Kollektiv Qərb Gürcüstanı yenidən Rusiya qarşısında itirmək təhlükəsi ilə barışmaq istəmir. Ötən il keçirilən parlament seçkilərində qərbmeyilli qüvvələrin Rusiya tərəfdarlarına uduzmasının ardından sanki Avropa qəflət yuxusundan ayılıb. İndiyə qədər paytaxt Tiflisdə etiraz aksiyalarının davam etməsi bunu deməyə əsas verir.
Gürcüstanla bağlı cərəyan edən proseslərdən ən çox narahat olan Fransadır. Xüsusilə, vətəndaşı olan keçmiş prezident Salome Zurabişvilinin Gürcüstanda hakimiyyətdən gedişindən sonra Paris daha çox narahatdır.
“Gürcüstan hökumətinin müxalifət, vətəndaş cəmiyyəti və jurnalistlərə qarşı təzyiqləri ölkənin Avropaya inteqrasiya səylərinə mane olur”.
Teleqraf xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə naziri Benyamin Haddad deyib.
“Bu, təəssüf doğurur, çünki Gürcüstan əhalisinin böyük əksəriyyəti Avropa yolunu dəstəkləyir. Bu istək güclüdür və Fransa ilə digər Avropa ölkələrinin də dəstəyini qazanıb. Amma 2024-cü il parlament seçkilərindən sonra, xüsusən də son aylarda baş verənlər ölkəni Avropa yolundan daha da uzaqlaşdırır”, - o bildirib.
Haddad hakim “Gürcü Arzusu” Partiyasını mövqeyini tam dəyişməyə və müxalifətlə konstruktiv dialoqa başlamağa çağırıb:
“Yeni parlament seçkilərinin keçirilməsi istiqamətində çalışmaq, habelə həbsdə olan siyasi rəqiblər, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını azad etmək lazımdır. Yalnız bu halda ölkə Avropa istiqamətinə qayıda bilər. Əks halda bu proses dayanacaq”.
![]()
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib:
“Avropa İttifaqı, xüsusən də Fransa hər zaman burnunu Cənubi Qafqazın işlərinə soxmağa çalışıb. Bu dəfə də Paris Tiflisə qarşı yumşaq gücdən, siyasi təhdidlərdən istifadə etməyə çalışır. Məqsəd Gürcüstanda xalqla hakimiyyət arasında uçurum yaratmaq, bəlli vaxtdan sonra onu dərinləşdirməkdir. Fransa Rusiyanın Cənubi Qafqazdakı hegemonluğuna son vermək istəyir. Amma bu, absurd və gerçəklikdən uzaq tendensiyadır. Çünki Kremlin Gürcüstandakı dayaqları 1801-ci ildə imzalanan Georgiyevsk traktaktına dayanır.
Digər tərəfdən, gürcü xalqı ağıllı toplumdur, Ukraynada yaşananları, Qərbin Kiyevi tək qoyduğunu çox yaxşı başa düşür. Fikrimcə, Fransa balıqsız gölə qarmaq atmaqla məşğuldur. Fransa Gürcüstanın daxili işlərinə qarışmamağı anlamalıdır. Əgər əksi baş versə, Qərb Gürcüstanı birdəfəlik itirəcək”.
Cavanşir ABBASLI
Musavat.com






