Ermənistanda revanşist düşərgəyə qarşı başladılan əməliyyatlar davam edir. Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, keçmiş deputat, revanşist "Ana Ermənistan" hərəkatının idarə heyətinin üzvü və son parlament seçkilərində
"Çiçəklənən Ermənistan" Partiyasından deputatlığa namizəd olmuş Areqnaz Manukyan barəsində cinayət təqibi başlanıb. Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyanın sözlərinə görə, Manukyan Ermənistan Cinayət Məcəlləsinin 427.1-ci maddəsi (dövlət sirri təşkil edən məlumatların açıqlanması) ilə ittiham olunur. O saxlanılıb və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdim ediləcək.
Qeyd edək ki, Areqnaz Manukyan iyun ayında da eyni cinayət işi çərçivəsində istintaq orqanlarının diqqət mərkəzinə düşüb. Həmin iş revanşist "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyanın dövlətə xəyanət və casusluq ittihamı ilə həbs olunması ilə bağlı cinayət işi çərçivəsində aparılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Tevanyan 2025-ci il mayın 21-də dövlətə xəyanət və casusluq maddələri ilə ittiham olunub, iki gün sonra isə barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. İstintaqın iddiasına əsasən, o, 2024-cü ildə xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub və 622 min ABŞ dolları müqabilində Ermənistan parlamentinin qapalı iclaslarında müzakirə olunan dövlət sirri təşkil edən məlumatları rus dilinə tərcümə edərək "Rusiya–Qafqaz" Geosiyasi Mərkəzinin direktoruna ötürüb.
Musavat.com






