AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də qətimkan tədbiri seçilib.
Onun barəsində Səbail rayon Məhkəməsində qərar qəbul olunub. Məhkəmənin qərarı ilə M. İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Kərimli ilə yanaşı, Faiq Əmirli, Fariz Əlizadə, Saleh Rüstəmli və Kərimlinin mühafizəçisi Ruslan Əmirov kimi partiya fəalları da saxlanılıb. Sonradan həmin şəxslərdən F.Əmirli və S.Rüstəmli azad olunub.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılaraq, Azərbaycana deportasiya olunub. Onu hava limanında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları qarşılayıb. Son xəbərə görə, G.Hacıbəyli DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan “Ramiz Mehdiyev işi” çərçivəsində dindirilməsi üçün bu quruma aparılıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Azad Vətən Partiyasının sədri Akif Nağı ilə müzakirə edir.






