ABŞ Nümayəndələr Palatasının pedofiliyada ittiham olunan və sonradan intihar edən maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanmasına dair qəbul etdiyi qanun layihəsi Senat tərəfindən yekdilliklə qəbul edilib.
Musavat.com xəbər verir ki, sənəd imzalaması üçün prezident Donald Trampa göndərilib.
Tramp isə "Truth Social" hesabında sənədlərin açıqlanması ilə respublikaçıların onun administrasiyasının qələbələrindən yayınmasını istəmədiyini qeyd edib:
"Senatın Nümayəndələr Palatasının qanun layihəsini bu gün və ya tezliklə təsdiqləməsinin mənim üçün fərqi yoxdur, sadəcə respublikaçıların bütün qələbələrimizdən nəzərlərini yayındırmasını istəmirəm".
Ağ Ev rəhbəri administrasiyasının nailiyyətləri arasında səkkiz hərbi münaqişənin həllini, ABŞ-a milyardlarla dollar investisiya cəlb etməyi, immiqrasiya nəzarətinin gücləndirilməsini və ölkədə inflyasiyanın dayandırılmasını qeyd edib.
Ötən həftə Demokratlar Epşteynin bir neçə tanışı və tərəfdaşı ilə elektron poçt yazışmalarının bir hissəsini yayımlayıblar. Ağ Ev Demokratların hərəkətlərini prezidenti ləkələmək cəhdi adlandırıb.
Musavat.com






