İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat saxta məlumatlardan danışdı: “...dezinformasiya əməliyyatıdır”

774 27.01.2026 21:15 Dünya A A

Türkiyə prezidentinin 10 milyon dollar yardım qərarı ilə bağlı yalan məlumatların məqsədli şəkildə yayıldığı və bu dezinformasiya dalğasının regiondakı strateji müttəfiqliyə yönəlik təxribat xarakteri daşıdığı aşkardır. Bu məsələnin gündəmə gəlməsinin əsas səbəbi Türkiyə-Azərbaycan münasibətlərinə zərər vermək və bölgədə siyasi müstəvidə qarışıqlıq yaratmaq cəhdidir. Beləliklə, informasiya təhlükəsizliyinin önəmi, ictimaiyyətin doğru mənbələrə yönəlməsi, belə manipulyasiyaların qarşısını almaq məsələsinin əhəmiyyəti bir daha önə çıxır.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirib ki, son günlər Türkiyənin sosial media seqmentində və bəzi xəbər platformalarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın guya müharibədə həlak olmuş Ermənistan hərbçilərinin ailələrinə və aztəminatlı ailələrə 10 milyon dollar maliyyə yardımı ayrılması barədə qərar imzaladığına dair iddiaların yayılması təsadüfi informasiya xaosu deyil. Deputatın fikrincə, bu, klassik mənada planlı, məqsədli və çoxşaxəli dezinformasiya əməliyyatıdır: “İddiaların operativ şəkildə Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi tərəfindən rəsmi olaraq təkzib edilməsi, bu məlumatların nə dərəcədə əsassız və uydurma olduğunu açıq şəkildə ortaya qoyur. Rəsmi açıqlamada vurğulandığı kimi, Prezident tərəfindən belə bir qərarın imzalanması ilə bağlı heç bir hüquqi akt, rəsmi sənəd və ya normativ baza mövcud deyil. Bu fakt özü-özlüyündə yayılan məlumatların hüquqi və institusional baxımdan sıfır etibarlılığa malik olduğunu göstərir. Dezinformasiyanın əsas alətlərindən biri kimi sosial şəbəkələrdə dövriyyəyə buraxılan saxta “qərarnamə” görüntüləri xüsusi diqqət tələb edir. Bu tip vizual materiallar informasiyanın doğruluğunu yoxlamaq vərdişi olmayan istifadəçilər üçün psixoloji təsir vasitəsi rolunu oynayır. Halbuki bu görüntülər nə Türkiyənin dövlət idarəçiliyinin hüquqi prosedurlarına, nə də normativ aktların strukturuna uyğun gəlmir və heç bir hüquqi qüvvəyə malik deyil. Burada məqsəd, təkcə yanlış məlumat yaymaq deyil, eyni zamanda Türkiyə cəmiyyətində daxili narazılıq yaratmaq, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə şübhə toxumu səpmək, Ermənistanla bağlı həssas mövzulardan manipulyativ şəkildə istifadə etməkdir”.

Deputatın fikrincə, saxta məlumatın yayılma trayektoriyası da təsadüfi deyil: “Sözügedən iddialar əvvəlcə guya “Türkiyə mediası”na istinadla “X” sosial şəbəkəsində və rusdilli resurslarda dövriyyəyə buraxılıb, 26 yanvar 2026-cı il tarixdə isə “Caucasian Live” Telegram kanalı tərəfindən yayılıb. Daha sonra məlumat Azərbaycanda bir sıra xəbər saytlarında istinadla tirajlanıb. Araşdırma zamanı materialın ehtimal olunan mənbələri sırasında ölkəmizdə davamlı dezinformasiya fəaliyyəti səbəbindən bloklanmış “Tsargrad.tv” platformasının da yer alması xüsusilə diqqət çəkir. Bu fakt, sözügedən kampaniyanın rusdilli informasiya mühitindən qaynaqlandığını və postsovet məkanında Türkiyə-Azərbaycan oxunu hədəf aldığını göstərən ciddi indikator kimi qiymətləndirilməlidir. Bu dezinformasiya dalğasının əsas hədəfləri aydındır.

Məqsəd Türkiyənin regional siyasətini və prinsipial mövqeyini təhrif etmək, Azərbaycan ictimaiyyətində Türkiyəyə qarşı etimad böhranı yaratmaq, Ermənistan mövzusunu emosional alətə çevirərək ictimai şüuru manipulyasiya etmək, rəsmi dövlət institutlarına alternativ “informasiya mənbələri” formalaşdırmaqdan ibarətdir. Bu, klassik hibrid müharibə alətidir və informasiya təhlükəsizliyi müstəvisində son dərəcə ciddi yanaşma tələb edir”.

E.Mirzəbəyli vurğulayıb ki, Türkiyə Prezident Administrasiyasının rəsmi təkzibi Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı 10 milyon dollarlıq yardım qərarı imzalaması barədə yayılan məlumatların tamamilə yalan olduğunu təsdiq edir: “Bu hadisə sübuta yetirir ki, müasir dövrdə informasiya suverenliyi dövlətlərin və cəmiyyətlərin birgə məsuliyyətimə daxil olan komponentdir. İctimaiyyət yalnız rəsmi mənbələrə istinad etməli, emosional və məqsədli şəkildə dövriyyəyə buraxılan saxta xəbərlərə münasibətdə ayıq-sayıq olmalıdır. İnformasiya müharibəsində laqeydlik neytrallıq deyil, qarşı tərəfin xeyrinə işləyən zəiflik əlamətidir”.

Nigar Həsənli.
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR