İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada seçki həyəcanı erkən başladı

413 11.02.2026 16:15 Dünya A A

Fransada 2027-ci il prezident seçkilərinə 14 aydan çox vaxt qalmasına baxmayaraq, siyasi mübarizə artıq tam sürətlə başlayıb. Ənənəvi olaraq ölkədə seçki kampaniyaları seçkidən əvvəlki ilin yayından sonra aktivləşir. Lakin bu dəfə risklərin yüksək olması, xüsusilə də Avropa İttifaqına və NATO-ya skeptik yanaşan ifrat sağçı qüvvələrin hakimiyyətə gəlmə ehtimalı yarışın vaxtından əvvəl başlamasına səbəb olub.

Musavat.com xəbər verir ki, “Politico” saytı bu barədə maraqlı yazı dərc edib.

Yazı müəllifinin qeyd etdiyi kimi, hazırkı prezident Emmanuel Makron növbəti seçkilərdə namizəd ola bilmədiyi üçün ölkədə demək olar ki, bütün siyasi gündəm artıq onun yerinə kimin gələcəyi üzərində qurulub. Ətraf mühitdən tutmuş biznes qaydalarına qədər bir çox sahədə qəbul edilən qərarlar 2027-ci il seçkiləri prizmasından qiymətləndirilir.

Keçən həftə Parisdə keçirilən Dünya Təsir Sammiti də bu prosesin açıq nümunəsinə çevrilib. Əslində Avropanın “yaşıl keçidi” mövzusuna həsr olunan tədbir siyasi platformaya çevrilərək prezidentliyə iddialı namizədlərin öz baxışlarını təqdim etdiyi məkana dönüb. Yaşılların lideri Marin Tondelye, Milli Birliyin rəhbəri Jordan Bardella, mərkəzçi siyasətçi Qabriel Attal və mərkəz-solun nümayəndəsi Rafael Qluksmann gələcək Fransa ilə bağlı fərqli baxışlarını ortaya qoyublar. Attal çıxışında 2027-ci ilin Fransa və Avropa üçün həlledici mərhələ olacağını bildirib.

Siyasi proseslərə biznes dairələri də fəal şəkildə qoşulub. Fransanın nüfuzlu işəgötürənlər təşkilatı Medef artıq namizədlərlə görüşlər təşkil edərək gələcək hakimiyyətin mövqeyinə təsir göstərməyə çalışır. Təşkilat nümayəndələri bildirirlər ki, namizədlərlə nə qədər tez əlaqə qurulsa, onların proqramına təsir etmək imkanı bir o qədər çox olar.

Siyasi partiyalar qarşıdan gələn bələdiyyə seçkilərini prezident yarışının məşqi kimi qiymətləndirirlər. İfrat sağçı Milli Birlik mövqelərini möhkəmləndirməyə, sol və mərkəz partiyaları isə hələ də siyasi səhnədə təsirli olduqlarını sübut etməyə çalışır. Ekspertlərin fikrincə, bu seçkilər partiyaların gələcəkdə hansı ittifaqlara gedəcəyini də göstərəcək.

Maraqlıdır ki, Fransada erkən kampaniyaya başlamaq həmişə üstünlük qazandırmır. Keçmiş baş nazir Eduard Filipp aylar əvvəl namizədliyini elan etsə də, hazırda sorğularda geridə qalır.

Siyasi elita əsas təhlükəni ifrat sağçı qüvvələrin güclənməsində görür. Milli Birliyin əsas siması Marin Le Pen hazırda məhkəmə prosesi ilə üzləşdiyi üçün yarışdan kənar qala bilər. Bu isə partiyanın əsas ümidlərini Jordan Bardellaya yönəldib. Məhz bu səbəbdən mərkəzçi və sol qüvvələr onun qarşısına güclü vahid namizəd çıxarmağın yollarını axtarırlar.

Hazırda namizədlərin çoxluğu siyasi mərkəzdə parçalanma yaradır. Ədliyyə naziri Jerald Darmanen xəbərdarlıq edib ki, həddindən artıq namizəd olması heç birinin ikinci tura çıxa bilməməsi riski yaradır. Buna görə də bəzi partiyalar ilkin seçkilər keçirməyi müzakirə edir, digərləri isə rəqabətin özü ilə qalibləri müəyyənləşdirəcəyini düşünür.

Analitiklərin fikrincə, 2027-ci il seçkiləri Fransanın son illərdə gördüyü ən sərt və qeyri-adi siyasi yarışlardan biri olacaq. Bu seçki yalnız hakimiyyət dəyişikliyi deyil, həm də ölkənin Avropa və beynəlxalq siyasətdə gələcək mövqeyini müəyyən edəcək. Partiyalar arasında müvəqqəti ittifaqlar, gözlənilməz namizədlər və kəskin qarşıdurmalar yarışın əsas xüsusiyyətlərinə çevrilə bilər.

Sosioloq Bruno Janbartın sözlərinə görə, qarşıdakı dövr çox uzun və gərgin kampaniya ilə müşayiət olunacaq və bələdiyyə seçkiləri bu böyük mübarizənin istiqamətini müəyyənləşdirən ilk ciddi siqnal olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR