İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçinin Bakı səfərini zəruri edən MÜHÜM MƏQAMLAR

614 04.12.2025 20:26 Dünya A A

İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycana səfər edəcək.

Bu barədə Musavat.com-a İranın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, səfərin növbəti həftə olması nəzərdə tutulur.

Bəs Tehran-Bakı münasibətlərinin indiki vəziyyətində Azərbaycanla İran arasında aktuallıq kəsb edən və müzakirəsi gözlənilən hansı məsələlər ola bilər?

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, iki ölkənin müzakirə edəcəyi və həllini gözləyən bir sıra aktual məsələlər var: “Bilirsiniz ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. İranlı nazirin səfərində bu mövzunun müzakirə ediləcəyi və Bakının öz həmişəki mövqeyini bir daha İran tərəfinin diqqətinə çatdıracağı istisna deyil. Digər mümkün müzakirə mövzuları sırasında Azərbaycan-İran iqtisadi-ticari əlaqələrinin dərinləşdirilməsi ola bilər. 2026-cı il üçün İranla Azərbaycan arasında iqtisadi, ticarət əlaqələri, indiyə qədər imzalanmış müqavilə və sənədlərin qarşıdakı ildə icrasının davam etdirilməsi ilə bağlı yəqin ki, fikir mübadiləsinə ehtiyac olacaq.

Verilən açıqlamalara görə, iki ölkə arasında 2025-ci ildə ticarət dövriyyəsi artıb. Xüsusilə sərhəd-gömrük, tranzit-logistika və investisiya layihələrinin, yol, körpü, sərhəd keçid məntəqələri və daha geniş tranzit koridorlarının sürətləndirilməsi gündəmdədir. Məsələn, Araz çayı üzərində inşa edilən Ağbənd avtomobil körpüsü, sərhəd infrastrukturu, gömrük prosedurlarının sadələşdirilməsi kimi məsələlər müzakirə mövzusu ola bilər. Hər iki ölkə üçün vacib olan nəqliyyat–logistika infrastruktur layihələri prioritet sayılır. Bu layihələr vasitəsilə tranzit, yük daşımaları, ticarət axınının artırılması həm regional, həm beynəlxalq səviyyədə həm İran, həm Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”.

Politoloqun sözlərinə görə, son vaxtlar İranın Ermənistana münasibətində bir narazılıq və bu narazılıqdan qaynaqlanan soyuqluq müşahidə olunur. Xarici işlər nazirinin Bakıya səfərinin məhz belə bir zamanda olması da maraqlıdır: “Ermənistanla münasibətlərində soyuq yellər əsən İranın Azərbaycanla əlaqələri sıxlaşdırmağa can atması müşahidə olunur. İran hakimiyyətinin islahatçı hesab olunan qanadı-yeri gəlmişəkən Abbas Əraqçi də bu qanada aiddir-Azərbaycanla münasibətlərin yaxşılaşdırmağın tərəfdarı kimi çıxış edirlər. Ancaq mühafizəkar qanad Azərbaycana qarşı sərt mövqedə qalır və bu qanadın təmsilçiləri az qala hər gün anti-Azərbaycan çıxışları edirlər. Yəqin ki, Bakıda nazir Əraqçiyə bu məsələ barədə də Azərbaycanın narazılığı çatıdırılacaq. Yeni çağırışlarda Azərbaycan-İran münasibətlərinin necə olmasının vacibliyi məsələsi də diqqət mərkəzində ola bilər”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR