İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kilsəsi Paşinyana qarşı “son döyüş”ə start verdi

553 09.12.2025 12:03 Siyasət A A

Mübarizə Ermənistanın sərhədlərini aşdı - II Qareginin köməyinə I Aram gəldi; baş nazirə qarşı koalisiya yaradılır

Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasındakı gərginlik ən yüksək həddə çatıb. Paşinyan Ktriç Nersisyanın - İkinci Qareginin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Erməni Apostol Kilsəsinin “bərpasına” dair yol xəritəsini də hazırlayıb.

“Yeni Müsavat”ın məlumatına görə, baş nazir bu barədə Facebook-dakı şəxsi səhifəsində yazıb. O qeyd edib ki, Erməni Apostol Kilsəsinin mexanizmlərinin məntiqinə uyğun olaraq, Qaydalar Məcəlləsinin qəbulu zəruridir. Məcəllədə isə Erməni Apostol Kilsəsinin ruhaniləri üçün dürüstlük qaydaları və onların təmin edilməsi üçün təminatlar, kilsənin maliyyə şəffaflığı və onun maliyyələşdirilməsi, siyasətdən kənar olması zərurəti, onun maliyyələşdirilməsinə zəmanət, fəaliyyətinin Ermənistanın vergi qanunvericiliyinə uyğunluğu əksini tapacaq. Yekunda isə yeni məcəlləyə uyğun olaraq Bütün Ermənilərin Katolikosunun seçkiləri nəzərdə tutulur.

Ermənistan daxilində uzun müddətdir davam edən Paşinyan-kilsə qarşıdurması artıq ölkə sərhədlərini aşaraq diaspor mərkəzlərinə də sıçrayıb. Musavat.com xəbər verir ki, bu dəfə proses Livanda yerləşən Böyük Kilikiya Evinin Katolikosluğunu özünə cəlb edib. Anteliasdakı erməni dini rəhbərliyi sayılan Katolikos Aram I son çıxışı ilə Paşinyan hakimiyyətinə açıq şəkildə meydan oxuyub və kilsənin mövqeyini daha sərt tonla bəyan edib. Liturgiya mərasimindən sonra səsləndirdiyi “Ermənistanda ədalətsizlik olanda Antelias "yox" deyir və deməyə davam edəcək” sözləri qarşıdurmanın yeni mərhələyə keçdiyini nümayiş etdirib. Aram I son aylarda aktiv şəkildə xarici səfərlərdə iştirak edir və hər platformada Qarabağda dağıdılmış separatçı rejimin tanıdılması məsələsini yenidən gündəmə gətirməyə cəhd göstərir. Xüsusilə Kanada səfəri zamanı qondarma “Artsax”ın tanıdılması ideyasının rəsmi səviyyəyə daşınması Paşinyan xəttinin əksinə bir istiqamət kimi dəyərləndirilir. Ermənistan hökumətinin postmüharibə dövründə Qarabağ mövzusunu bağlamağa çalışdığı bir vaxtda kilsənin bu istiqamətdə aktivləşməsi daxili ideoloji parçalanmanı daha da dərinləşdirir. Paşinyan hakimiyyəti artıq bir müddətdir kilsənin siyasi təsirini məhdudlaşdırmağa, “kilsə zəncirini qırmağa” yönəlmiş kurs aparır. Bu prosesdə bir sıra rütbəli ruhanilərin saxlanılması, din xadimlərinə qarşı cinayət işlərinin açılması və məhkəmə prosesləri kilsə daxilində ciddi narazılıq yaradıb. Kilsə isə son hadisələri “erməni kimliyinə və tarixi-mənəvi dayaqlara hücum” kimi təqdim edir, həm daxildə, həm də diasporada müqaviməti təşkilatlandırmağa çalışır. Müşahidəçilərə görə, qarşıdurma təkcə dini mühitlə dövlət arasındakı fikir ayrılığı deyil, həm də Ermənistanın gələcək siyasi-orientasiya modelinə dair kəskin çarpışmadır. Bu mübarizədə Rusiya faktoru da xüsusi qeyd olunur. Kreml kilsə institutundan istifadə edərək Paşinyan hakimiyyətinə təzyiq etməyə, onun qərbyönlü kursunu zəiflətməyə çalışır. Kilsə isə Moskvanın bu dəstəyini daxili müqaviməti genişləndirmək üçün rıçaq kimi istifadə edir. Beləliklə, Paşinyan-kilsə qarşıdurması artıq Ermənistanın daxilində qapalı proses olmaqdan çıxıb və Livan, Kanada, Rusiya kimi diaspora mərkəzlərinə də daşınaraq genişlənən siyasi-sosial mübarizəyə çevrilib. Tərəflərin geri addım atmaq niyyətində olmadığı görünür. Proses kəskinləşmə xətti üzrə davam edir və gələcəkdə daha sərt fazaya keçəcəyi ehtimal olunur. Bu isə Ermənistan üçün yeni daxili gərginlik dalğasının qaçılmaz ola biləcəyini göstərir.

Ötən gün axşam saatlarında məlum oldu ki, Livanda yerləşən Böyük Kilikiya Evinin katolikosu I Aram isə növbəti dəfə bəyanat verərək Ermənistan hakimiyyətini Erməni Apostol Kilsəsinin işlərinə qarışmamağa çağırıb. Patriarxın bəyanatında deyilir ki, Erməni Apostol Kilsəsinin xarici və daxili təhlükələrdən qorunması milli prioritetdir. Ultimatum xarakterli bəyanatda bildirilir ki, Ermənistan rəhbərliyi kilsənin, millətin və vətənin məhvinə səbəb ola biləcək konstitusiyaya zidd addımlardan əl çəkməlidir. I Aram həmçinin Eçmiədzinin Ana Taxtına müraciət edərək bütün ermənilərin katolikosu II Qareginin ətrafında birləşməyi və kilsənin əhd və prinsiplərinə sadiq qalmağı xahiş edib.

Bundan əvvəl ki, Erməni Apostol Kilsəsinin arxiyepiskopları və yepiskopları, Eçmiədzinin Ana Taxtına və bütün ermənilərin katolikosu II Qareginə qeyd-şərtsiz övlad sədaqətini bildirdikləri barədə bəyanat yaymışdılar. 27 yepiskop və arxiyepiskopun yaydığı bəyanatda “Biz kilsədaxili məsələləri siyasi müdaxilə yolu ilə həll etmək cəhdini qəbuledilməz və təhlükəli hesab edirik”, - deyə bildirilirdi.

Paşinyan-kilsə qarşıdurması PİK HƏDDƏ – Ermənistan daxili toqquşmalara  SÜRÜKLƏNİR...

Qeyd edək ki, bundan əvvəl N.Paşinyan “Erməni Kilsəsinə Ktriç Nersisyanın (II Qaregin) mövcudluğundan daha böyük zərər verən heç nə yoxdur” demişdi. Ardınca isə İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verdi. Daha əvvəl arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapayan həbs edilmişdi. Üstəlik, Paşinyan parlament tribunasından katolikosu “agent fəaliyyəti”ndə də ittiham edib.

Ötən həftə Marseldən qayıdan bütün ermənilərin katolikosu II Qareginin İrəvanın Zvartnots hava limanında həbs ediləcəyindən narahat olan tərəfdarları onu qarşılamağa çıxmışdılar. Lakin görünür, Paşinyan hələ həbs qərarını qəbul etməyi təhlükəli sayır.   

Bu arada, Paşinyan deyib ki, kilsələrdə istər girişdə, istərsə də içəridə erməni dövlət bayrağının olması məsələsi də müzakirə mövzusu olmalıdır. Daha əvvəl o, bütün kilsələrdə xor kollektivlərinin Ermənistan Respublikasının dövlət himnini oxumasını məqsədəuyğun saymışdı. Bu təşəbbüslər isə kilsə tərəfindən “top-tüfəng”lə qarşılanır. Görünən budur ki, seçkilərədək savaş daha da şiddətlənə bilər. Proseslərə Aramın da qoşulması, üstəlik, diaspora və kilsənin ayağa qalxması, revanşistlərin də hərəkətlənməsi Paşinyan üçün dumanlı vəziyyət yaradır. Beləliklə, erməni kilsəsi Paşinyana qarşı “son döyüş”ə start verib, erməni baş nazirə qarşı de-fakto koalisiya qurulur. Proseslər nə ilə bitəcək?

Tural İsmayılov: “Laçın yolunda uzun illər davam edən ədalətsizliklər sona  çatdı”

 Tural İsmayilov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayilov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda kilsə ilə hökumət arasında gərginlik uzun illərdir mövcuddur və indi daha da dərinləşib: “Paşinyan hakimiyyəti kilsənin siyasi təsirini məhdudlaşdırmaq üçün addımlar atır. Bu addımlar ruhanilərin saxlanılması və məhkəmə prosesləri ilə müşayiət olunur. Kilsə isə bunu milli kimliyə hücum kimi təqdim edir. Katolikos Aram I son çıxışında Paşinyan hakimiyyətinə açıq meydan oxudu. Onun "ədalətsizlik olanda xalq “yox” deyir" sözləri qarşıdurmanın yeni fazaya keçdiyini göstərdi. Bu bəyanat kilsənin mövqeyini daha sərt tonla ortaya qoydu. Ermənistan daxilində ideoloji parçalanma daha da dərinləşdi". T.İsmayılov qeyd etdi ki, Kilsə Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışır: “Bu, hökumətin postmüharibə dövründə mövzunu bağlamaq siyasətinə ziddir. Kanada səfəri zamanı qondarma "Artsax"ın tanıdılması ideyasının gündəmə gətirilməsi Paşinyan xəttinə qarşı bir addım oldu. Diaspor mərkəzlərində kilsənin fəallaşması mübarizəni beynəlxalq müstəviyə daşıdı". Ekspertin sözlərinə görə, Paşinyan hökuməti modernləşmə və qərbyönlü siyasəti önə çəkir: “Kilsə isə "tarixi" və “dini” dayaqları müdafiə edir. Bu ziddiyyət Ermənistanın gələcək siyasi modelini müəyyənləşdirəcək. Mübarizə kompromissiz davam edir".

STM əməkdaşı şimal faktoruna da diqqət çəkdi: “Rusiya faktoru qarşıdurmanı daha mürəkkəb edir. Kreml kilsədən istifadə edərək Paşinyana təzyiq göstərməyə çalışır. Kilsə Moskvanın dəstəyini daxili müqaviməti gücləndirmək üçün rıçaq kimi görür. Bu, Ermənistanın siyasi orientasiyasını müəyyənləşdirəcək əsas mübarizələrdən biridir. Paşinyan təkcə Qareginlə deyil, bütövlükdə kilsə institutları ilə qarşı-qarşıya qalır. Kilsənin revanşist ritorikası cəmiyyətin bir hissəsində hələ də güclü təsirə malikdir. Bu isə hökumətin modernləşmə siyasətini çətinləşdirir. Qarşıdurmanın sərtləşməsi yeni daxili gərginlik dalğası yarada bilər. Kilsə özünü milli kimliyin qoruyucusu kimi təqdim edir. Hökumət isə sekulyar dövlətçilik xəttini gücləndirməyə çalışır. Bu ideoloji ziddiyyət kompromissizdir. Ermənistanın siyasi sabitliyi bu mübarizədən ciddi təsirlənə bilər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR