Ukraynanın Odessa şəhərində çimərlikdə günəş qəbul edən bir qadın Rusiyanın pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində həyatını itirib.
Musavat.com xəbər verir ki, hücum zamanı qadın çimərlikdə şezlonqda istirahət edirmiş.
Pilotsuz təyyarənin zərbəsi nəticəsində o, ağır boyun xəsarətləri alıb.
Partlayışdan sonra çimərlikdə böyük panika yaşanıb. Tətilçilər və çimərlik işçiləri qorxu içində ərazidən uzaqlaşmağa və təhlükəsiz yerə sığınmağa çalışıblar. Hadisə şahidləri ilkin şokdan sonra yaralı qadına kömək etmək üçün onun yanına qaçıblar.
Hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb edilib. Həkimlər qadının həyatını xilas etmək üçün uzun müddət reanimasiya tədbirləri görsələr də, güclü qanaxma və aldığı ağır xəsarətlər səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra təhlükəsizlik qüvvələri çimərlik ərazisini mühasirəyə alaraq genişmiqyaslı araşdırmalara başlayıb.
Baş verən hadisə Ukraynada davam edən müharibənin mülki əhali üçün yaratdığı təhlükəni bir daha gündəmə gətirib və Odessada böyük narahatlıq doğurub.
Şəhanə Rəhimli
Musavat.com






