İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd ailəsinin ən qalmaqallı üzvü ÖLDÜ - “Həma qəssabı” KİM İDİ?

969 22.01.2026 14:55 Dünya A A

Suriyanın keçmiş prezidenti Hafiz Əsədin qardaşı, digər keçmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsəd 88 yaşında vəfat edib. Onun Birləşmiş Ərəb Əmirliklərində dünyasını dəyişdiyi bildirilir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Rifat Əsəd 1982-ci ildə Həmada baş verən islamçı qiyamın amansız şəkildə yatırılmasındakı roluna görə tənqidçiləri tərəfindən “Həma qəssabı” kimi tanınırdı.

Keçmiş ordu mənsubu olan Rifat Əsəd 1970-ci ildə Hafiz Əsədin hakimiyyətə gəldiyi çevrilişdə mühüm rol oynayıb. Çevrilişdən sonra qurulan avtoritar sistem daxilində sürətlə nüfuz qazanan Rifat Əsəd uzun illər rejimin ən təsirli fiqurlarından biri kimi önə çıxıb.

Onun komandanlıq etdiyi elit hərbi birliklər 1982-ci ildə Həmada Müsəlman Qardaşlarının qiyamını yatırıb. Təxminən üç həftə davam etdiyi deyilən əməliyyat zamanı ölənlərin sayı ilə bağlı fərqli rəqəmlər açıqlanıb. Reuters-in məlumatına görə, hücumda 10 mindən çox insan həlak olub. Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) isə 2022-ci ildə yayımladığı hesabatda “məlumatlı hesablamalara” əsaslanaraq 30–40 min mülki şəxsin öldüyünü iddia edib.

Məlumata görə, Hafiz Əsəd 1983-cü ildə xəstələndikdən sonra Rifat Əsəd hakimiyyətdə dəyişikliklər tələb edib və Dəməşqdə öz posterlərini asdırıb. Bu proses iki qardaş arasında açıq güc qarşıdurmasına çevrilib.

1984-cü ildə Rifat Əsədin tərəfdarlarına Dəməşqdə strateji nöqtələri ələ keçirməyi tapşırdığı, lakin Hafiz Əsədin böhranı böyütmədən nəzarət altına aldığı qeyd olunur. Bu hadisədən sonra Rifat Əsəd ölkəni tərk edərək sürgünə gedib.

Ömrünün böyük hissəsini Avropada sürgündə keçirən Rifat Əsəd bir müddət İsveçrədə yaşayıb, daha sonra Fransa və İspaniyada məskunlaşıb. Zamanla onun böyük sərvəti və aktivləri korrupsiya araşdırmalarının mərkəzinə düşüb.

2020-ci ildə Fransada aparılan istintaq nəticəsində Rifat Əsəd Suriya dövlətinə məxsus vəsaitləri mənimsəyərək milyonlarla avro dəyərində daşınmaz əmlak əldə etməkdə təqsirli bilinib və 4 il həbs cəzasına məhkum edilib. Təxminən 100 milyon avro dəyərində əmlakının müsadirəsinə qərar verilib. Müsadirə olunan aktivlər arasında Londonda 29 milyon avro dəyərində mülkün də olduğu bildirilir. Rifat Əsəd ittihamları qəbul etməyib.

2000-ci ildə Hafiz Əsədin ölümündən sonra hakimiyyətin Bəşər Əsədə keçməsinə qarşı çıxan Rifat Əsəd özünü “qanuni varis” elan edib. Lakin bu bəyanat ölkə daxilində ciddi dəstək tapmayıb.

2011-ci ildə Suriyada üsyanlar başladıqdan sonra Rifat Əsəd xaricdən verdiyi açıqlamalarda Bəşər Əsədi istefaya çağırıb. Bununla yanaşı, o, baş verənləri yalnız Bəşər Əsədin məsuliyyəti kimi deyil, “illər ərzində yığılan səhvlərin nəticəsi” kimi dəyərləndirib.

Reuters-in məlumatına görə, Rifat Əsəd 2021-ci ildə Suriyaya qayıdıb və bu addımın onun Fransada həbsdən yayınmasına kömək etdiyi bildirilir. Həmin vaxt onun Suriyada hər hansı siyasi rol almayacağı iddia olunurdu.

2024-cü ildə Bəşər Əsədin devrilməsindən sonra Rifat Əsədin ölkədən qaçdığı barədə məlumatlar yayılıb. Mənbələrə görə, o, Rusiya hava bazası vasitəsilə ölkəni tərk etmək istəsə də, buna icazə verilməyib. Daha sonra Livan sərhədini keçərək ölkədən çıxdığı iddia edilib.

İsveçrə Baş Prokurorluğu 2024-cü ilin martında Rifat Əsədin 1982-ci ildə Həmada törədilən hadisələrə görə “müharibə cinayətləri” və “insanlığa qarşı cinayətlər” maddələri üzrə mühakimə olunacağını açıqlayıb. İttihamnamədə Həma əməliyyatı zamanı 3 mindən 60 minə qədər insanın öldüyü qeyd olunub. Rifat Əsədin vəkilləri isə müvəkkillərinin ittihamlarla əlaqəsi olmadığını bildirərək iddiaları rədd ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR