Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hərbi-sənaye sahəsində əldə etdiyi son nailiyyətlər və Rusiyanın dərinliklərinə endirilən sarsıdıcı zərbələr barədə dünya mediasının gündəmini sarsıdan bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, dövlət başçısı Ukraynanın ilk dəfə olaraq öz ballistik raketlərini və zərbə pilotsuz uçuş aparatlarını (PUA) uğurla yaratdığını, bu silahların artıq döyüş meydanında real gücə çevrildiyini rəsmən elan edib. Ukrayna liderinin sözlərinə görə, yerli istehsal olan bu yeni silahlar əvvəllər tamamilə əlçatmaz hesab olunan məsafələri asanlıqla qət edərək düşmənin strateji hədəflərini darmadağın edir.
Zelenski Ukrayna ordusunun imza atdığı inanılmaz bir rekordu da açıqlayaraq bildirib ki, döyüş PUA-ları Ukrayna sərhədlərindən düz 2884 kilometr uzaqlıqda yerləşən Omsk Neft Emalı Zavodunu tam dəqiqliklə vurmağı bacarıb. Prezident bu hücumu "tarixi məsafə və tarixi dəqiqlik" adlandıraraq xüsusi vurğulayıb ki, dinc sakinləri, yaşayış binalarını, məktəbləri və kilsələri amansızcasına bombalayan Rusiyadan fərqli olaraq, Ukrayna ordusu yalnız Putinin bu müharibədəki əsas sponsorlarına və onun öldürmək üçün istifadə etdiyi alətlərə zərbə endirir. Bəzilərinin müasir texnologiyalar vasitəsilə Rusiyanı "Orta Əsrlər"ə qaytardıqlarını dediyini, bəzilərinin isə Moskvanın yandırıldığı Napoleon dövrlərini xatırlatdığını deyən dövlət başçısı Kiyev üçün əsas məsələnin pafos deyil, konkret nəticə olduğunu qeyd edib.
Zelenski Ukraynanın ən böyük strateji hədəfini isə bu sözlərlə ifadə edib: "Bizim əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız və müharibəsiz bir Ukraynadır, həmçinin Moskva təhlükəsindən tamamilə azad olmuş, Avropaya inteqrasiya etmiş təhlükəsiz bir qitədir".
Musavat.com






