Erməni nəşri Hraparak ölkədə keçirilmiş ümummilli rəy sorğusunun nəticələrini dərc edib. Sorğunun nəticələrinə görə, Ermənistan əhalisinin üçdə ikisi Azərbaycanla uzunmüddətli və davamlı sülhün mümkünlüyünə inanmır.
Musavat.com xəbər verir ki, araşdırma 5–25 oktyabr 2025-ci il tarixlərində “Arar” Sivilizasiya Tədqiqatları Fondu tərəfindən aparılıb və nəticələr 11 noyabrda elan olunub. Sorğuda 18–80+ yaş aralığında olan vətəndaşlar iştirak edib, podaqrafik xəta ±2,92% təşkil edib.
Sorğu nəticələrinə görə, respondentlərin yalnız 30,5%-i danışıqlar yolu ilə Azərbaycanın Ermənistanla davamlı sülhə nail ola biləcəyini düşünür, 69,2%-i isə inanmır.
“Prezident Donald Trampın vasitəçiliyi ilə imzalanacaq Ermənistan–Azərbaycan sülh sazişi real sülh gətirəcəkmi?” sualına isə respondentlərin 33,7%-i “bəli”, 65,1%-i “xeyr” cavabı verib.
Prezident İlham Əliyevin sülh müqaviləsini imzalaması üçün ilkin şərt kimi Ermənistanın yeni konstitusiya qəbul etməsi müzakirə olunur. Sorğuya görə, respondentlərin 35,1%-i yeni konstitusiyanın zəruri olduğunu deyib, 61,3%-i isə buna qarşı çıxıb.
Nəticələr göstərir ki, Ermənistan cəmiyyətində sülh perspektivinə dair ciddi pessimizm hökm sürür və bu vəziyyət siyasi proseslərə birbaşa təsir edir.
Musavat.com






