Mahiyyət etibarilə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yeni hüquqi yanaşmanı müəyyənləşdirilir.
Musavat.com xəbər verir ki, Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Binəqədi Rayon Məhkəməsinin müraciətinə baxaraq İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə rəsmi şərh verib.
Qərarın əsas məğzi ondan ibarətdir ki, mühasiblər və vergi məsləhətçiləri yalnız sənəd hazırlayan texniki icraçı hesab olunmurlar. Əgər onlar müştərinin əmlak alqı-satqısı, şirkət yaradılması, maliyyə əməliyyatlarının qurulması və digər bu kimi proseslərdə aktiv iştirak edirlərsə, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunla müəyyən edilmiş öhdəlikləri yerinə yetirməlidirlər.
Sadə dillə desək, əgər mühasib və ya vergi məsləhətçisi şübhəli maliyyə əməliyyatının həyata keçirilməsində iştirak edir, onu planlaşdırır, sənədləşdirir və ya bu prosesə real təsir göstərirsə, artıq qanun qarşısında məsuliyyət daşıyır.

Konstitusiya Məhkəməsi "əməliyyatların aparılmasında iştirak" anlayışına da aydınlıq gətirib. Qərarda bildirilir ki, bu, sadəcə məsləhət vermək deyil. Buraya əməliyyatın strukturunun hazırlanması, hüquqi modelinin qurulması, sənədlərinin rəsmiləşdirilməsi və nəticəsinə təsir edən digər praktik fəaliyyətlər daxildir. Belə hallarda qanunun tələblərinə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən inzibati məsuliyyət yaradır.
Qərarda həmçinin vurğulanır ki, qeyri-maliyyə institutları və bu sahədə fəaliyyət göstərən şəxslər öhdəliklərini yerinə yetirərkən həm Azərbaycan qanunvericiliyini, həm də Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) beynəlxalq tövsiyələrini nəzərə almalıdırlar.
Hüquqşünasların fikrincə, bu qərar gələcəkdə mühasiblərin, vergi məsləhətçilərinin və digər peşəkar xidmət göstərən şəxslərin məsuliyyət sərhədlərini daha da dəqiq müəyyənləşdirəcək və pulların yuyulmasına qarşı mübarizədə onların rolunu artıracaq.
Konstitusiya Məhkəməsinin qərarı dərc olunduğu gündən qüvvəyə minib və qətidir. Bu qərar heç bir dövlət orqanı və ya vəzifəli şəxs tərəfindən dəyişdirilə, ləğv oluna və ya yenidən rəsmi şərh edilə bilməz.
E.Məmmədəliyev,
Musavat.com






