İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...

1472 14.07.2026 08:00 Sosial A A

2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər Bakının təkrar mənzil bazarında satış üçün ümumi təklif həcmi əhəmiyyətli dərəcədə artıb. Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının hesabatında qeyd edilib. Məlumata görə, 2025-ci ilin əvvəllərində bazarda təklif edilən mənzillərin sayı illik müqayisədə təxminən 17% yüksəlib. Bu artım nəticəsində dekabr ayına doğru şəhər üzrə satışa çıxarılan mənzillərin ümumi sayı 7000-i ötüb. Hesabata görə, Bakı şəhərinin təkrar mənzil bazarında 1 kvadrat metr üçün orta qiymət həm yeni tikililər, həm də köhnə tikililər üzrə yüksəlmə trendi göstərib. 2025-ci ilin aprelinə gəldikdə, yeni tikililərdə orta qiymət təxminən 2300–2400 AZN/kv.m həddinə çatdı, köhnə tikililərdə isə təxminən 2000–2050 AZN/kv.m oldu.

Fond 'kirayə evlər'lə bağlı vətəndaşlara müraciət etdi

Beləliklə, bir il ərzində kvadratmetr qiymət artımı yeni tikililərdə təxminən 15–17%, köhnə tikililərdə isə 10–12% təşkil edib (bu da illik inflyasiya tempini xeyli üstələyir). Məsələn, 2025-ci ilin fevral ayı etibarilə təkrar bazarda yeni tikililərdə qiymətlər 1,5% aylıq və 10,9% illik, köhnə tikililərdə isə 1,1% aylıq və 9,8% illik artım göstərirdi. Bu rəqəmlər aprel ayı üçün də bənzər səviyyədə qalmış, mart-aprel aralığında təxminən 1%-ə yaxın aylıq bahalaşma davam edib.

Musavat.com-a danışan Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı bildirib ki, Azərbaycanda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı bazarın daxili qanunauyğunluqları ilə izah olunur və bunu təsadüfi proses kimi qiymətləndirmək olmaz:

"Azərbaycan Qiymətləndiricilər Palatasının iyun ayı üzrə hazırladığı bazar indeksləri göstərir ki, daşınmaz əmlak bazarı sağlam inkişaf trayektoriyasını qoruyur. Qiymət artımı bazarın ayrı-ayrı seqmentləri üzrə balanslı şəkildə davam edir, risk səviyyəsi aşağı olaraq qalır və struktur dayanıqlığını gücləndirən amillər üstünlük təşkil edir. Bu baxımdan bazarda qiymət artımı davam etsə də, proses daha sabit və tarazlı xarakter alıb. Son hesabatımıza əsasən, torpaq bazarı qiymət artımının əsas hərəkətverici qüvvəsi olaraq qalır. Premium mənzil seqmentində də bahalaşma davam edir. Qaraj bazarında isə əvvəlki ay müşahidə olunan yüksək artım tempinin zəiflədiyi qeydə alınıb. Bu seqment üzrə indeks 110,6 bənd təşkil etsə də, iyun ayında bazar daha sabit və tarazlı qiymət dinamikasına keçid edib. Bu, bazarda kəskin qiymət dəyişikliklərinin deyil, daha sağlam və dayanıqlı inkişafın müşahidə olunduğunu göstərir".

Qurum rəsmisi vurğulayıb ki, son illər mənzil bazarında alıcı davranışı da əhəmiyyətli dərəcədə dəyişib: "Daşınmaz əmlak artıq yalnız yaşayış ehtiyacını ödəyən aktiv deyil, eyni zamanda kapitalın qorunması və gəlir əldə olunması baxımından ən etibarlı investisiya alətlərindən biri kimi qiymətləndirilir. İnvestorlar və vətəndaşlar inflyasiyadan qorunmaq, vəsaitlərini daha təhlükəsiz aktivdə saxlamaq məqsədilə daşınmaz əmlaka üstünlük verirlər. Bu isə bazarda tələbi davamlı şəkildə yüksək saxlayan əsas amillərdəndir".

Ekspertin fikrincə, qiymətlərin yüksəlməsinə təsir edən mühüm amillərdən biri də tikinti sektorunda maya dəyərinin artmasıdır:

"Tikinti materiallarının bahalaşması, logistika xərclərinin yüksəlməsi və əməkhaqlarındakı artım yeni layihələrin xərc strukturunu əhəmiyyətli dərəcədə dəyişib. Yeni tikililərdə formalaşan yüksək qiymətlər isə təbii olaraq zamanla təkrar mənzil bazarına da transfer olunur və ümumi qiymət səviyyəsini yüksəldir".

Günay İsmayılqızı hesab edir ki, bazardakı mövcud dinamika yaxın aylarda da davam edəcək:

"İyun ayının nəticələri göstərir ki, bazarda risk səviyyəsi aşağı olaraq qalır və struktur dayanıqlığı güclənməkdə davam edir. Mövcud dinamika 2026-cı ilin ikinci yarısında bazarda kəskin qiymət dalğalanmalarının gözlənilmədiyini, qiymət artımının isə əsasən torpaq bazarı və premium seqment hesabına davam edəcəyini göstərir".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR