İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada böyük əməliyyat: şəbəkənin izləri bir çox ölkəyə aparır

963 18.06.2026 01:52 Dünya A A

Fransanın Alpes-Maritimes bölgəsində silah, narkotik və insan alveri ilə məşğul olduğu bildirilən beynəlxalq cinayət şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Odatv saytı xüsusi məlumat yayıb.

Xəbərdə əməliyyat nəticəsində Türkiyə vətəndaşı olduqları bildirilən 10 şübhəli şəxsin saxlanıldığı qeyd olunur.

Marsel prokurorluğunun iyunun 15-də yaydığı məlumata görə, əməliyyat zamanı çoxsaylı silah və sursat, 31 min avro nağd pul, dörd lüks avtomobil, bahalı saatlar və digər qiymətli əşyalar aşkarlanıb. Ələ keçirilən əmlakın ümumi dəyərinin təxminən 1,5 milyon avro olduğu bildirilir.

İstintaqa rəhbərlik edən Fransa jandarmeriyasının Provence-Alpes-Côte d’Azur (PACA) regional araşdırmalar bölməsinin rəhbəri polkovnik Olivye Leblanq şəbəkənin fəaliyyəti xaricdən koordinasiya olunduğunu söyləyib.

Onun sözlərinə görə, qrupun rəhbəri hazırda Türkiyədə həbsdə olsa da, fəaliyyətini həbsxanadan davam etdirib və göstərişləri oradan verib.

Fransız hüquq-mühafizə orqanları hesab edir ki, şəbəkə ölkədə daimi cinayət infrastrukturu formalaşdırmağa çalışıb. İddialara görə, qrup əsasən Fransa Rivierasının varlı bölgələrində fəaliyyət göstərib.

İstintaq materiallarında qeyd olunur ki, şəbəkə narkotik və insan alveri ilə yanaşı, Fransa üzərindən Türkiyə, İsveçrə, Almaniya, Avstriya və Belçikəyə silah qaçaqmalçılığı ilə də məşğul olub.

Fransa polisinin hesabatında Avropada fəaliyyət göstərən bu cür qrupların əsas üstünlüklərindən birinin silah qaçaqmalçılığı sahəsində topladıqları təcrübə olduğu vurğulanır.

Əməliyyatdan sonra saxlanılan şəxslərdən doqquzu barəsində həbs qətimkan tədbiri seçilib. Bir nəfər isə məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR