Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Anton Gorelkin Ukraynanın “GSC Game World” studiyasının “arzuolunmaz təşkilat” elan edilməsindən sonra rusiyalı oyunçuları “S.T.A.L.K.E.R.” oyun seriyasını cihazlarından silməyə çağırıb.
Rəsmi qurumun iddiasına görə, şirkətin hazırladığı oyunlarda “rusofob məzmun” aşkarlanıb və studiyanın təxminən 17 milyon dollar vəsaiti Ukrayna ordusuna yardım fondlarına yönləndirdiyi bildirilir. Bu qərar studiyaya qarşı növbəti məhdudiyyətlərin tətbiqini sürətləndirib.
Deputat Gorelkin əlavə edib ki, yaxın vaxtlarda “GSC Game World”ün bütün məhsulları Rusiya rəqəmsal platformalarından və marketpleyslərindən tamamilə çıxarıla bilər.
Qeyd edək ki, bundan əvvəl Roskomnadzor studiyanın saytını rusiyalı istifadəçilərə oyun satmaqdan imtina etdiyinə görə bloklamışdı.
Musavat.com






