İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dəyirman Vahid"in məhkəməsi niyə bitmir? – 13 il cəza istənilsə də, hökmün oxunması 1 ildir yubadılır...

1443 18.06.2026 10:21 Ölkə A A

Azərbaycan hüquq-mühafizə orqanlarının uzun illər bağlı qalmış səs-küylü cinayətlərin üstünü açması cəmiyyətdə böyük rezonans doğursa da, bəzi işlərin məhkəmə mərhələsində "ilişib qalması" ciddi suallar yaradır. Bu qəbildən olan və ölkə mediasının diqqət mərkəzində dayanan ən qalmaqallı proseslərdən biri də "Dəyirman Vahid" kimi tanınan iş adamı, 1 saylı Taxıl Məhsulları Kombinatının keçmiş direktoru Vahid Həşimovun cinayət işidir.

Musavat.com-un əldə etdiyi məlumata görə, iş üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə keçirilən proses artıq bir ildən çoxdur ki, süni şəkildə uzadılır. Dövlət ittihamçısı tərəfindən müttəhim Vahid Həşimova qətl sifarişi ittihamı ilə 13 il həbs cəzası istənilsə də, məhkəmə ən müxtəlif bəhanələrlə yekun hökmün çıxarılmasını təxirə salır.

Xatırladaq ki, Vahid Həşimovun adı hüquq-mühafizə orqanlarının birgə keçirdiyi uğurlu əməliyyat nəticəsində 1998 və 2001-ci illərdə törədilmiş bir neçə ağır cinayətin sifarişçisi kimi keçir. İstintaq materiallarına görə, Vahid Həşimov pul müqabilində öz sürücü-mühafizəçisi Qulu Muxtarova keçmiş şəriki Qərib İbadovun və Ramiz Nadirovun öldürülməsini sifariş edib. Bu planın icrası isə killer Dadaş Hüseynova tapşırılıb. 1998-ci ildə Qərib İbadov ağız nahiyəsindən güllələnsə də, xoşbəxtlikdən sağ qalıb. Lakin digər hədəf Ramiz Nadirov həmin ilin iyununda odlu silahla qətlə yetirilib. Cinayət zənciri bununla da bitməyib. Sifarişli qətllərin icraçısı olan killer Dadaş Hüseynov sonradan əlavə pul tələb edərək Vahid Həşimovu hədələdiyi üçün, 2001-ci ildə boğularaq öldürülüb və meyiti Bakı-Qazax yolunun kənarına atılıb.

Ötən illər ərzində İbadov qardaşlarının (Qərib və Gülməmməd İbadovlar) mediaya verdiyi açıqlamalardan belə aydın olurdu ki, Vahid Həşimov uzun illər keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, sonradan isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsində olduğu üçün istintaqdan kənarda qala bilib. Hətta vaxtilə bu iddialara görə Vahid Həşimov Qərib İbadovu məhkəməyə verərək "böhtan" ittihamı ilə cəzalandırılmasını tələb etmişdi. Lakin Sabunçu Rayon Məhkəməsi Qərib İbadovun çağırışlarını həqiqətin üzə çıxması naminə edilən qanuni tələb sayaraq ona bəraət vermişdi.

Qəribovlar 1-ci vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra 2023-cü ildə cinayət işləri yenidən araşdırılıb və Vahid Həşimov istintaqa cəlb olunub. Həmin ilin sentyabrında bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Penitensiar Xidmət birgə məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış bir neçə xüsusilə ağır - qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb. Belə ki, 1998-ci il il fevralın 7-də Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi, həmin il iyunun 20-də isə Ramiz Nadirovun naməlum şəxs tərəfindən odlu tapança silahından atılan atəşlər nəticəsində qəsdən öldürülməsi faktları üzrə cinayət işləri başlanıb.

Toplanmış sübutlarla hər iki əməlin eyni şəxs tərəfindən törədilməsi ehtimal olunduğundan cinayət işləri bir icraatda birləşdirilərək ibtidai istintaqın davamı Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Bundan başqa, 2001-ci il dekabrın 6-da Bakı-Qazax yolunun sol tərəfində, dərənin içində, üzərində zorakılıq əlamətləri olan paltarsız naməlum kişi meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

İstintaq zamanı naməlum kişi meyitinin Dadaş Hüseynova məxsus olması, Dadaş Hüseynovun isə Qərib İbadovla Ramiz Nadirova qarşı törədilmiş cinayətlərin icraçısı olmasına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, 1 saylı Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində işləmiş Vahid Haşımovun pul müqabilində sürücü-mühafizəçisi Qulu Muxtarova Qərib İbadov və Ramiz Nadirovu öldürülməsini sifariş etməsinə, bu sifarişlərin isə Dadaş Hüseynov tərəfindən pul müqabilində icra olunmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin, Qulu Muxtarovun törədilmiş cinayət əməllərindən xəbərdar olmaqla onu sonradan icra etdiyi cinayətlərə görə əlavə pul almaq üçün hədələyən Dadaş Hüseynovu 2001-ci il dekabrın 3-də Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Vahid Haşımov (sifarişçi) və Qulu Muxtarov (icraçı) cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevin vəfat etmələri nəzərə alınmaqla, qanuna müvafiq qərarlar qəbul edilib. 2024-cü ildə qanlı cinayət dosyesi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Asif Əliyevin icraatına verilib. Məhkəmə zamanı ittiham təsdiqini tapıb və dövlət ittihamçısı ittihamın ağırlığını əsas gətirərək ona 13 il cəza istədi.

Məsələnin ən müəmmalı tərəfi də budur ki, prokurorun cəza istəməsindən sonra məhkəmə kollegiyası hökmü elan etməyə tələsmir.

Hətta Qərib İbadov ailəsi ilə birgə videomüraciət yayaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hökm elan edilməsinin ən müxtəlif bəhanələrlə uzadıldığını açıqlayıblar. Qərib İbadovun oğlu Samir İbadov deyib ki, məhkəmə sədrinin qəbulunda olublar.

Lakin bunun da bir faydası olmayıb. Prosesdə hökm oxunması 1 ildən artıqdır ki, dayandırılıb. Ən müxtəlif, bəzən isə tamamilə əsassız bəhanələrlə - tərəflərin prosesə gəlməməsi, vəsatətlərin verilməsi və ya digər prosessual gecikdirmələrlə hökmün oxunması davamlı olaraq təxirə salınır. Zərərçəkmiş tərəf prosesin bu dərəcədə uzadılması arxasında müəyyən təsirlər və müttəhimin məsuliyyətdən yayındırmaq cəhdlərinin olmasını istisna etmirlər. Maraqlıdır ki, söhbət sıradan bir xuliqanlıqdan deyil, dövlətin rəsmi orqanlarının xüsusi bəyanatla elan etdiyi, üstü açılmış dəhşətli killer şəbəkəsi və sifarişli qətllərdən getdiyi bir vaxtda, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi hökmün oxunmasını təxirə salır. 3 ildir ki, sabun köpüyü kimi uzanan, 1 ildir ki, "Dəyirman Vahid" barəsində ədalətli hökmün çıxarılmasının ləngilməsinin arxasında kim dayanır? Hazırda dövlətə xəyanət ittihamı ilə istintaq altında olan Ramiz Mehdiyev yoxsa 2015-ci ildə vəzifəsindən qovulan, barəsində cinayət dosyesi olan Eldar Mahmudov?

Mövzuya qayıdacağıq.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR