İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cəmiyyətin əhəmiyyətli hissəsi onların geri qayıtmasını arzulamır” – ŞOK AÇIQLAMALAR

1669 22.06.2026 17:10 Müsahibə A A

Ermənistanda keçirilən parlament seçkilərindən sonra iqtidar və müxalifət arasında qarşıdurma davam edir. Heç şübhəsiz ki, Azərbaycanın əsas gözləntisi 8 avqust 2025-ci il Vaşinqton razılaşmalarının icra olunması, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsidir.

Mövcud vəziyyət və perspektiv münasibətlərlə bağlı deputat Elçin Mirzəbəyli Musavat.com-un suallarını cavablandırıb.

Digər aktual məsələləri də əhatə edən müsahibəni oxucularımıza təqdim edirik:

- Elçin bəy, Ermənistandakı parlament seçkilərindən iki həftə keçsə də, gərginlik səngimək bilmir. Düzdür, hələlik mübarizə küçə toqquşmaları səviyyəsinə çatmayıb, amma hüquqi yolun effektivsizliyi halında bu ehtimalın da gündəmə gələ biləcəyinin anonsu eşidilməkdədir. Sizin qarşıdakı dönəm üçün proqnozlarınız necədir?

 - Ermənistanda parlament seçkilərindən sonra yaranmış vəziyyət ilk baxışdan hakimiyyətin mövqelərinin möhkəmlənməsi təsiri bağışlasa da, proseslərin mahiyyəti daha mürəkkəbdir. Nikol Paşinyan seçkilərdə qələbə qazansa da, bu qələbə Ermənistanın daxilindəki siyasi qarşıdurmanı sona çatdırmayıb. Əksinə, seçkilərdən sonra başlayan hüquqi və siyasi təqiblər ölkədə yeni mərhələyə keçən hakimiyyət-müxalifət mübarizəsinin konturlarını formalaşdırır. Son günlər baş verən hadisələr göstərir ki, Paşinyan komandası seçki qələbəsini yalnız parlament üstünlüyü kimi deyil, həm də rəqiblərin siyasi təsir imkanlarını minimuma endirmək üçün mandat kimi qəbul edir. Robert Köçəryanın ətrafında cinayət təqibinin yenidən gündəmə gətirilməsi, Samvel Karapetyanın ev dustaqlığında saxlanılması, Qaqik Tsarukyanın ölkədən çıxışına məhdudiyyət qoyulması və onun siyasi komandasının nümayəndələrinə qarşı cinayət işlərinin açılması təsadüfi deyil. Kamo Qriqoryanın həbsi də bu kontekstdə qiymətləndirilməlidir. Formal olaraq söhbət konkret cinayət ittihamlarından getsə də, Ermənistan müxalifəti bunu seçki nəticələrindən sonra başlayan siyasi təmizləmə kampaniyasının davamı kimi təqdim edir. Hakimiyyət isə əksinə, illərlə toxunulmaz hesab olunan oliqarx-siyasi sistemin qalıqlarının sıradan çıxarıldığını iddia edir.

MİRZEBEY.jpeg (77 KB)

- Tərəflər bir-birini seçki saxtakarlıqlarında, seçiciləri rüşvətlə ələ almaqda ittiham edir. Kim haqlıdır, sualına cavabınız maraqlıdır...

- Əslində hakimiyyətin arqumentində həqiqət payı var. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyan həm hüquqi alətlərdən istifadə edir, həm də bu proseslər siyasi məqsədlərə xidmət edir. Paşinyanın tez-tez istifadə etdiyi “üçbaşlı müharibə partiyası” ifadəsi təsadüfi seçilməyib. O, Köçəryan-Sərkisyan-Tsarukyan xəttini Ermənistanın keçmiş siyasi sisteminin təmsilçiləri və Qarabağ klanının davamçıları kimi təqdim edir. Baş nazirin məqsədi yalnız revanşist qüvvələri zəiflətmək deyil. O, eyni zamanda Ermənistan daxilində yeni siyasi reallıq yaratmağa çalışır. Bu reallıqda 2020-ci il müharibəsindən sonrakı kursun alternativsiz olduğu nümayiş etdirilməlidir. Lakin burada ciddi paradoks yaranır. Paşinyan öz hakimiyyətini gücləndirdikcə, Ermənistanın siyasi sistemində balans mexanizmləri zəifləyir. Bu isə müxalifətin küçə siyasətinə və qeyri-parlament metodlarına üstünlük verməsinə şərait yarada bilər.

NİKOLİ SON.jpg (66 KB)

- Rusiyanın Ermənistana qarşı pressinq siyasəti davam edir və hələlik kənd təsərrüfatı məhsullarının və digər malların alışına “yaşıl işıq” yandırmayıb. Kremlin Ermənistana qarşı növbəti təzyiq rıçaqları nədən ibarət ola bilər? Açıq hərbi müdaxilə ehtimalı realdırmı?

- Mövcud vəziyyətin ən mühüm elementlərindən biri Moskvanın davranışıdır. Rusiya uzun illər Ermənistan siyasətində əsas təsir mərkəzi olub. Son illərdə İrəvanın Qərbə yaxınlaşması Kremlin narazılığını açıq şəkildə ortaya qoyub. Moskvanın seçkilərdən sonra Paşinyana münasibətdə nümayiş etdirdiyi soyuqluq Ermənistan daxilində müxtəlif şərhlərə səbəb olur. Bu, ilk növbədə revanşist qüvvələrə psixoloji stimul verir. Çünki həmin qüvvələr hesab edirlər ki, Kreml Paşinyanın zəiflədilməsində maraqlıdır. Rusiyanın birbaşa müdaxiləsi barədə danışmaq, zənnimcə, hələ tezdir. Lakin Ermənistan daxilindəki rusiyapərəst siyasi və iqtisadi şəbəkələrin, media resurslarının və müxtəlif təsir qruplarının aktivləşməsi ehtimalı kifayət qədər yüksəkdir. Xüsusilə Samvel Karapetyan kimi fiqurların ətrafında formalaşan proseslər Moskva ilə əlaqələr prizmasından da qiymətləndirilir. Ermənistanda söhbət artıq təkcə daxili siyasi qarşıdurmadan deyil, həm də geosiyasi oriyentasiya uğrunda mübarizədən gedir.

- Müxalif cinahın revanşının uğurlu nəticələri nə dərəcədə gözləniləndir?

- Müxalifətin Konstitusiya Məhkəməsinə müraciəti seçkilərin nəticələrinin dəyişdirilməsi baxımından böyük perspektiv vəd etməsə də, prosesin siyasi tərəfi daha önəmlidir. Əsas məqsəd seçkilərin legitimliyini mübahisələndirmək və Paşinyanın qələbəsini tam qəbul edilməyən nəticə kimi təqdim etməkdir. Beləliklə, gələcək etiraz aksiyaları və siyasi kampaniyalar üçün zəmin hazırlanır. Bu strategiya Ermənistan müxalifətinin son illərdə istifadə etdiyi əsas taktikalardan biridir. Lakin indiki mərhələdə küçə etirazlarının geniş sosial dəstək qazanması əvvəlki dövrlərlə müqayisədə daha çətin görünür. Çünki cəmiyyətin əhəmiyyətli hissəsi keçmiş hakimiyyət komandalarının geri qayıtmasını arzulamır.

- Elçin bəy, Ermənistanda baş verənləri Azərbaycanın maraqları baxımından necə şərh etmək olar?

- Azərbaycan üçün Ermənistan daxilindəki proseslər yalnız daxili siyasi hadisə deyil. Çünki hazırda gündəlikdə duran məsələlər regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək xarakter daşıyır. Söhbət ilk növbədə sülh sazişinin imzalanmasından, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından, nəqliyyat-kommunikasiya layihələrinin, o cümlədən Zəngəzur istiqamətindəki marşrutların açılmasından, regional iqtisadi inteqrasiyanın sürətləndirilməsindən gedir.

DAHLİZ.jpg (240 KB)

- Gedişatda sülh prosesi tormozlana bilərmi?

- Əgər Ermənistanda daxili siyasi böhran dərinləşərsə, bu proseslərin hamısında ləngimə yarana bilər. Revanşist qüvvələrin əsas hədəflərindən biri də məhz Paşinyanın sülh gündəliyini iflic etməkdir.

- Bəs Paşinyanın manevr imkanlarının genişlənməsi baxımından necə, mövcud vəziyyət onun özü üçün sərfəlidirmi?

- Bəzi ekspertlərin irəli sürdüyü versiya diqqətəlayiqdir. Bu yanaşmaya görə, Paşinyan müəyyən hallarda daxili siyasi qarşıdurmanın davam etməsindən faydalanır. Çünki ölkədə daimi təhlükə atmosferi yaradıldıqda hökumət bir sıra strateji qərarların gecikməsini daxili sabitlik problemləri ilə izah edə bilir. Lakin bu yanaşmanın da məhdudiyyətləri var. Ermənistanın iqtisadi və siyasi vəziyyəti uzunmüddətli qeyri-müəyyənliyə imkan vermir. Xarici investisiyalar, beynəlxalq maliyyə dəstəyi və Qərblə inteqrasiya planları sabitlik tələb edir. Buna görə də Paşinyanın sonsuz siyasi qarşıdurma modelində maraqlı olması ehtimalı yüksək görünmür. Ermənistanda seçkidən sonra yaranmış vəziyyət hələ uzun müddət davam edə biləcək siyasi qarşıdurmanın başlanğıcıdır. Paşinyan hakimiyyəti revanşist mərkəzləri sıradan çıxarmağa çalışır, müxalifət isə seçki nəticələrinin legitimliyini sual altına almaqla yeni müqavimət platforması qurmağa cəhd edir. Bu mübarizənin fonunda Rusiya amili, Ermənistanın geosiyasi seçimi və regionda formalaşan yeni təhlükəsizlik mühiti prosesləri daha da mürəkkəbləşdirir.

RUS-ERMENİ.jpg (159 KB)

Hazırkı mərhələdə ən real ssenari Paşinyanın hakimiyyətini qoruyub saxlamasıdır. Lakin onun qarşısında duran əsas problem seçkidə qazanılmış siyasi qələbəni dövlətin üzərinə götürdüyü öhdəliklərin icrasına çevirməkdir. Əgər İrəvan sülh sazişi, konstitusiya dəyişiklikləri və regional kommunikasiyaların açılması istiqamətində konkret addımlar atmasa, daxili siyasi gərginlik yeni bəhanələrlə davam edəcək və bu, hər kəsdən daha çox Ermənistanın gələcəyinə təsir göstərəcək.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR