İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə iki dünya nəhəngi ilə yeni hərbi ittifaq qurur: NATO bundan sonra Ankaradan idarə olunacaq

2276 09.07.2026 17:40 Analitika A A

Türkiyə həm Qərblə əməkdaşlığı gücləndirməyə, həm də Ukrayna savaşı və Yaxın Şərq böhranı kimi qəliz münaqişələrlə bağlı siyasi-diplomatik vasitəçi rolunu qorumağa çalışır... Bu isə Türkiyənin yaxın gələcəkdə Avroatlantik təhlükəsizlik sisteminin ən təsirli siyasi və hərbi oyunçularından biri kimi mövqeyini daha da möhkəmləndirə biləcəyini göstərir...

NATO-nun Ankara sammiti qlobal hərbi-siyasi proseslərə yeni impuls verə biləcək önəmli nəticələrlə yekunlaşdı. Belə ki, NATO Rusiyanı özünün “əbədi düşməni” elan etdi, Ukraynaya genişmiqyaslı hərbi-siyasi dəstək qərarı verdi. Eyni zamanda, alyans transatlantik məkanda sürətli və genişmiqyaslı silahlanma prosesinin başlandığını da açıq şəkildə anons etdi. Və ən əsası isə NATO-nun bundan sonra qlobal münaqişə ocaqlarına daha fəal müdaxilə edəcəyinə yönəlik önəmli hərbi-siyasi mesajlar verildi.

Onu da qeyd etmək lazımdır ki, NATO-nun Ankara sammiti bu alyansın avanqard üzvlərindən olan Türkiyənin qlobal mövqelərinin daha da möhkəmlənməsinə yol açmış oldu. Bundan sonra Türkiyənin həm NATO-nun yönləndirilməsində, həm də qlobal geopolitik proseslərin idarə olunmasında əsas siyasi iradə sahiblərindən biri olacağı artıq qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Türkiyə-ABŞ münasibətlərinin uzun illərdən sonra ilk dəfə pozitiv məzmun daşımaqla yanaşı, yüksələn xətt üzrə inkişaf etməsi də, rəsmi Ankaranın beynəlxalq proseslərdə avanqard rolunu gücləndirməsinə münbit şərait yaradır.

30b749b481539f8bc8f60ff6996c05db.jpg (361 KB)

Məsələ ondadır ki, Türkiyə Qərbin müdafiə strategiyasında artıq yeni mərhələnin əvəzolunmas güc faktoruna çevrilməyə başlayıb. Çünki Türkiyə indi həm də NATO-nun əsas hərbi-sənaye mərkəzlərindən biri kimi ön plana keçməkdədir. ABŞ isə Türkiyənin yüksəlişindən tamamilə məmnun görünür və Tramp administrasiyası rəsmi Ankaraya genişmiqyaslı dəstək verməyə hazır olduğunu sezdirir. Və NATO-nun Ankara sammiti çərçivəsində keçirilən Ərdoğan-Tramp görüşünün nəticələri indi Türkiyə üçün böyük siyasi-diplomatik uğur hesab oluna bilər.

Maraqlıdır ki, hazırda baş verənlər ABŞ və Türkiyə arasında Bayden administrasiyasının günahı ucbatından yaşanan gərginlik dövrünün artıq tədricən arxada qalmağa başladığını sezdirir. Belə ki, ABŞ prezidenti Donald Tramp uzun illər ərzində əsas qarşıdurma faktoru olmuş və Türkiyəyə qarşı tətbiq olunan CAATSA sanksiyalarının ləğv ediləcəyini bəyanlayıb. Buna paralel olaraq, Ağ Ev sahibi Türkiyənin F-35 proqramına dönüş ehtimalının mümkünlüyünə də dolayısı ilə eyham vurub. Eləcə də, ABŞ Hərbi Dəniz Qüvvələri üçün Türkiyə tərsanələrinin imkanlarının müzakirəsi, Böyük Britaniya ilə yeni müdafiə sazişinin hazırlanması rəsmi Ankaranın Qərbin təhlükəsizlik sistemində yenidən strateji mövqe qazandığını göstərən önəmli faktorlardır.

Prezident Rəcəb Tayyib Ərdoğan isə NATO sammiti çərçivəsində vurğulayıb ki, F-35 proqramı Türkiyə üçün yeni məsələ deyil və bu mövzu ABŞ-la uzun müddətdir, geniş şəkildə müzakirə olunur. O, bildirib ki, rəsmi Ankara əvvəllər Türkiyəyə beş F-35 döyüş təyyarəsinin verilməsi ilə bağlı ABŞ-dan vəd alıb və NATO sammitindən sonra bu məsələ ilə bağlı müsbət qərarın qəbul olunacağına ümid edir. Və Türkiyə liderinin bu bəyanatı rəsmi Ankara ilə Ağ Ev arasında hərbi əməkdaşlığın yenidən bərpası istiqamətində real siyasi iradənin formalaşmaqda olduğunu göstərir.

27b58b9b-5d7d-454b-ae35-77dd69892fde.jpg (267 KB)

Digər tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyənin milli beşinci nəsil döyüş təyyarəsi olan KAAN layihəsinin mühərrikləri ilə bağlı məsələni də Ağ Ev sahibi Donald Trampla müzakirə edib. Bu isə Türkiyənin yalnız silah alan ölkə deyil, eyni zamanda, yüksək texnologiyalı müdafiə məhsulları istehsal edən regional gücə çevrilmək strategiyasının davam etdiyini təsdiqləyir. Bundan başqa, Yaxın Şərq böhranın, eləcə də, Ukrayna müharibəsinin gedişi və mümkün siyasi-diplomatik həll yollarının da Ağ Ev sahibi ilə danışıqlarda əsas mövzulardan biri olub. Və bu isə rəsmi Ankaranın yalnız regional deyil, qlobal diplomatiyada da aktiv vasitəçi rolunu qorumağa çalışdığını göstərir.

Onu da nəzərə almaq lazımdır ki, ABŞ prezidenti Donald Tramp öz çıxışında Türkiyəyə və onun liderinə son dərəcə yüksək siyasi qiymət verib. Ağ Ev sahibi prezident Rəcəb Tayyib Ərdoğanı növbəti dəfə "bütün dünyada hörmət edilən lider" adlandıraraq, onun rəhbərliyi dövründə Türkiyənin hərbi baxımdan, çox güclü dövlətə çevrildiyini bəyan edib. Prezident Donald Tramp bildirib ki, əgər, NATO sammiti Türkiyədə keçirilməsəydi, böyük ehtimalla tədbirdə iştirak etməzdi. Və onun bu açıqlaması Ağ Evin rəsmi Ankaraya münasibətində ciddi dönüşün baş verdiyinə birbaşa işarə kimi qiymətləndirilə bilər.

Ancaq rəsmi Ankara üçün ən önəmli məqam məhz isə ABŞ prezidentinin CAATSA sanksiyalarının ləğv olunacağını elan etməsi oldu. Ağ Ev sahibi Donald Trampın "Artıq bunun vaxtı çatıb" deməsi, yalnız Türkiyə-ABŞ münasibətlərində deyil, bütövlükdə NATO daxilində yeni siyasi mərhələnin başlandığını göstərən önəmli mesaj kimi dəyərləndirilir. Bu, Türkiyə üçün həm də strateji baxımdan, böyük əhəmiyyət daşıyır. Çünki Türkiyə Aralıq dənizi, Qara dəniz və Yaxın Şərq arasında yerləşən geopolitik mövqeyi sayəsində NATO üçün ən vacib logistik mərkəzlərdən biri hesab olunur.

6d42c22b-3318-4f5f-998a-9cb2e92c42e5.jpg (158 KB)

Türkiyənin Qərblə yaxınlaşmasının digər önəmli istiqaməti isə Böyük Britaniya ilə əlaqələrin sürətlə inkişaf etməsidir. Bəzi məlumata görə, NATO sammiti çərçivəsində Böyük Britaniyanın baş naziri Kir Starmer ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik və müdafiə sahəsində yeni tərəfdaşlıq sazişi imzalayıblar. Həmin sazişin kibertəhlükəsizlik, terrorizmlə mübarizə və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutduğu bildirilir. Bundan əvvəl isə rəsmi Ankara Böyük Britaniyadan 20 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin alınmasına dair razılıq əldə etmişdi.

Bütün bunlar həm də onu göstərir ki, artıq Türkiyə yenidən Qərbin müdafiə arxitekturasının əsas dayaqlarından birinə çevrilmyə başlayıb. Ağ Evin Türkiyəyə qarşı hərbi ticarət sanksiyalarını ləğv etməyə hazırlaşması, F-35 proqramına qayıdış ehtimalı, ABŞ hərbi donanması ilə gəmiqayırma əməkdaşlığı və Böyük Britaniya ilə müdafiə ittifaqının genişləndirilməsi rəsmi Ankaranın NATO daxilində strateji çəkisinin əhəmiyyətli dərəcədə artdığını təsdiqləyir.

Eyni zamanda, Türkiyə həm Qərblə əməkdaşlığı gücləndirməyə, həm də Ukrayna savaşı və Yaxın Şərq böhranı kimi qəliz münaqişələrlə bağlı siyasi-diplomatik vasitəçi rolunu qorumağa çalışır. Bu isə Türkiyənin yaxın gələcəkdə Avroatlantik təhlükəsizlik sisteminin ən təsirli siyasi və hərbi oyunçularından biri kimi mövqeyini daha da möhkəmləndirə biləcəyini göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR