Noyabrında 30-da Floridada Ukrayna böhranının həlli ilə bağlı ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar sərt, lakin çox konstruktiv yekunlaşıb. Kiyevə təhlükəsizlik zəmanətləri məsələsi ilə bağlı isə həll yolu əldə olunmayıb.
Rəsmilərin öncəki açıqlamalarına nəzər salsaq, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ordusuna, ABŞ isə Ukrayna ordusunun şəxsi heyətinin sayına məhdudiyyət qoyulmasını təklif edib. Rusiyanın tələbləri qarşısında Ukraynanın mövqeyi isə qətidir - Donbasdan çıxmayacaq, NATO-ya üzvlükdən imtina etməyəcək.
Volodimir Zelenski Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşünün yekunları barədə danışarkən bildirib ki, gələcək fəaliyyət nümayəndələr hesabatı təqdim etdikdən sonra müəyyən ediləcək.
Kaya Kallas bu gün jurnalistlərə açıqlamasında növbəti dəfə Ukraynaya hərbi, maliyyə və humanitar dəstək verməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, sabah günün ikinci yarısında Rusiya prezidenti Vladimir Putinin ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşü planlaşdırılıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a şərhində bildirib ki, danışıqların konstruktiv yekunlaşdığına dair açıqlamalar verilsə də, açar məsələlərdə konsensus əldə olunmayıb.
İ.İsmayıl vurğulayıb ki, ABŞ və Ukrayna nümayəndələri arasında faktiki olaraq razılaşdırılmış heç nə yoxdur:
“ABŞ tərəf kimi yox, mediator kimi, yəni Rusiyanın mövqeyini, tələblərini çatdıran tərəf kimi çıxış edir. Rusiyanın tələbləri isə məlumdur - Donbasın işğal olunmamış yerlərinin də Rusiyaya təhvil verilməsi, beynəlxalq hüquqa əsaslanaraq ABŞ və digər dövlətlərin bunu tanıması, sanksiyaların ləğv olunması, Ukraynanın NATO üzvlüyündən çıxması, qoşunların sayının minimuma endirilməsi.
Məlum olduğu kimi, sabah Moskvada Vladimir Putinlə Stiv Uitkoffun görüşü planlaşdırılıb. Görünən odur ki, faktiki olaraq, əsas tərəf Rusiyadır. Rusiya Ukraynanın əvvəldən bəlli olan mövqeyi ilə razılaşacaqmı? Ukrayna ərazi güzəşti edə bilməz, bunun üçün atəşkəs əldə olunmalıdır. Həm Rusiyanın, həm də Ukraynanın konstitusiyasına görə, qanunvericiliyə dəyişiklik yalnız referendum yolu ilə mümkündür. Referendum və seçkinin keçirilməsi üçün isə atəşkəs olmalıdır. Rusiya atəşkəsə razı olmur. Putinin Donbasla əlaqəli tələbinin heç bir hüquqi əsası yoxdur, çünki Zelenski bununla bağlı müstəqil qərar verə bilməz.
Rusiya ABŞ-dən Ukraynada keçiriləcək referendumda xalqın Putinin istəyinə uyğun qərar verməsinə dair zəmanət istəyir. Nə Ukrayna rəhbərliyi, nə də Ukrayna cəmiyyəti, xüsusilə hərbçilərdə belə bir mövqe yoxdur. Buna görə də mən Moskva görüşündə Putindən müsbət reaksiya gözləmirəm. Hiss olunur ki, müharibə davam edəcək. Rusiya quru istiqamətdə nailiyyət əldə edə bilmir, amma raket və dronlarla Ukraynanın həyati vacib mülki obyektlərini sıradan çıxarır ki, əhalinin əhval-ruhiyyəsi aşağı düşsün və əhali Zelenskini güzəştə getməyə məcbur etsin”.
Ukraynada seçki keçirilməsi ilə bağlı ehtimalı şərh edən İlham İsmayıl qeyd edib ki, bunun üçün də atəşkəs elan olunmalıdır. Onun sözlərinə görə, Rusiyanın qarşı çıxdığı məsələlərə görə, sülhün yaranması mümkün olmur:
“Avropa İttifaqı Putinin cəzasız qalmayacağını bildirib. Sülh müqaviləsində Putinin cəzasız qalması mümkün deyil. Əks halda, bu, mənfi presedent yaradacaq. Avropa İttifaqı siyasi cəhətdən nə qədər güclü olsa da, Kallas dövlət başçısı deyil. Avropa ölkələrinin konkret mövqe bildirməsi daha yaxşı olar. Şimali Koreya canlı qüvvə ilə Rusiyaya kömək etdiyi kimi, real dəstək göstərilməlidir. Ən azı öz təhlükəsizlikləri üçün bu addımı atmalıdırlar.
Təəssüf ki, Avropa ölkələri çox ləng hərəkət edirlər. Məlum olduğu kimi, Ukraynaya “Tomahavk”, “Taurus” raketləri hələ də verilməyib. Sanksiyaları isə Rusiya istehza ilə qarşılayır. Putin Rusiya cəmiyyətindən heç bir reaksiya gözləmir, çünki cəmiyyət də onunla eyni təfəkkürə malikdir. Buna görə də hesab edirəm ki, müharibə davam edəcək”.
İ.İsmayıl Zelenskinin güzəştə məcbur edilməsi cəhdləri ilə bağlı vəziyyəti də şərh edib:
“Volodimir Zelenskini korrupsiyaya cəlb etmə yolu ilə güzəştə məcbur etmək istəyirlər. Bunu Tramp da vurğuladı. Guya ABŞ-də, yaxud başqa ölkələrdə korrupsiya yoxdur? Yermak müəyyən qədər mənfəətlə istefa verdi. Kiminsə korrupsiya ilə məşğul olması dövlətin ləyaqətinin itirilməsi demək deyil.
Zelenski istefa versə, onu Radanın sədri əvəz edəcək. O, Rusiyanın güzəştləri ilə razılaşacaqmı? İstənilən halda atəşkəs olmalıdır. Bir sözlə, Zelenskini istefaya məcbur etmək məsələnin həlli yolu deyil”.
Nigar HƏSƏNLİ,
Musavat.com






