Dördüncü ilini tamamlayan Rusiya–Ukrayna müharibəsində cəbhə xətti faktiki olaraq dəyişməz qalıb, lakin insan və iqtisadi itkilər artmaqda davam edir.
Musavat.com xəbər verir ki, “The Times” nəşrinin təqdim etdiyi qrafiklərə əsasən, 2022-ci ildə Ukrayna ərazilərinin 27 faizi işğal altında olduğu halda, hazırda Rusiya təxminən 18 faizə nəzarət edir.
2024-cü ildən etibarən Rusiya ordusunun irəliləyişi gün ərzində onlarla metr səviyyəsində qiymətləndirilir. Ən qaynar nöqtələrdən biri Xerson istiqamətidir. Müasir mərhələdə itkilərin 80 faizə qədəri dronların payına düşür ki, bu da müharibənin xarakterinin köklü şəkildə dəyişdiyini göstərir.
Rəsmi məlumatlara görə, 15 mindən çox mülki şəxs həlak olub, 41 mindən artıq insan yaralanıb. Kiyev 55 min hərbçinin öldüyünü açıqlasa da, ABŞ-ın Center for Strategic and International Studies (CSIS) mərkəzinin qiymətləndirmələri bu rəqəmlərin daha yüksək ola biləcəyini göstərir. Rusiya tərəfinin ümumi itkiləri isə təxminən 1,2 milyon nəfər kimi göstərilir, bunun 325 mininin həlak olduğu bildirilir.
Enerji obyektlərinə zərbələr üç dəfə artıb. Elektrik kəsintiləri genişlənib, Ukrayna enerji idxalını artırmağa məcbur qalıb, ixrac isə faktiki olaraq dayanıb.
Müharibənin demoqrafik təsiri də ağırdır: 5,9 milyon ukraynalı xaricdə qalır, 3,7 milyon nəfər isə ölkə daxilində məcburi köçkün vəziyyətindədir. Sorğulara görə, onların 61 faizi geri qayıtmağı planlaşdırır.
Müttəfiqlər Ukraynaya ümumilikdə 343 milyard avro ayırıblar, bunun 162 milyard avrosu hərbi yardımdır. ABŞ-ın payı azalsa da, Avropa dəstəyini artırıb və Avropa İttifaqı 90 milyard avroluq yeni paketi təsdiqləyib.
Musavat.com






