ABŞ-nin "Ursa Major" şirkəti HAVOC hipersəs raketi ilə bağlı təfərrüatları açıqlayıb. Bildirilir ki, yeni raket bahalı analoqlarla müqayisədə daha əlçatan alternativ kimi nəzərdə tutulub.
Musavat.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Kris Spanyoletti "Breaking Defense" nəşrinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, bir raketin qiyməti 3 milyon dollardan artıq olmayacaq.
Qeyd edilir ki, HAVOC hazırda on milyonlarla dollara başa gələn elit hipersəsli silahlarla daha ucuz sursatlar arasında "orta seqment" məhsul kimi təqdim olunur. Müqayisə üçün bildirilir ki, "Dark Eagle" raketinin bir ədədi təxminən 41 milyon dollara başa gəlir.
Məlumata görə, yeniliyin əsas texniki xüsusiyyəti tənzimlənən dartı qüvvəsinə malik "Draper" maye yanacaqlı raket mühərrikinin istifadəsidir. Bildirilir ki, bu layihədə adətən tətbiq olunan birbaşa axınlı hava-reaktiv sistemlərdən istifadə edilmir.
Şirkətin açıqlamasına əsasən, "Ursa Major"un mühərriki atmosferin yuxarı qatlarında səmərəli fəaliyyət göstərə bilir. Bu isə mürəkkəb və bahalı istilik mühafizə sistemlərinə ehtiyacı azaldır, nəticədə yekun maya dəyəri aşağı düşür və komponentlərin tədarük zənciri sadələşdirilir.
Qeyd olunur ki, raket müxtəlif əməliyyat şəraitinə uyğunlaşdırıla bilər və həm hava, həm də yerüstü platformalardan istifadə üçün nəzərdə tutulub. Yerüstü buraxılış zamanı əlavə sürətləndirici vasitəsilə sürət və güc artırılır. Bildirilir ki, HAVOC yüksək manevr qabiliyyəti sayəsində yalnız hədəfləri vurmaqla kifayətlənmir, həm də digər hipersəsli raketləri təqib edib zərərsizləşdirmək imkanına malikdir.
Şirkət növbəti il ərzində əsas diqqəti raketin tələb olunan standartlara çatdırılmasına yönəldəcək. Məqsəd hipersəs sürətlərində uğurlu sınaqların keçirilməsidir. İnkişaf tempi qorunarsa, silahın 3-4 il ərzində, yəni 2030-cu ilə qədər dövlət arsenalına daxil edilə biləcəyi bildirilir.
Musavat.com






