Dünyada təqdimata ehtiyacı olmayan 3 adam varsa, biri budur: futbolçu Kriştiano Ronaldo. Onu milyardlarla adam tanıyır – 7-dən 77-yə qədər, hamı.
Ronaldonun bu halının səbəbini də futbolla maraqlanan hər kəs bilir. Dünən Neymarı ağladan futbol məğlubiyyəti bu gün də Ronaldonu ağlatdı.
Sabah eyni aqibət Lionel Messinin, Kilian Mbappenin, Erlinq Haalandın, Lamin Yamalın başına gələ bilər.
“Gələ bilər” ifadəsi özündə ehtimal elementi daşıyır. Yaxın günlərdə adı çəkilənlərdən üçünün başına bu iş 100 faiz gələcək. Onlar da ağlayacaqlar. Biri göz yaşını gizlətsə də, biri gizlədə bilməyəcək. Onlardan yalnız biri güləcək.
Dünyanın gəlmiş-keçmiş 3 böyük futbolçusunun biri olan Ronaldo belə olmamalı idi. Onun tay-tuşları meydana komandanın oyunçusu kimi yox, məşqçisi kimi çıxır. Ronaldo isə hələ futbolçu kimi son sözünü demədiyini zənn edirdi. Ona görə də 41 yaşında mundiala qatıldı və son oyunları həzin oldu, qəm-qüssə və rişxənd doğurdu.
41 yaş az deyil. 25-30 il öncə futbolçular 30 yaşa çatır, karyeralarını bitirir, ya məşqçi olurdular, ya da başqa bir peşənin dalınca gedirdilər.
İndiki futbolçuların karyerası uzun olur, çoxu 35- yaşa qədər oynayır. Keçənlər də olur. Amma 41 yaş çoxdur. Vaxtlar olub ki, 40 yaşın özü bilə qocalıq dövrü sayılıb. Atalarımızın dediyi “qırxında öyrənən gorunda çalar” məsəli orta ömrün qısa olduğu, 40 yaşın insanı gora yaxınlaşdırdığı dönəmlərdə dilə gətirilib.
Ronaldo isə bu yaşda dünya futbolunda xarüqələr yaratmaq istəyirdi. Olmadı. Əslində ona ehtiyac da yox idi. O, heç bir futbolçunun vurmadığı qədər qollar vurub, heç bir oyunçunun qazanmadığı qədər titul, şan-şöhrət, hörmət-rəğbət və var-dövlət qazanıb. Adam milyarderdir. Vaxt gələcək ölkəsinin Futbol Federasiyasının prezidenti olacaq, UEFA və FİFA prezidenti də ola bilər. Ömrünün sonuna kimi onun şöhrəti azalmayacaq - Pele, Maradona, Kruiff, Platini, Zidan kimi.
Deyirlər, “o dünya çempionu ola bilmədi”. Olmadısa, olmadı. İntihar etməli deyil ki. Futbolda dünya çempionluğu elədir ki, o, bəlli ölkələri qismətindədir: Braziliya, Almaniya, İtaliya, Argentina, Fransa... Hər mundialda bu ölkələrdən biri çempion olur. İspaniya cəmi bir dəfə dünya çempionu olub, yavaş-yavaş “əjdaha”ların sırasına girmək istəyir.
Yəni başqa ölkələrin futbolçuları meydançada ağızları ilə quş tutsa da, dünya çempionu titulundan məhrum qalırlar.
Ona görə də gərək Ronaldo toxtaq olsun. 41 yaşında kişiyə bu cür ağlamaq yaraşmaz. O yaşda adamları bizim paralellərdə çətin qapıya elçiliyə aparırlar.
Bizə ona uzun illər gözəl futbol zğvqü yaşatdığına görə minnətdarlıq etmək düşür. Onun bu halına acımaq yox.
Musavat.com






