İnsanlara hürriyət, millətlərə istiqlal!

Gilas-səbət söhbəti

541 30.06.2026 13:05 Yazarlar A A

Ölkəmizdə quru balıq və bir yeşik gilas müqabilində toya gedib oxuyan müğənnilərə dair xəbərlərin viral olduğu günlərdə Türküstan ölkələrindən birində - qardaş Özbəkistanda prezident Şavkat Mirziyoyev mətbuat işçilərini təbrik edərək deyib ki, azad, məsuliyyətli və həqiqətən populyar jurnalistika cəmiyyətin və dövlətin inkişafı üçün şərtlərdən biridir.

Şavkat müəllim bu sözləri Özbəkistanın ilk mətbu orqanı olan “Tərəqqi” qəzetinin nəşrə başlamasının 120 illiyi ilə əlaqədar keçirilən mərasimdə deyib. Böyük Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti bizim üçün nədirsə, “Tərəqqi” də özbəklər üçün odur. Düzdür, bu iki qəzetin təvəllüdü arasında 30 il fərq var, amma hazırda özbək mediası iri addımlarla irəliləyir.

Keçən dəfə fikir verirəm ki, özbək jurnalistlər bizim Emin Ağalarovun Çarvak su hövzəsində (bizim Mngəçevir dənizinin kiçik variantı) tikdirdiyi “Sibriz” kurortu haqqında yaxşı-yaman şeylər yazırlar və nəzərə almırlar ki, bu kurortun inşa edilməsinə rüsxəti şəxsən Şavkat müəllim verib.

Biri yazırdı ki, bəs Çarvakda torpaq işləri görülür, 100 kilometr bu tərəfdəki Daşkəndi toz basır. O biri kurort tikiləndən sonra bölgə xalqının gününün qara olacağını qeyd edirdi. Ekolji tarazlığın pozulacağından, layihənin rentabelli olmayacağından bəhs edənlər vardı. Axırda Emin müəllim yerli jurnalistləri toplayıb başa saldı ki, bu kurort imkanlı özbəklərin işinə yarayacaq, ta istirahət etmək üçün dağa-daşa düşməyəcəklər, kasıb özbəklər üçün xeyli iş yerləri yaranacaq, ekoloji tarazlıq da pozulmayacaq, Çarvak cənnətə dönəcək.

Hələlik tərəflər sakitcə gözləyirlər ki, görsünlər o işin axırı necə olacaq.

Doğrusu, izlədiyim Özbəkistan mediasında toy və aşna davası aparan müğənnilər barədə xəbərlər rastıma çıxmır. Ya mən onların “sarı media”sına baxmıram, ya da Özbəkistanda qadın müğənnilər hələ o cür dava-şavalara başlamayıblar.

Bizdə, maşallah olmasın heç, manıs xəbərləri gündəmi başına götürüb gedir. Övladları ilə xaricdə tətil edən, itmiş itini tapıb kövrələn, öz bağında sənət yoldaşlarına qonaqlıq verən, eltisi ilə mehriban pozada şəkil çəkdirən, əri il üzbəüz oturduğu halda, ona sevgisini media üzərindən mesajla göndərən sənət adamları barədə xəbərlər boldur. Durduq yerdə bir-birinə söz atıb dalaşanlar, sonra barışanlar da N qədərdir. Bu sahə yaxşı inkişaf edib.

Hərçənd xarici ölkələrin daxili işlərinə dair şərhlərin artması da müşahidə olunur. Namxuda, şərh ediləsi ixtilaflar çoxdur: Çin-Tayvan-ABŞ məsələsi, ABŞ-İsrail-İran qovğası, Suriya-İsrail-Livan davası, Rusiya-Ukrayna-Avropa savaşı. Politoloqlarımız səbrlə, diqqətlə bu kimi münaqişələrin alt qatını, pərdəarxası məqamlarını şərh edirlər. Elə-belə iş deyil, hər konfliktin mütləq bizim bilmədiyimiz pərdəarxası məqamları olur və onu oxucuya izah etmək lazımdır. Yoxsa, məsələn, əziyyətlə yetişdirdiyi tonlarla məhsulu əlində qalmış fermer bilmir ki, öz dərdini çəksin, yaxud İsrailin Livanın cənubundan çıxmaq istəməməsini düşünsün. Bazarda qiyməti heç cür düşməyən ağ gilasa baxa-baxa, “deyəsən, bu il mürəbbə bişirə bilməyəcəyik” deyə düşünən şəhərli evdar qadın üçün yeganə təsəlli neft dolu tankerlərin Hörmüz boğazından sərbəst keçisinin təmin olunması olur.

Bəziləri də deyir ki, milli mediamız millətin problemlərindən yazsın. Hansı problemlərdən? Barmağınızı qatlayın. Namxuda, ölkə şəhərləri özəl klinikalarla doludur, xəstələr də kütləvi şəkildə növbəyə durublar, ta xaricə axışan yoxdur. Deməli, bu sahədə irəliləyiş var.

Hər il on minlərlə vətən övladı ölkə daxilindəki universitetlərə qəbul olunurlar, deməli, təhsil sferasında da vəziyyət qənaətbəxşdir.

Neçə vaxtdır, gömrükdən şikayət gəlmir, bu da o deməkdir ki, sözügedən sahədə şəffaflıq və qanunçuluq tam bərqərar olunub.

Ticarət və xidmət sektoru desən, dünyaya nümunəyik. Düzdür, arada sosial şəbəkədə 5 şiş quzu kababına görə tələb edilən hesabın diri cöngənin qiymətinə tən gəldiyini göstərən qəbzlər yayılır, amma adama deyərlər (və deyirlər də), xoşun gəlmir, yemə. Çay dəstgahının bahalılığa isə köhnə söhbətdir, amma fikir verin ki, çayxanalarda boş yer olmur, dəzgah, necə lazımdır, işləyir.

Ta nə qaldı? Nəqliyyat. Pis deyil, iri avtobuslarda kondisionerləri işlədirlər, yolları da açıqdır, şütüyüb gedirlər. Minusları odur ki, kəskin tormozlamaqları və sıçrayışla tərpənmələri var, o da sürücülərin qanacaq-qabiliyyəti ilə bağlı məsələdir.

Yağışlar normadan artıq yağmasa, heç şəhər təsərrüfatında da problem olmaz. Amma nə edəsən, qlobal iqlim dəyişikliyi problem yaradır. Ona qalsa, yağış Daşkənddə də normadan artıq yağır və fəsad törədir.

Ancaq aldığım xəbərə görə, hazırda Daşkənddə bir səbət ağ gilas xeyli ucuzdur.

**

Dünya köhnə dünyadır, bir səbət gilasın tarifi təzədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR