İranın Ali Birgə Hərbi Komandanlığı ötən gün Hörmüz boğazının bağlandığını elan edib. Bu barədə İran hərbi dairələrinə istinadən məlumat yayılıb. Məlumata görə, qadağa neft tankerləri və kommersiya gəmiləri də daxil olmaqla bütün dəniz nəqliyyatı vasitələrinə şamil edilir. Açıqlamada bildirilib ki, boğazdan keçməyə cəhd edən istənilən gəmi hədəfə alınacaq.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin mühüm hissəsinin həyata keçirildiyi strateji dəniz marşrutlarından biri hesab olunur. Boğazın bağlanması qlobal enerji bazarlarına və beynəlxalq gəmiçiliyə ciddi təsir göstərə bilər.
Bəs Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatı və enerji bazarları üçün hansı riskləri yarada bilər?
Bu qərar neft və qaz qiymətlərinə qısa və uzunmüddətli perspektivdə necə təsir göstərə bilər? Azərbaycan iqtisadiyyatı üçün bu vəziyyət hansı nəticələr vəd edir?
Liberal İqtisadçılar Birlyinin sədri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyat üçün ən ciddi enerji və logistika risklərindən biri hesab olunur. Dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri bu marşrutdan keçir. Boğazın fəaliyyətinin dayanması neft ixrac edən Körfəz ölkələrinin məhsullarının dünya bazarlarına çatdırılmasını çətinləşdirər, enerji təchizatında qıtlıq yaradar və beynəlxalq yükdaşımaların dəyərini artırar. Eyni zamanda sığorta xərclərinin yüksəlməsi, gəmi marşrutlarının dəyişdirilməsi və ticarət axınlarının ləngiməsi qlobal inflyasiya təzyiqlərini gücləndirə bilər.
Qısa müddətdə belə bir qərar neft və mayeləşdirilmiş qaz bazarlarında kəskin qiymət artımına səbəb ola bilər".
İqtisadçının sözlərinə görə, bazarlar adətən geosiyasi risklərə həssas reaksiya verir və təchizatın azalacağı qorxusu qiymətləri sürətlə yüksəldir: "Əgər boğazın bağlanması uzun çəkməzsə və alternativ marşrutlar işə düşərsə, qiymətlər müəyyən müddətdən sonra sabitləşə bilər. Lakin vəziyyət uzunmüddətli xarakter alarsa, enerji bazarlarında davamlı yüksək qiymətlər formalaşa, istehlakçı ölkələr strateji ehtiyatlardan istifadə etməyə məcbur qala və qlobal iqtisadi artım zəifləyə bilər".
Ekspert əlavə edib ki, Azərbaycan üçün vəziyyət həm imkanlar, həm də risklər yaradır: "Neft və qaz ixrac edən ölkə kimi Azərbaycan enerji qiymətlərinin yüksəlməsindən əlavə gəlirlər əldə edə bilər. Dövlət büdcəsinin gəlirləri və enerji ixracından daxilolmalar arta bilər. Bununla yanaşı, qlobal iqtisadiyyatın zəifləməsi, əsas ticarət tərəfdaşlarında iqtisadi aktivliyin azalması və beynəlxalq maliyyə bazarlarındakı qeyri-müəyyənlik ölkəyə dolayı mənfi təsirlər göstərə bilər. İdxal olunan məhsulların bahalaşması inflyasiya risklərini də artırar. Nəticədə, qısa müddətdə enerji ixracatçısı kimi Azərbaycan müəyyən üstünlüklər qazansa da, uzunmüddətli regional və qlobal sabitsizlik iqtisadi riskləri yüksəldə bilər".
Afaq Mirayiq,
Musavat.com






