Erməni kilsəsi daxilində gərginlik siyasi proseslərlə daha da dərinləşdiyi iddia olunur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müxalifyönlü “İravunk” nəşri Ermənistan Apostol Kilsəsi daxilində baş verən qarşıdurma ilə bağlı diqqətçəkən iddialar yayıb.
Qəzetin iddiasına görə, “istefaçı yepiskoplar” adlandırılan qrup hazırda çətin vəziyyətdədir – bir tərəfdən baş nazir Nikol Paşinyan onları nəzərə almır, digər tərəfdən isə Katolikosa müraciət etməkdən çəkinirlər.
Mənbələrin iddiasına görə, kilsə daxilində nüfuzlu şəxslərdən biri yepiskoplara bildirib ki, onlar qərarlarında sərbəstdirlər və heç kim onlara müdaxilə etməyəcək.
Bildirildiyinə görə, episkoplar hazırkı mərhələdə seçkilərin nəticəsini gözləmək qərarı veriblər. Əgər Paşinyan yenidən hakimiyyətə gələrsə, onların Katolikosun kənarlaşdırılması istiqamətində addımlarını davam etdirəcəyi ehtimal olunur.
Əks halda isə bu qrupun yenidən kilsə rəhbərliyi ilə əlaqə qurmaq məcburiyyətində qalacağı bildirilir.
Musavat.com






