Erməni separatçılarına Bakıda çıxarılan məhkəmə hökmləri fonunda Ermənistanda radikal dairələr növbəti isterik bəyanatlarla çıxış ediblər.
Musavat.com xəbər verir ki, Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) yaydığı açıqlamada Azərbaycan məhkəmə proseslərini hədəfə alaraq, onları guya “anti-erməni siyasəti”nin tərkib hissəsi kimi təqdim etməyə çalışıb.
Radikal təşkilatın iddiasına görə, Bakıda hərbi məhkəmə tərəfindən məhkum edilmiş Xocalı caniləri və digər separatçı fiqurlar “Azərbaycanın əlində girov” saxlanılır və onların azad edilmədiyi şəraitdə sülhdən danışmaq “istehza”dır. Bəyanatda açıq şəkildə Xocalı faciəsi və Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlər görməzdən gəlinir, məsuliyyət isə siyasi manipulyasiya ilə ört-basdır edilir.
Oxşar ritorika ilə çıxış edən Krylya Edinstva (“Birliyin qanadları”) adlı təşəbbüs də Bakıda çıxarılan hökmləri “təhlükəli presedent” adlandıraraq, gələcəkdə guya istənilən Ermənistan vətəndaşının “uydurma işlər”lə həbs oluna biləcəyini iddia edib. Bu mövqe də faktiki olaraq cinayətkarların cəzalandırılmasına qarşı yönəlmiş siyasi hay-küy kimi qiymətləndirilir.
Qeyd edək ki, sözügedən məhkəmə qərarları Qarabağda Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş ağır cinayətlərə görə Azərbaycan qanunvericiliyinə uyğun şəkildə çıxarılıb və Ermənistanda “göz yaşı” ritorikası məhz bu hüquqi reallığın qəbul edilməməsindən qaynaqlanır.
Musavat.com






