İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Kılıç: "Türk və yəhudi xalqları tarix boyu dost olublar, Netanyahu hökuməti isə..."

1064 30.06.2026 12:14 Siyasət A A

Sabiq səfir: İsrail hökumətinin qondarma “soyqırımı” qərarı siyasi sifarişdir, Azərbaycanın mövqeyi isə bütün dövlətlər üçün nümunədir

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İctimai Birliyinin Türkiyə nümayəndəsi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç İsrail hökumətinin Osmanlı dövründə baş vermiş 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasına və bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata münasibət bildirib.

Hulusi Kılıç ilk növbədə Azərbaycanın Xarici İşlər Nazirliyinin qətiyyətli və prinsipial mövqeyini yüksək qiymətləndirərək, rəsmi Bakının qardaşlıq və həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın bəyanatı təkcə Türkiyəyə verilən siyasi dəstək deyil, eyni zamanda tarixi həqiqətlərin, beynəlxalq hüququn və ədalətin müdafiəsidir.

Kılıç bildirib ki, İsrail hökumətinin qəbul etdiyi qərar nə hüquqi, nə tarixi, nə də elmi baxımdan ciddi hesab oluna bilər. Onun fikrincə, bu sənəd obyektiv araşdırmanın deyil, siyasi motivlərin və düşmənçilik hisslərinin məhsuludur.

hulusi.jpg (49 KB)

“Tarixi tarixçilər yazır, siyasəti isə siyasətçilər müəyyənləşdirirlər. Siyasətçilərin tarixi hökmə çevirməsi, tarixçilərin isə siyasi qərar verməsi tarix elminin təhrif edilməsidir”, – deyə Hulusi Kılıç vurğulayıb.

O bildirib ki, 1915-ci il hadisələri onilliklərdir tarixçilər tərəfindən araşdırılır və “erməni soyqırımı” iddialarının siyasi xarakter daşıdığı dəfələrlə sübuta yetirilib. Belə mürəkkəb tarixi proseslərin parlamentlərin və hökumətlərin siyasi qərarları ilə qiymətləndirilməsi nə elmi yanaşmaya, nə də beynəlxalq hüquqa uyğundur.

Hulusi Kılıç hesab edir ki, İsrail hökumətinin bu addımı xüsusilə Qəzza zolağında davam edən faciəli hadisələr fonunda ciddi ziddiyyət təşkil edir.

Onun sözlərinə görə, hazırda Qəzzada minlərlə günahsız insanın həyatını itirməsi, mülki əhalinin ağır humanitar vəziyyətə salınması beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tənqid olunur. Belə bir şəraitdə İsrail hökumətinin başqa xalqlara tarix dərsi keçməyə çalışması inandırıcı görünmür.

“Hitlerin həyata keçirdiyi soyqırımının qurbanı olmuş yəhudi xalqının adından çıxış edən bir hökumətin bu gün Qəzzada baş verənlərə görə ağır ittihamlarla üzləşməsi bütün dünya üçün düşündürücü olmalıdır. Bu, heç bir şəkildə qəbul edilə bilməz”, – deyə o bildirib.

Türkiyənin sabiq səfiri İsrail rəhbərliyinə öz tarixini daha dərindən öyrənməyi də tövsiyə edib.

66128e39dc29566128e39dc296171249208966128e39dc29366128e39dc294.jpg (228 KB)

O xatırladıb ki, 1492-ci ildə İspaniyadan qovulan yəhudilərə məhz Osmanlı dövləti qucaq açmışdı. Sultan II Bəyazidin göstərişi ilə minlərlə yəhudi Osmanlı torpaqlarında sığınacaq tapmış, təhlükəsiz şəraitdə yaşamaq və fəaliyyət göstərmək imkanı əldə etmişdi.

Hulusi Kılıç həmçinin İkinci Dünya müharibəsi illərində də Türkiyənin humanitar mövqeyini xatırladıb. O bildirib ki, nasist təqiblərindən qaçan çoxsaylı yəhudilər Türkiyə diplomatlarının verdiyi pasportlar sayəsində xilas edilmiş, Türkiyə limanları yəhudi qaçqınlarını daşıyan gəmilər üçün açıq saxlanılmışdı.

Onun sözlərinə görə, türk və yəhudi xalqları tarix boyu dostluq münasibətləri içərisində yaşayıblar. Lakin son illərdə İsrail hakimiyyətinin apardığı siyasət bu tarixi münasibətlərə ciddi zərbə vurur.

“Keçmişini bilməyənlərin gələcəyi qaranlıq olur. İsrail hökuməti ilk növbədə öz tarixini öyrənməlidir”, – deyə Kılıç vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına toxunan Hulusi Kılıç qeyd edib ki, sənəddə çox mühüm məqamlar əksini tapır.

Onun sözlərinə görə, bəyanatda 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin siyasi məqsədlərlə təhrif edilməsinin qəbuledilməz olduğu açıq şəkildə göstərilir. Eyni zamanda vurğulanır ki, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi beynəlxalq münasibətlərə xidmət etmir.

Kılıç bildirib ki, Azərbaycanın bəyanatında bu cür addımların barışığa və qarşılıqlı anlaşmaya deyil, əksinə, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olduğu xüsusi qeyd edilir. Bu cür qərarlar regionda uzunmüddətli sülh və etimad mühitinin formalaşmasına maneə yaradır.

israil-baki-12-900x532.jpg (150 KB)

Onun fikrincə, rəsmi Bakının İsrail hökumətini qəbul etdiyi qərara yenidən baxmağa çağırması da məhz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır.

Hulusi Kılıç diqqətə çatdırıb ki, Azərbaycanın bəyanatında ölkənin tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcəyi qəti şəkildə ifadə olunur.

Türkiyəli diplomat hesab edir ki, bu yanaşma bütün dövlətlər üçün nümunə olmalıdır.

Onun fikrincə, Türkiyə ilə Azərbaycanın nümayiş etdirdiyi qardaşlıq və həmrəylik digər dost və qardaş ölkələr tərəfindən də dəstəklənməli, onlar da oxşar bəyanatlarla tarixi həqiqətlərin müdafiəsində ortaq mövqe sərgiləməlidirlər.

Sonda Hulusi Kılıç Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkürünü ifadə edərək bildirib ki, qardaş ölkələr hər zaman tarixi faktlara, beynəlxalq hüquqa və həqiqətə söykənən məsələlərdə bir-birinin yanında olmalıdır.

Onun sözlərinə görə, Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqe təkcə Türkiyə ilə həmrəyliyin deyil, həm də tarixi ədalətə və beynəlxalq hüquqa sadiqliyin nümunəsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR