İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətin 400 manata buğda qərarı

396 01.07.2026 14:50 Dünya A A

Ekspert deyir ki, yalnız dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi və subsidiya ayrılması kifayət etmir, ona görə...

Nazirlər Kabineti Azərbaycanda 2026-cı il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 400 manat/ton səviyyəsində müəyyən edib. Bununla bağlı baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət tədarük qiyməti ötən il olduğu kimi saxlanılıb və 2025-ci illə müqayisədə dəyişiklik edilməyib. Xatırladaq ki, Prezidentin 19 iyul 2022-ci il tarixli fərmanına əsasən, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. Bu dəstək mexanizmi yerli buğda istehsalının stimullaşdırılması və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır. Rəsmi statistikaya görə, Azərbaycanda 2025/2026-cı il mövsümündə buğda istehsalı təxminən 1,58 milyon ton olub. Bununla belə, ölkənin illik daxili tələbatı tam şəkildə yerli istehsal hesabına ödənilmir. Nəticədə hər il orta hesabla 1,2-1,3 milyon ton taxıl idxal edilir. İdxalın əsas hissəsi Rusiya və Qazaxıstanın payına düşür. Dövlət tədarük qiymətinin dəyişməz saxlanılması hökumətin yerli istehsalçılar üçün mövcud dəstək mexanizmini davam etdirmək niyyətini göstərir. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, idxaldan asılılığın azaldılması üçün məhsuldarlığın artırılması, suvarma infrastrukturunun yaxşılaşdırılması və yüksək məhsuldar toxum sortlarının tətbiqi istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir. Qeyd edək ki, Azərbaycanda 2025/2026-cı il mövsümündə buğda istehsalı təqribən 1,58 milyon ton təşkil edib. Ölkənin illik daxili tələbatı tam ödənilmədiyindən, tələb olunan həcmin əhəmiyyətli hissəsi - orta hesabla 1,2 - 1,3 milyon ton civarında taxıl xarici ölkələrdən (əsasən Rusiya və Qazaxıstandan) idxal edilib.

Ümumiyyətlə, son illər dünyada baş verən geosiyasi gərginliklər, iqlim dəyişikliyi, logistika problemləri və ərzaq bazarlarında qiymət dalğalanmaları buğdanın strateji məhsul kimi əhəmiyyətini daha da artırıb. Azərbaycan da bu proseslərdən kənarda deyil. Ölkənin çörək təminatının əsasını təşkil edən buğda həm ərzaq təhlükəsizliyi, həm də iqtisadi sabitlik baxımından xüsusi önəm daşıyır. Bu səbəbdən dövlət son illərdə yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması və strateji ehtiyatların gücləndirilməsi istiqamətində bir sıra addımlar atır. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlaması qlobal buğda bazarında ciddi sarsıntılar yaratdı. Dünyanın ən böyük buğda ixracatçıları sırasında olan bu iki ölkədə istehsal və ixracın pozulması nəticəsində qiymətlər rekord həddə yüksəldi. Bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaşadı, bəzi dövlətlər isə ixrac məhdudiyyətləri tətbiq etdi.

Sonrakı dövrdə qiymətlər müəyyən qədər sabitləşsə də, bazarda risklər tam aradan qalxmayıb. İqlim dəyişiklikləri səbəbindən Avropa, Rusiya, ABŞ və digər iri istehsalçı ölkələrdə məhsuldarlığın azalması ehtimalı mütəmadi olaraq gündəmə gəlir. Eyni zamanda daşınma xərcləri və enerji qiymətlərindəki dəyişikliklər də buğdanın maya dəyərinə təsir göstərir. Azərbaycanda gündəlik istehlak olunan əsas qida məhsulu çörəkdir və onun əsas xammalı buğdadır. Buna görə də buğda bazarında baş verən hər dəyişiklik birbaşa ölkədə ərzaq qiymətlərinə, inflyasiyaya və sosial rifaha təsir göstərə bilər. Ekspertlərin fikrincə, Azərbaycanın əsas hədəfi daxili istehsalı artırmaqla idxaldan asılılığı minimuma endirməkdir. Hazırda ölkədə istehlak olunan buğdanın əhəmiyyətli hissəsi xaricdən idxal edilir. Əsas tədarükçü isə Rusiyadır. Bu isə xarici bazarlarda baş verən hər hansı dəyişiklik zamanı müəyyən risklər yaradır. Bu il ölkədə biçin mövsümü fonunda məhsuldarlıq, hava şəraiti, su təminatı və satınalma qiymətləri əsas müzakirə mövzularındandır. Fermerlər yüksək istehsal xərcləri, gübrə və yanacaq qiymətlərinin artmasının gəlirliliyə təsir etdiyini bildirirlər. Digər tərəfdən hökumət ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yerli istehsalın artırılmasını prioritet istiqamət kimi saxlayır. Mütəxəssislərin fikrincə, Azərbaycanın qarşısında duran əsas məqsəd təkcə buğda istehsalını artırmaq deyil. Eyni zamanda məhsuldarlığın yüksəldilməsi, su resurslarından səmərəli istifadə, müasir aqrotexnologiyaların tətbiqi və yüksək keyfiyyətli toxumçuluğun inkişaf etdirilməsi vacibdir. Çünki qlobal qeyri-müəyyənliklərin artdığı indiki şəraitdə buğda artıq sadəcə kənd təsərrüfatı məhsulu deyil. O, ölkənin iqtisadi təhlükəsizliyi, sosial sabitliyi və milli ərzaq təhlükəsizliyinin əsas elementlərindən biri hesab olunur.

Azərbaycanda ət niyə kəskin ucuzlaşdı? – Səbəb açıqlandı - Globalinfo.az

 

Akif Nəsirli

Liberal İqtisadçılar Birliyinin sədri, aqrar sahə üzrə ekspert Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, 2026-cı il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin dəyişdirilməməsi və subsidiyanın əvvəlki qaydada saxlanılması ilk baxışdan fermerlərin maraqlarına uyğun addım təsiri bağışlasa da, bunun istehsalın əhəmiyyətli dərəcədə artmasına səbəb olacağı inandırıcı görünmür. Onun sözlərinə görə, son illərdə gübrə, yanacaq, suvarma, ehtiyat hissələri, əməkhaqqı və digər istehsal xərcləri davamlı şəkildə yüksəlib. Belə bir şəraitdə tədarük qiymətinin sabit qalması fermerlərin gəlirliliyini azaldır, nəticədə onların əlavə investisiya qoymaq və məhsuldarlığı yüksəltmək imkanları məhdudlaşır.

Ekspert hesab edir ki, mövcud subsidiya mexanizmi də gözlənilən effekti vermir. Fermerlər ayrılan subsidiyanın cəmi 25 faizini nağd şəkildə istifadə edə bilir, qalan hissə isə xüsusi kartlar vasitəsilə yalnız müəyyən kənd təsərrüfatı məhsullarının alınmasına yönəldilir:  “Lakin praktikada həmin sistem çərçivəsində keyfiyyətli məhsullara çıxışla bağlı problemlər yaşanır. Bu səbəbdən fermerlər çox vaxt keyfiyyəti aşağı olan gübrə, toxum, herbisid, pestisid və digər vasitələri almağa məcbur qalırlar”.

Akif Nəsirli vurğulayıb ki, məhsuldarlığın yüksəldilməsi istifadə olunan toxumun, gübrənin və bitki mühafizə vasitələrinin keyfiyyətindən birbaşa asılıdır. Onun sözlərinə görə, keyfiyyətsiz və ya təsir gücü zəif olan məhsullarla yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Bu baxımdan fermer subsidiya alsa belə, həmin vəsait istehsalın səmərəliliyini artırmağa xidmət etmirsə, subsidiyanın əsas məqsədi də tam reallaşmır.

Ekspertin fikrincə, Azərbaycanın ərzaqlıq buğda üzrə idxaldan asılılığını azaltmaq üçün təkcə dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi və subsidiya ayrılması kifayət etmir: “Bunun üçün subsidiya mexanizmi fermerlərə daha çevik istifadə imkanı yaratmalı, bazarda keyfiyyətli toxum, gübrə və bitki mühafizə vasitələrinin əlçatanlığı təmin olunmalıdır. Eyni zamanda suvarma sistemlərinin inkişafı, aqrotexniki xidmətlərin genişləndirilməsi və müasir texnologiyalara çıxış imkanlarının artırılması vacibdir. Əks halda, dövlətin bu sahəyə ayırdığı vəsait artsa da, bunun istehsal həcminə və məhsuldarlığın yüksəlməsinə təsiri məhdud qalacaq”.

Afaq MİRAYİQ,
“Yeni MÜSAVAT”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR