Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı narahatlıqlara əsas olmadığını deyib.
Musavat.com-un məlumatına görə, o bildirib ki, Naxçıvan Muxtar Respublikası üç dövlətlə həmsərhəddir:
“Bu gün Naxçıvanın müdafiəsi, gələcəkdə baş verə biləcək hadisələr zamanı hansı addımların atılması ilə bağlı fikir mübadiləsi aparmalıyıq”.

Siyavuş Novruzov qeyd edib ki, Tramp marşrutunun Naxçıvandan keçməsi səbəbindən bu mühüm layihənin reallaşdırılması üçün Muxtar Respublikaya əlavə dəstək lazımdır. O cümlədən yolların tikintisi, enerji sahəsində əlavə imkanların yaradılması ilə bağlı:
“Naxçıvanın statusuna gəldikdə, bu, Azərbaycan Respublikası əhalisinin verəcəyi rəydən asılıdır. Ona görə də hər dəfə bu məsələni gündəmə gətirməyə ehtiyac yoxdur”.
Komitə sədrinin sözlərinə əsasən, bir çox layihələr var ki, o layihələr reallaşmağa başlayıb, yeni iş yerlərinin açılması, enerji layihəsi ilə bağlı.
Prezidentin Naxçıvana yeni səlahiyyətli nümayəndə təyin etdiyini bildirən Siyavuş Novruzov bölgədən olan deputatların da vaxtaşırı əhali ilə görüşlərdə lazımi mesajları çatdırdıqlarını qeyd edib.
Əlavə edib ki, Naxçıvan mövzusundan bəzən sui-istifadə edirlər, xüsusilə də xaricdəki casus şəbəkəsi.
Siyavuş Novruzov süni intellektdən istifadə etməklə ayrı-ayrı şəxslərin adı ilə anti-dövlət fəaliyyəti aparılmasından da bəhs edib:
“Biz onlara qarşı iş aparmalıyıq və əhaliyə düzgün olanları izah etməliyik”.
E.Paşasoy,
Musavat.com






