Rusiyanın “Rossiya-1” telekanalı Azərbaycana qarşı növbəti dəfə təxribat edib.
Kanalın efirində vaxtilə Qarabağda qanunsuz silahlı qüvvələrin tərkibində döyüşmüş şəxslə müsahibə yayımlanıb. Müsahibin yaxasındakı keçmiş separatçı qurumun rəmzi iri planda nümayiş etdirilib.
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a şərhində bildirib ki, Rusiyanın televiziya kanallarında Ukrayna müharibəsində iştirak edən hərbçilərin və ya döyüşçülərlə müsahibələrin yayımlanması müharibə şəraitində olan ölkə üçün təbliğat siyasətinin bir hissəsi hesab oluna bilər. Deputat vurğulayıb ki, müharibə aparan dövlətlər cəmiyyətin döyüş ruhunu yüksəltmək və ictimai rəyi formalaşdırmaq məqsədilə bu cür informasiya siyasətindən istifadə edirlər, lakin həmin verilişdə uzun illər Cənubi Qafqazda münaqişə və gərginliyin əsas səbəblərindən biri olmuş erməni separatizminin simvollarının nümayiş etdirilməsi artıq başqa məna daşıyır:
““Rossiya-1” telekanalının keçmiş separatçının sinəsindəki qondarma rejimin rəmzini xüsusi şəkildə ön plana çıxarması və Qarabağla bağlı onun dilindən müəyyən siyasi məzmunlu fikirlərin səsləndirilməsi göstərir ki, bəzi dairələr regionda yaranmış yeni reallıqlarla tam barışmaq istəmirlər. Bu cür informasiya manipulyasiyaları puça çıxmış geosiyasi planların hələ də müəyyən dairələrin gündəmində qaldığını nümayiş etdirir. Lakin 2020-ci ilin Vətən müharibəsi və sonrakı antiterror tədbirləri Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Bu reallığı dəyişdirmək istiqamətində istənilən informasiya və ya təbliğat cəhdi nəticəsiz qalmağa məhkumdur. Azərbaycan Ordusu öz doğma torpaqlarını necə qəhrəmanlıqla işğaldan azad edibsə, bu torpaqların təhlükəsizliyini və ölkənin suverenliyini qorumaq gücünə də malikdir”.
Deputat həmçinin, qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir, müasir şəhər və kəndlər salınır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, iqtisadi və sosial həyat sürətlə bərpa olunur:
“Separatçılıq ideologiyası isə artıq tarixə qovuşub. Onu yenidən gündəmə gətirmək cəhdləri nə hüquqi, nə siyasi, nə də hərbi baxımdan hər hansı perspektiv vəd etmir. Keçmiş separatçı rejimin simvolları da, onların əsassız iddiaları da cəhənnəmə göndərilib. Bu səbəbdən həmin ideologiyanı yenidən dirçəltmək cəhdləri uğursuzluğa məhkumdur və regionda formalaşmış yeni geosiyasi reallığı dəyişmək iqtidarında deyil”, -deyə A.Badamov bildirib.
Nigar Həsənli
Musavat.com






