İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda “radar iqtisadiyyatı” – 3.3 milyon cəriməyə 146 milyon manat...

2047 15.05.2026 15:13 Ölkə A A

Gürcüstanda 2025-ci ildə 3,3 milyondan çox video cərimənin yazılması və məbləğin 231,7 milyon lariyə (146 milyon manat) çatması region ölkələrində elektron nəzarət sistemlərinin necə sərtləşdiyini göstərir.

Müsavat.com xəbər verir ki, Gürcüstanın rəsmi qurumların məlumatları ölkədə video-radar və elektron protokol sisteminin ciddi maliyyə axınına çevrildiyini ortaya qoyur.

Azərbaycanda isə bu sahədə açıq statistika məhduddur. Dövlət Statistika Komitəsi və digər rəsmi mənbələrin məlumatlarına görə, 2024-cü ildə Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin həcmi 227 milyon manata çatıb. 2025-ci ilin rəsmi məlumatı isə açıqlanmayıb. Bu rəqəm dövlət büdcəsinə daxil olan bütün cərimə və maliyyə sanksiyalarının böyük hissəsini təşkil edib.

Bu göstərici maraqlı müqayisə yaradır. Gürcüstanda – 231,7 milyon lari, Azərbaycanda – təxminən 227 milyon manat cərimə yığılıb. Məzənnə fərqini nəzərə aldıqda, faktiki olaraq iki ölkədə yol hərəkəti cərimələri üzrə maliyyə dövriyyəsi bir-birinə yaxın görünür. Azərbaycanda ən böyük fərq isə statistikanın detallı açıqlanmamasıdır. Gürcüstan hökuməti neçə video cərimə yazıldığını, nə qədərinin güzəştlə ödənildiyini və ümumi məbləği ictimaiyyətə təqdim edir. Azərbaycanda isə əsasən büdcəyə daxilolmalar açıqlanır. Neçə radar protokolu tərtib edildiyi, hansı bölgələrdə daha çox cərimə yazıldığı, video-radarların illik effektivliyi, sürücülərin neçə faizinin vaxtında ödəmə etdiyi kimi məlumatlar geniş ictimaiyyətə sistemli şəkildə təqdim olunmur.

Bununla yanaşı, Azərbaycanda elektron nəzarət sisteminin sürətlə genişləndiyi müşahidə olunur. Bakıda və magistral yollarda orta sürət radarları, ANPR kamera sistemləri və avtobus zolağı kameraları, işıqfor pozuntularını qeydə alan sistemlər artıq geniş tətbiq edilir. Ölkədə 2025-ci ildə 1252 yol-nəqliyyat hadisəsinin baş verməsi, 689 nəfərin həlak olması və mindən çox şəxsin yaralanması sürət həddinin aşılması probleminin hələ də ciddi qaldığını göstərir.

Qonşu Gürcüstanda yol hərəkəti cərimələri artıq dövlət büdcəsinin mühüm gəlir istiqamətlərindən birinə çevrilib. Bu isə ictimai müzakirələri artırıb. Gürcülər tez-tez sual edirlər ki, radarlar təhlükəsizlik üçündür, yoxsa gəlir mənbəyidir? Sürət limitləri real yol şəraitinə uyğundurmu? Bəzi yerlərdə sürət həddinin qəfil dəyişməsi sürücülər üçün “tələ” yaradırmı?

Yəni belə müzakirələr təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də aparılır. Sosial şəbəkələrdə və sürücü forumlarında radarların sayının artması, ani sürət məhdudiyyətləri və elektron cərimələrin çoxalması ən çox müzakirə olunan mövzulardan biridir. Bütün bunların fonunda Gürcüstan nümunəsi göstərir ki, region ölkələri artıq klassik yol polisi modelindən daha çox tam elektron nəzarət sisteminə keçir. Azərbaycan da bu prosesin içindədir və yaxın illərdə video-radar statistikasının daha da artacağı gözlənilir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR