Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın İran tərəfindən blokadaya alınan Hörmüz boğazını açmaq üçün hərbi gəmilər göndərmək çağırışını rədd edib.
Musavat.com xəbər verir ki, "The Telegraph" qəzetinin yazdığına görə, rəsmi London regiondakı gərginliyi daha da artırmamaq üçün donanmanı birbaşa əməliyyatlara cəlb etmək istəmir.
Starmer administrasiyası hazırda gəmilər əvəzinə yalnız minaları aşkar edən pilotsuz uçuş aparatlarının (dronların) göndərilməsi variantını nəzərdən keçirir. Britaniya Energetika naziri Ed Miliband da təsdiqləyib ki, dəniz yollarının açılması üçün müttəfiqlərlə müxtəlif variantlar müzakirə olunur, lakin minaları təmizləyən avtonom sistemlər və dronlar daha real görünür.
Donald Tramp isə sosial şəbəkə hesabında Britaniya, Çin, Fransa və digər ölkələri hərbi gəmilər göndərərək ABŞ-a dəstək verməyə çağırıb və qeyd edib ki, "müharibə bitdikdən sonra gələnləri tarix unutmayacaq".
Britaniyanın bu ehtiyatlı mövqeyi London və Vaşinqton arasındakı "xüsusi münasibətlər"də müəyyən gərginliyə səbəb olsa da, Starmer hökuməti beynəlxalq hüquqa və deeskalasiyaya sadiq qaldığını bildirir.
Musavat.com






