdır. Bitkisindən balığın növünə, heyvanınadək. Harda hansı bitki yaxşı məhsul verər, harda heyvandarlıq inkişaf edər... Məsələn, cənub bölgəsi heyvandarlıq üçün deyil. 5 min qoyunu niyə ora aparırsan? Bura tərəvəzçilik üçün yararlıdır, nəmi sevən bitkilər əkilməlidir. Balığı harada saxlamaq lazımdır? Göyərtidən, tərəvəzdən tutmuş, bütün bitkilərə qədər hər şeyi əkmək üçün Azərbaycanın coğrafiyasını tanımaq lazımdır, zəruri məsələləri bilmək lazımdır. Ona görə mən deyirəm ki, hərdən bunlarla bağlı dəyirmi masalar keçirilsin. Burada ölüm yox, itim yoxdur, fikirdir də, hərə öz sözünü deyəcək, kim haqlıdırsa, obyektivdirsə, onun fikri qəbul olunsun, tətbiq edilsin...

- Cavanşir bəy, yay tətilində harada istirahət edəcəksiniz?

- Mən təbii ki, əsasən, ölkəmizdə istirahət etməyi sevirəm. Bir az kənddə oluram, qohum-əqrəba ilə bir yerdə. Həm də yay tətili olsa da, seçicilərimlə görüşürəm. Qalan vaxtı da Bakıda oluram. Mənim nəvələrimin bir hissəsi Türkiyədədir, ailəvi orada yaşayırlar, arada onlara da dəyirəm.

Söhbətin bu məqamında babasını görmək üçün Bakıya gəlmiş nəvəsindən zəng gəlir: “Baba, səni gözləyirəm, nə vaxt gələcəksən?”

Nəvənin mehriban, bir az da nəvazişli səsindən sonra “Allah saxlasın” deyib, söhbətimizi yekunlaşdırırıq…

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR