İnsanlara hürriyət, millətlərə istiqlal!

Filmdə SÖYÜŞ söymək sənət azadlığıdır, yoxsa... – İKİ baxış

760 19.01.2026 16:04 Mədəniyyət A A

Artıq məlumdur ki, qalmaqallı Azərbaycan serialı “Səkkiz” bütün platformalardan yığışdırılıb. Təhqiredici ifadələrə səbəbi ilə serialın nümayişi Park Cinema kinoteatrlar şəbəkəsində, YouTube-da və televiziya efirində dayandırılıb.

Bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı, aktyor Hikmət Rəhimov məlumat verib. Onun sözlərinə görə, ARB telekanalında serialın nümayişi zamanı efirə nalayiq ifadələr səsləndiyi üçün buraxılışa cavabdeh şəxs kanal rəhbərliyi tərəfindən cəzalandırılıb.

Yanvarın 10-da ARB telekanalı serialın ilk bölümü zamanı təhqiredici ifadələrin istifadəsinə görə cəzalandırılıb. Audiovizual Şuranın qərarı ilə kanalın yayımı 3 saatlıq dayandırılıb. Qeyd olunub ki, həmin epizod “Media haqqında” qanunun tələblərinə ziddir.

Psixoloji triller janrında çəkilən “Səkkiz” serialı 12 bölümdən ibarətdir. Serialda həqiqətən də söyüş, təhqir var. Amma Türkiyədə Kamal Sunalın filmlərində, eləcə də digər türk kinolarında, həmçinin Qərb istehsallı bəzi filmlərdə söyüş eşitmək olar. Əlbəttə, “Səkkiz” serialındakı söyüşlər daha banaldır. Amma xarici filmlərdə də bu nümunələr var.

Biz buna sənət azadlığı kimi baxmalıyıq, yoxsa?

Tərs...mülayim adam... - Tələbəsi ilə evlənən Ayaz Salayev - FOTOLAR

Mövzu ilə bağlı Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor və kinoşünas Ayaz Salayev Musavat.com-a danışıb:

“Qeyd edim ki, mənim bu məsələyə münasibətim ikilidir. Ona görə ki, mən Kinorejissorlar Gildiyasının sədriyəm və müəllif hüquqlarını qorumaq bizim ən birinci borcumuzdur. Bu baxımdan müəllif hüquqları mütləq şəkildə qorunmalıdır.

Sözün doğrusu, mən serialı hələ görməmişəm. Amma digər tərəfdən, əgər bu söyüşlər, yəni qeyri-normativ leksika həqiqətən də filmin təbii ab-havasını yaradırsa, filmin atmosferi üçün son dərəcə mühüm əhəmiyyət daşıyırsa və onsuz həmin ab-hava pozulursa, bu halda onu müəyyən mənada qəbul etmək olar. Lakin seriala baxmadan konkret fikir bildirmək düzgün olmaz.

Yox, əgər söyüşlər sadəcə olaraq, yanlış bir reallıq yaratmaq məqsədi daşıyırsa – hansı ki, biz bunu bəzi seriallarda görürük – yəni elə-belə söyüş söyülür ki, guya həyat həqiqəti budur, bu zaman bunu qəbul etmək olmaz. Axı xarici ölkələrdə bir çox filmlərdə söyüş ifadələri olduqda onlar müəyyən səslərlə məhdudlaşdırılır və həmin söyüşlər açıq şəkildə eşidilmir. Onun əvəzinə, sadəcə, səs effekti verilir. Məncə, ən əlverişli yol məhz budur. Amma məsələn, Türkiyədə, Antalyada kinoteatrda olarkən bir film izləmişdim. Həmin filmdə əvvəldən axıra qədər söyüş var idi və hamısı da açıq şəkildə səsləndirilmişdi”.

Ayaz Salayevə görə, bu baxımdan məsələyə dəqiq münasibəti hələ formalaşmayıb.

“Gərək filmi izləyim, ondan sonra konkret fikir bildirim. Şəxsən mən öz filmimdə yalnız bir dəfə söyüşdən istifadə etmişəm və hələ də peşmanam. Bu, “Yarasa” filmində “q...ə” sözü idi, buna görə bu gün də peşmanam”, - kinorejissor əlavə edib.

Xalidə GƏRAY,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR