Yaxın Şərqdə artan hərbi gərginlik və təhlükəsizlik riskləri regionda hava nəqliyyatına da ciddi təsir göstərib. Dubayda hava limanı yaxınlığında baş verən dron insidentindən sonra uçuş təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da artıb. Dubay Beynəlxalq Hava Limanı yaxınlığına pilotsuz uçuş aparatlarının düşməsi nəticəsində 4 nəfər yaralanıb. Hadisədən sonra hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib və bəzi reyslərdə gecikmələr qeydə alınıb. Regionda gərginliyin artması təkcə kommersiya aviasiyasına deyil, özəl təyyarə bazarına da ciddi təsir göstərib.
Musavat.com-a danışan mənbələrin sözlərinə görə, müharibə başlamazdan əvvəl Dubaydan Gürcüstana 12-13 yerlik şəxsi təyyarə ilə uçuş kifayət qədər əlçatan idi.
Hətta bir qrup azərbaycanlı sərnişin təyyarə kirayələyərək Dubaydan Tiflisə cəmi 3-4 min dollara uçurdu. Sərnişinlər xərci bölüşdürərək bu marşrutu tez-tez istifadə edirdilər. Lakin regionda hərbi risklərin artması və hava məkanında təhlükəsizlik məhdudiyyətlərinin tətbiqi vəziyyəti tam dəyişib. Hazırda həmin istiqamətdə özəl təyyarə ilə uçuşun qiyməti kəskin bahalaşıb. Dubaydakı mənbələrin bildirdiyinə görə, indi həmin təyyarədə bir nəfərlik yerin qiyməti təxminən 17 min dollara qədər yüksəlib.
Qiymətlərin bu qədər artmasının bir neçə səbəbi var: Yaxın Şərqdə artan hərbi risklər və hava məkanının bağlanması; alternativ marşrutların uzanması və yanacaq xərclərinin artması; təhlükəsizlik və sığorta ödənişlərinin bahalaşması özəl təyyarələrə tələbatın kəskin yüksəlməsini şərtləndirib. Xüsusilə Dubay kimi qlobal nəqliyyat qovşağında yaranan təhlükəsizlik riskləri özəl aviasiya bazarını daha da gərginləşdirib. Bu səbəbdən bir vaxtlar sərnişinlərin xərci bölüşərək istifadə etdiyi təyyarə uçuşları indi yalnız çox imkanlı şəxslərin istifadə edə biləcəyi lüks xidmətə çevrilib.
Regionda gərginlik davam edərsə, Dubaydan Cənubi Qafqaza uçuşların qiymətində artım tendensiyası bir müddət də davam edə bilər.
E.Məmmədəliyev,
Musavat.com






