Güney Azərbaycan milli fəalları Tahir Nəqəvi və Vədud Əsədi Tehran Evin həbsxanasında 46 gündür aclıq aksiyası keçirirlər. Onlar İran hakimiyyəti tərəfindən qanunsuz həbs olunduqlarını, həbsxanada hüquqlarının pozulduğunu, həmçinin rejimin müxtəlif təzyiqlərinə məruz qaldıqlarını bildirərək etiraz aksiyasını davam etdirirlər.
Musavat.com xəbər verir ki, məlumata görə, hər iki fəal “rejim əleyhinə fəaliyyət”, “müxalif qruplara üzvlük”, “daxili təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq” kimi ittihamlarla mühakimə edilib. Məhkəmənin qərarı ilə Tahir Nəqəvi 5 il yarım, Vədud Əsədi isə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Tahir Nəqəvi tanınmış hüquqşünas kimi həm də Almaniyada yaşayan və 2022-ci ildə aldadılaraq İrana aparılıb həbs edilən, uzun müddət girov kimi saxlanılan və bu il azadlığa buraxılan Fərid Səfərlinin müdafiəçilərindən biri olub. Məhz bu fəaliyyətinə və Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının müdafiəsində ön cərgədə yer almasına görə onun vəkillik lisenziyası dondurulub.
Ailələr və hüquq müdafiəçiləri aclıq aksiyasının təhlükəli həddə çatdığını bildirir, beynəlxalq təşkilatları fəalların vəziyyətinə diqqət ayırmağa çağırırlar.
Musavat.com






