İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının Kürdüstan açılımı

1356 15.07.2026 09:57 Siyasət A A

Azərbaycanın bu regiona artan marağı təsadüfi sayılmır

Ərbildə keçirilməsi planlaşdırılan “Kürdüstan Regionu-Türkiyə-Azərbaycan” beynəlxalq iqtisadi konfransı Azərbaycanla İraqın Kürdüstan Regionu arasında iqtisadi əməkdaşlıq perspektivlərini yenidən gündəmə gətirib.

Ekspertlərin fikrincə, Bakının regiona marağı təkcə investisiya qoyuluşu ilə məhdudlaşmır. Bu əməkdaşlıq yeni bazarlara çıxışın genişləndirilməsi, Türkiyə ilə formalaşan iqtisadi əməkdaşlıq zəncirinin dərinləşdirilməsi və Yaxın Şərqdə iqtisadi mövqelərin gücləndirilməsi məqsədi daşıyır.

Mütəxəssislər hesab edirlər ki, İraqın nisbətən sabit və iqtisadi baxımdan inkişaf edən hissəsi sayılan Kürdüstan Regionu Azərbaycan şirkətləri üçün tikinti, infrastruktur, energetika, logistika, kənd təsərrüfatı və xidmət sektorlarında yeni imkanlar yarada bilər. Xüsusilə Qarabağın bərpası prosesində təcrübə qazanan Azərbaycan şirkətlərinin gələcəkdə regionda müxtəlif layihələrdə iştirak perspektivləri diqqət çəkir.

Azər Badamov: "Qusarda 11 min sakinin su təminatı həyata keçirilməlidir"

Azər Badamov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Ərbildə keçirilməsi planlaşdırılan konfrans Azərbaycanın Yaxın Şərq istiqamətində iqtisadi diplomatiyasının genişlənməsi baxımından mühüm hadisələrdən biri hesab oluna bilər: “Son illərdə Azərbaycanın xarici iqtisadi siyasətində əsas prioritetlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac bazarlarının şaxələndirilməsi, regional logistika imkanlarının artırılması və xarici investisiya əməkdaşlığının genişləndirilməsidir. Məhz bu baxımdan İraqın Kürdüstan Regionu həm iqtisadi potensialı, həm də strateji coğrafi mövqeyi ilə Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yaradır. Kürdüstan Regionu İraqın iqtisadi baxımdan daha sabit və inkişaf potensialı yüksək olan hissəsi hesab edilir. Regionun əhalisinin 6-7 milyon nəfər olduğu qiymətləndirilir ki, bu da kifayət qədər böyük istehlak bazarı deməkdir. Bundan əlavə, Ərbil, Süleymaniyyə və Duhok şəhərləri regionun əsas iqtisadi mərkəzləri hesab olunur və son illərdə burada yaşayış komplekslərinin, ticarət mərkəzlərinin, sənaye obyektlərinin və logistika infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Buna baxmayaraq, uzun illər davam edən müharibələr, terror təhlükəsi və siyasi qeyri-sabitlik nəticəsində regionun infrastrukturunun əhəmiyyətli hissəsi köhnəlib və yeni investisiyalara ehtiyac yaranıb. Azərbaycan üçün bu proses yeni iqtisadi imkanlar yaradır. Son beş ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa proqramları ölkəmizin tikinti, layihələndirmə və mühəndislik şirkətlərinin peşəkar potensialını əhəmiyyətli dərəcədə artırıb. Təkcə dövlət büdcəsi hesabına azad edilmiş ərazilərin yenidən qurulmasına indiyədək on milyardlarla manat vəsait ayrılıb. Bu müddətdə yüzlərlə kilometr avtomobil yolu, beynəlxalq hava limanları, elektrik yarımstansiyaları, su anbarları, yaşayış məntəqələri və sosial obyektlər tikilib. Bu təcrübə Azərbaycan şirkətlərinə müharibədən zərər çəkmiş ərazilərin bərpası sahəsində mühüm üstünlük qazandırıb və həmin biliklərin Kürdüstan Regionunda tətbiqi real perspektiv kimi qiymətləndirilməlidir. Tikinti sektoru əməkdaşlığın əsas istiqamətlərindən biridir. Regionda yaşayış fondunun yenilənməsi, sənaye zonalarının yaradılması, yol və körpülərin tikintisi, su və kanalizasiya sistemlərinin modernləşdirilməsi istiqamətində böyük investisiya ehtiyacları mövcuddur. Azərbaycanın tikinti materialları sənayesi son illərdə daxili bazarla yanaşı ixrac imkanlarını da genişləndirib. Sement, armatur, metal konstruksiyalar, keramika məhsulları, plastik borular, elektrik kabelləri və digər tikinti məhsulları Kürdüstan bazarında rəqabət qabiliyyətinə malikdir”.

Deputat dedi ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində də əməkdaşlığın böyük potensialı mövcuddur: “Kürdüstan Regionu bir sıra kənd təsərrüfatı məhsullarını idxal hesabına təmin edir. Azərbaycan isə meyvə-tərəvəz, konserv məhsulları, mineral sular, süd məhsulları, quş əti, şəkər məhsulları və digər ərzaq mallarının istehsalını və ixracını son illərdə artırıb. Bu məhsulların Kürdüstan bazarına çıxışı qeyri-neft ixracının coğrafiyasının genişlənməsinə töhfə verə bilər”.

Deputatın sözlərinə görə, burada enerji sektoru əməkdaşlığın digər strateji istiqamətidir: “Kürdüstan Regionunun dünyanın mühüm karbohidrogen ehtiyatlarına malik ərazilərindən biri olduğu qəbul edilir. Müxtəlif beynəlxalq qiymətləndirmələrə görə, regionun təsdiqlənmiş neft ehtiyatları 40-45 milyard barrel, təbii qaz ehtiyatları isə bir neçə trilyon kubmetr həcmində qiymətləndirilir. Lakin hasilat, emal və nəql infrastrukturu müasir investisiyalara və texnoloji yenilənməyə ehtiyac duyur. Azərbaycanın enerji sektorunda qazandığı təcrübə burada mühüm rol oynaya bilər. Xüsusilə neft-qaz yataqlarının işlənməsi, boru kəmərlərinin idarə olunması, hasilatın optimallaşdırılması, rəqəmsal monitorinq sistemlərinin tətbiqi və enerji infrastrukturunun modernləşdirilməsi istiqamətlərində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Logistika və nəqliyyat sahəsi də xüsusi diqqət tələb edir. Azərbaycan artıq Şərqlə Qərbi birləşdirən Orta dəhlizin əsas iştirakçılarından biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir yolu və müasir avtomobil nəqliyyatı infrastrukturu Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb".

Müsahibimizin sözlərinə görə, bütün bu imkanlarla yanaşı, müəyyən risklər də mövcuddur: “Bağdad və Ərbil arasında neft gəlirlərinin bölüşdürülməsi, büdcə transfertləri və enerji siyasəti ilə bağlı zaman-zaman fikir ayrılıqları yaranır. Bundan başqa, regionun geosiyasi həssaslığı, təhlükəsizlik riskləri və qlobal enerji bazarındakı qiymət dəyişiklikləri investisiya qərarlarına təsir göstərə bilər. Bu səbəbdən əməkdaşlıq mexanizmlərinin hüquqi əsaslarının möhkəmləndirilməsi, investisiyaların qarşılıqlı qorunması haqqında sazişlərin genişləndirilməsi, ikiqat vergitutmanın aradan qaldırılması və biznes üçün əlverişli institusional mühitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Türkiyənin bu əməkdaşlıq formatında iştirakı isə layihələrin iqtisadi səmərəliliyini daha da artırır”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR