Maliyyə və şəxsi məlumatların oğurlanması məqsədilə dələduzların tətbiq etdiyi tipik manipulyasiya üsulları barədə rəsmi xəbərdarlıq edilib.
Musavat.com xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, fırıldaqçılar əsasən vaxt və psixoloji vəziyyət üzərindən təzyiq qurmağa çalışırlar.
Nazirlik bildirir ki, ən geniş yayılmış üsullardan biri “təcili” çağırışıdır. Belə hallarda qurbanın düşünməsi üçün vaxt minimuma endirilir və bu, şəxsi məlumatların ələ keçirilməsi ehtimalını artırır.
Digər manipulyasiya üsulu “sabah” və ya “bir azdan” kimi vədlərlə diqqətin davamlı saxlanılmasıdır. Cinayətkarlar bu yolla prosesi uzadır və insanın aldadıldığını vaxtında anlamasının qarşısını alırlar.
Üçüncü geniş yayılmış üsul isə “uyğunsuz vaxt” faktorudur. Dələduzlar adətən insanın yorğun, əsəbi və ya diqqəti yayınıq olduğu anları seçirlər. Bu vəziyyətlərdə yanlış qərar vermə riski xeyli yüksəlir.
DİN vətəndaşları bu cür hallarda tələsməməyə, məlumat paylaşmamağa və şübhəli zəng və mesajlar barədə dərhal müvafiq qurumlara məlumat verməyə çağırır.
Musavat.com






