ABŞ Prezidenti Donald Tramp həyatına yönələn təhlükələri ciddi qəbul etmir və yaxın çevrəsində bu barədə tez-tez zarafat edir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Semafor saytı Ağ Evdəki mənbələrə, Trampın köməkçilərinə və Konqres üzvlərinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp qapalı görüşlərdə təhlükəsizliyi ilə bağlı məsələlərə ironik yanaşır və mümkün sui-qəsdlər barədə danışarkən zarafat etməyi üstün tutur.
Nəşr qeyd edir ki, Tramp ictimaiyyət qarşısında özünü İran üçün "bir nömrəli hədəf" adlandırsa da, şəxsi söhbətlərdə bu mövzunu nadir hallarda gündəmə gətirir. “Heç kim mənə prezident olmağın bu qədər təhlükəli olduğunu deməmişdi. Əgər desəydilər, yəqin ki, namizəd olmazdım", - deyə Prezident tez-tez bu sözləri işlədib.
Mənbənin sözlərinə görə, Tramp bunu zarafatla söyləsə də, həmin ifadələrin arxasında müəyyən reallıq dayanır.
Nəşr onun təhlükəsizlik məsələlərinə münasibətinə nümunə kimi Ağ Evdə keçirilməsi planlaşdırılan UFC turniri ilə bağlı müzakirələri göstərir. Tədbirin təhlükəsizliyi barədə mümkün terror hücumu ssenariləri izah edilərkən Trampın cavabı belə olub: “Hamımız bir gün öləcəyik!”
Semafor həmçinin xatırladır ki, son iki il ərzində Donald Trampa qarşı dörd sui-qəsd cəhdi qeydə alınıb. 2024-cü ilin iyununda o, son anda yayına bildiyi güllə nəticəsində qulağından yaralanmışdı. Sonuncu sui-qəsd cəhdi isə bu ilin iyununda Ağ Evdə keçirilməsi planlaşdırılan UFC turniri zamanı hücum planının ifşa olunması ilə bağlı olub.
Musavat.com






