Cefri Epşteyn işi üzrə əsas fiqurlardan biri olan Gisleyn Maksvelin 2020-ci ilin iyul ayında ABŞ-nin Bruklin şəhərindəki istintaq təcridxanasında çəkilmiş təxminən 10 saatlıq videogörüntüləri ictimaiyyətə təqdim edilib.
Musavat.com xəbər verir ki, yayımlanan kadrlarda bir vaxtlar şəxsi təyyarələri, dəbdəbəli malikanələri və elitar ziyafətləri ilə tanınan Maksvel bu dəfə təhlükəsizlik kamerasının obyektivində əks olunur. Görüntülər onun dar kamerada saatlarla irəli-geri gəzdiyini, bəzən kitab oxuduğunu və monoton həbsxana rejimi içində vaxt keçirdiyini göstərir.
Qeyd edək ki, bu görüntülər çəkilərkən 64 yaşlı Maksvel hələ məhkəmə hökmünü almamışdı və girov qarşılığında azadlığa buraxılıb-buraxılmayacağı ilə bağlı qərarı gözləyirdi. Lakin məhkəmə girov qərarı vermədi və Maksvel 2021-ci ildə azyaşlılara qarşı cinsi istismar və cinsi məqsədli insan alveri ittihamları ilə 20 il müddətinə azadlıqdan məhrum edildi.
Media maqnatı olan atasının nüfuzu və yüksək cəmiyyətlə əlaqələri sayəsində uzun illər ABŞ və Avropa elitasının mərkəzində yer alan Gisleyn Maksvel sonradan Epşteynin qurduğu istismar və şantaj şəbəkəsinin əsas əlaqələndiricisi kimi ifşa olunub.
Görüntülərin məhz indi yayılması təsadüfi sayılmır. Məlumata görə, Maksvelin fevralın 9-da ABŞ Nümayəndələr Palatasında andlı ifadə verməsi gözlənilir. Videonun bu ərəfədə ictimailəşdirilməsi, Epşteyn şəbəkəsinin qurbanlarını və işin miqyasını yenidən gündəmə gətirmək cəhdi kimi qiymətləndirilir.
Sözügedən video ABŞ Konqresinin təzyiqi ilə açıqlanan genişmiqyaslı “Epşteyn dosyaları”nın yalnız kiçik bir hissəsidir. 2026-cı ilin yanvar ayından etibarən dərc olunan sənədlərdə yüksək vəzifəli siyasətçilər, nüfuzlu iş adamları və tanınmış şəxslərin Cefri Epşteynlə əlaqələri yenidən diqqət mərkəzinə düşüb. Həmin materiallar Epşteynin bu şəxsləri necə təsir və şantaj mexanizminə cəlb etdiyini daha aydın şəkildə üzə çıxarır.
Hazırda Gisleyn Maksvel ABŞ-nin Texas ştatında yerləşən həbsxanada 20 illik cəzasını çəkir.
Şahanə Rəhimli
Musavat.com






