Ermənistanın keçmiş hakim Respublika Partiyasının sədr müavini Armen Aşotyan Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışına münasibət bildirib.
Musavat.com xəbər verir ki, erməni siyasətçi baş nazir Nikol Paşinyanın regiondakı nəqliyyat layihələri ilə bağlı açıqlamalarının bu çıxışdan sonra faktiki olaraq təkzib edildiyini iddia edib.
Aşotyanın sözlərinə görə, Paşinyan Ermənistanın TRIPP (Zəngəzur) layihəsindən maksimum fayda əldə edəcəyi və ölkənin Türkiyə-Azərbaycan logistika əlavəsinə çevrilməyəcəyi barədə ictimaiyyəti inandırmağa çalışırdı. Lakin o hesab edir ki, Münhendə səslənən fikirlər bu arqumentləri zəiflədib və İrəvanda yeni siyasi mübahisələrə səbəb olub.
Erməni müxalifət nümayəndəsi həmçinin bildirib ki, danışıqlar masasında “Sülh kəsişməsi” təşəbbüsünün mövcudluğu barədə iddialar da şübhə altına düşüb. Onun fikrincə, ABŞ-nin əvvəlki administrasiyası dövründə gündəmə gəlmiş sənəd hazırda aktiv siyasi gündəmdə deyil.
Aşotyan əlavə edib ki, Azərbaycan Prezidenti ironik şəkildə ABŞ-də hakimiyyət dəyişikliyi olacağı halda həmin təşəbbüsün yenidən gündəmə qaytarılmasını mümkün variant kimi qeyd edib.
Musavat.com






