İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstandan qoyun və keçi almaq paradoksu

493 15.07.2026 09:26 Ölkə A A

 

İqtisadçı Azərbaycandan balaca ölkənin belə uğura necə nail olduğunun səbəblərini açıqladı

Azərbaycan Gürcüstandan qoyun idxalında birinci oldu. 2026-cı ilin iyun ayında Azərbaycan Gürcüstandan qoyun və qoç idxal edən ölkələr arasında ilk yeri tutub. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə istinadən yerli KİV-lərin yaydığı məlumata görə, iyun ayında ölkə xaricə ümumilikdə 17,5 min baş qoyun və qoç ixrac edib. İxracın ümumi dəyəri 2,1 milyon dollar təşkil edib.

Bir baş heyvanın orta ixrac qiyməti 120 dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur. Eyni zamanda ixracın həcmi də kəskin artıb. 2025-ci ilin iyun ayı ilə müqayisədə xaricə göndərilən xırdabuynuzlu heyvanların sayı 6,8 dəfə artıb. Ən böyük alıcı Azərbaycan olub və ölkəmiz Gürcüstandan 9,1 min baş qoyun və qoç alıb. Sonrakı yerlərdə 4,8 min başla İraq, 2,4 min başla Küveyt və 1,2 min başla Qətər qərarlaşıb.

Bu göstərici ilk baxışdan təəccüblü görünə bilər. Çünki ərazi, iqlim müxtəlifliyi və otlaq potensialına görə Azərbaycan Gürcüstandan daha böyük imkanlara malikdir. Buna baxmayaraq, Gürcüstanın xırdabuynuzlu heyvandarlıq üzrə ixracda önə çıxmasının bir neçə əsas səbəbi var.

Əvvəla, Gürcüstan son illərdə qoyunçuluğu ixracyönümlü sahəyə çevirə bilib. Xüsusilə Kaxeti, Samtsxe-Cavaxeti və digər dağlıq bölgələrdə geniş təbii otlaqlardan səmərəli istifadə edilir. Heyvanlar əsasən sərbəst otlaq şəraitində bəsləndiyindən maya dəyəri aşağı, ətin keyfiyyəti isə yüksək olur.

İkinci mühüm amil logistika və bazar siyasətidir. Gürcüstan Yaxın Şərq ölkələri ilə canlı heyvan ixracı üzrə sabit ticarət əlaqələri qurub. İraq, Küveyt, Qətər və Azərbaycan kimi bazarlara müntəzəm satış həyata keçirilir. İxracçılar üçün prosedurların sadələşdirilməsi və beynəlxalq baytarlıq sertifikatlarının tanınması da bu prosesə müsbət təsir göstərir.

Azərbaycan isə son illərdə daha çox daxili bazarın təmin edilməsinə üstünlük verib. Əhalinin artması, ətə tələbatın yüksəlməsi və sürülərin bərpası siyasəti ixrac potensialını məhdudlaşdırıb. Əksinə, bəzi dövrlərdə ölkə daxili tələbatı ödəmək üçün Gürcüstan da daxil olmaqla, xarici bazarlardan canlı heyvan idxal edir.

Digər tərəfdən, Azərbaycanda örüş sahələrinin bir hissəsinin müxtəlif məqsədlərlə istifadəsi, iqlim dəyişiklikləri, quraqlıq və yem bazasının bahalaşması heyvandarlığın inkişaf tempinə təsir göstərən amillərdir. Kiçik və pərakəndə təsərrüfatların üstünlük təşkil etməsi də ixracyönümlü istehsalın formalaşmasını çətinləşdirir.

Azərbaycanda ət niyə kəskin ucuzlaşdı? – Səbəb açıqlandı - Globalinfo.az

Akif Nəsirli 

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb. Onun sözlərinə görə,   Azərbaycanın Gürcüstandan qoyun idxalında birinci yerə çıxması ilk baxışda paradoksal görünür. Çünki ölkə ənənəvi olaraq heyvandarlıqla məşğul olan, geniş otlaq sahələrinə malik bir dövlətdir. Lakin bu statistika əslində daxili istehsalın tələbatı tam ödəyə bilmədiyini və bazarda struktur problemlərinin mövcud olduğunu göstərir: “Son illərdə örüş sahələrinin azalması, iqlim dəyişiklikləri, yem qiymətlərinin bahalaşması, istehsal xərclərinin artması və kənd yerlərindən əmək qabiliyyətli insanların köçü heyvandarlığın inkişafını zəiflədib. Fermer üçün qoyun saxlamaq əvvəlki qədər gəlirli olmadıqda təsərrüfatların bir hissəsi fəaliyyətini məhdudlaşdırır və ya tam dayandırır. Nəticədə daxili bazarda yaranan tələbat idxal hesabına ödənilir”.

İqtisadının sözlərinə görə, digər mühüm amil dövlət siyasətinin effektivliyidir:  “Uzun illərdir kənd təsərrüfatı və heyvandarlığın inkişafı ilə bağlı müxtəlif proqramlar və strategiyalar açıqlansa da, real nəticələr gözlənilən səviyyədə deyil. Əgər bu sahədə aparılan siyasət kifayət qədər uğurlu olsaydı, Azərbaycan öz daxili bazarını təmin etmək üçün qonşu ölkədən bu həcmdə diri qoyun almaq məcburiyyətində qalmazdı. Problem təkcə istehsalçıda deyil, həm də sektorda uzunmüddətli və ardıcıl islahatların yetərincə həyata keçirilməməsindədir.

Bununla yanaşı, idxalın özü bəzən iqtisadi baxımdan məntiqli qərar da ola bilər. Əgər Gürcüstanda müəyyən dövrdə qiymətlər daha sərfəlidirsə və ya bazarda qısamüddətli canlı heyvan çatışmazlığı yaranıbsa, sahibkarlar həmin boşluğu idxal hesabına doldurmağa çalışırlar. Lakin bu tendensiya davamlı xarakter alırsa, artıq söhbət bazarın normal işləməsindən yox, daxili istehsalın rəqabət qabiliyyətinin zəifləməsindən gedir".

Akif Nəsirli ən narahatedici məqamdan da danışıb: “Azərbaycan zəngin aqrar potensiala malik olmasına baxmayaraq, bir sıra kənd təsərrüfatı məhsullarında və heyvandarlıq üzrə idxaldan asılılığın artdığı müşahidə olunur. Bu isə ərzaq təhlükəsizliyi baxımından da risk yaradır. Xarici bazarlarda qiymət artımı və ya tədarük zəncirində problem yaranacağı halda daxili bazar daha həssas vəziyyətə düşə bilər.

Məsələyə emosional deyil, iqtisadi prizmadan baxmaq lazımdır. Gürcüstandan qoyun alınmasının özü problem deyil. Problem odur ki, bu, ölkənin malik olduğu potensialla uyğun gəlmir. Əsas sual niyə Azərbaycan fermeri daxili bazarın tələbatını daha rəqabətli qiymətlə və kifayət qədər həcmdə təmin edə bilmir. Bu suala cavab tapılmadan idxalın həcmi azalmayacaq və hər il oxşar statistikanın şahidi olacağıq. Bu da göstərir ki, uzun illərdir heyvandarlığın inkişafı ilə bağlı verilən vədlər və qəbul edilən proqramlar real istehsal göstəricilərində hələ də arzuolunan nəticəni verməyib".

Afaq MİRAYİQ,
“Yeni MÜSAVAT”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR